Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Kərimli müxalifətin söz meydanını inhisara almağa çalışır

Əli Kərimli müxalifətin söz meydanını inhisara almağa çalışır

Bu adamda elə bir maniya – özündənrazılıq yaranıb ki, bütün müxaliflər mat qalıblar. İroniya ilə deyirlər ki, indiyədək heç bir müxalifət təmsilçisi bu qədər “inkişaf etməmişdi”. “Monopoliya”dan danışanda yüzlərlə adamı hədəfə götürən, “inhisarçılıq” deyəndə tanıdığı adamların yarısını ittiham edən AXCP sədri yavaş-yavaş “müxalifətin söz mülkünün” baş monopolistinə çevrilir. Özü də bunu bilməzlikdən deyil, bilərəkdən edir ki, xaricdən söylənilməli olan “çox sağ ol!”ların vahid ünvanına çevrilsin. O, indiyədək Məhəmməd Əmin Rəsulzadənin, Azərbaycan Xalq Cümhuriyyətinin digər təmsilçilərinin və Əbülfəz Elçibəyin məzarı üstündə qəbiristanlıq mitinqləri təşkil edirdisə, indi bir az da irəli gedərək, şəhidlərin dəfn günlərindən də bəhrələnməyə çalışır. Şəhid pilotun dəfn olunduğu gün də belə bir addım atmaq istədi və mərhumun qohumları nakam zabitin həlak olmasından şou düzəltmək istəyənlərə imkan vermədilər. 

Mərhumun ailə üzvlərinin bu addımının AXCP sədrinə olan münasibəti göstərdiyini yaxşı başa düşən Əli Kərimli ağzını açıb-gözünü yumdu ki, İlham Əliyev məni şəhidlərin dəfninə buraxmır. Ona deyən də yoxdur ki, səni 20 Yanvar şəhidlərinin anım gününə buraxmışdılar. Sən oradakı KİV təmsilçilərinin çoxluğundan istifadə edərək Vətən uğrunda həlak olmuş şəhidlərin xatirə gününü siyasi aksiyaya çevirmək istədin. İndi kim sənə inanar ki, həmin tədbirdə camaatın əsəbləri ilə oynamayacaqsan?
Bu adam, sözün həqiqi mənasında, təhrikçiliyin və təxribatçılığın ustasıdır. Bir faktı yada salaq. Baş Prokurorluqda aparılmış araşdırmalarla Bakı şəhər sakini Tofiq Yaqublunun “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmağa xidmət etməklə insanların hakimiyyət əleyhinə qanunsuz hərəkətlərə sövq edilməsinə, onların qanunsuz etiraz aksiyaları keçirməyə təhrik olunmasına, habelə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat xarakterli cəhdlər etməsi müəyyənləşdirilib.
Kütləvi informasiya vasitələrinin Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinə istinadən yaydığı məlumatda bildirilir ki, bununla əlaqədar Tofiq Yaqublu Baş Prokurorluğa dəvət edilib. Ona “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönələn, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
Yəni, ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər qanunazidd hərəkətlər yolverilməzdir və onların qarşısı qətiyyətlə alınacaqdır.
Sanki Əli Kərimliyə də elə bu lazım imiş. Dərhal özünün “Facebook” səhifəsində şivən qaldırdı ki, Milli Şura Koordinasiya Mərkəzinin və Müsavat partiyası divanının üzvü Tofiq Yaqublunu prokurorluğa çağırıb, xəbərdarlıq ediblər ki, çox sərt yazırsan: “ Tofiq bəy Qarabağ savaşından keçib, qızı Nərgizi gənc yaşlarında itirib, digər qızı Nigar müasir Azərbaycanın ilk qadın siyasi məhbusu olub, özü şəxsən uzunmüddətli siyasi məhbus həyatı yaşayıb, bu gün də kürəkəni Seymur Həzi siyasi məhbusdur. 10 ilə yaxındır ki, Tofiq bəyin ailəsindən kimsə siyasi məhbusdur və bu ailə həbsxana yollarındadır. Tofiq bəy qarşılaşdığı bütün çətinlikləri ləyaqətlə dəf edib, hər cür repressiyaya mərdliklə sinə gərib. Belə bir insanı qorxutmaq, ona senzura tətbiq etmək fikrinə düşmək bir tərəfdən rejimin ağılsızlığına dəlalət edirsə, digər tərəfdən də onların çarəsizliyini göstərir.”
Bu təhrikçinin sitat gətirdiyimiz sətirlərində Nikol Paşinyanın “Azərbaycanın gücü çatırsa, Dağlıq Qarabağı geri alsın!” kimi sarsaq ritorikasının “kserosurəti”ni görürük. Paşinyan Azərbaycan Ordusunun gücünə bələd olsa da, istəyir ki, biz hərbi əməliyyatlara başlayaq və onun ölkə daxilində verdiyi vədlər tamamilə yaddan çıxsın. Əli Kərimli isə iqtidarı ağılsızlıqda və çarəsizlikdə ittiham etməklə bu sözlərə görə kəskin təzyiqlərə məruz qalacağını gözləyir. Əgər elə bir təzyiq olarsa, dərhal xaricdən qrant istəyəcək ki, bizi tək qoymayın. Amma unudur ki, iqtidarda kəmağıl adam yoxdur.
O ki qaldı, Tofiq Yaqublunun qızlarına, indi Azərbaycanda hər ay onlarca gənc avtomobil qəzasında həlak olur. Onların arasından Tofiq Yaqublunun qızının adını qabartmaqla nə qazanırsınız? Tofiq Yaqublunun digər qızının “siyasi məhbus” olmasına gəlincə isə, deyə bilərik ki, Azərbaycan qanunları hansısa günahı olmayan gəncin qərəzli şəkildə həbsinə imkan versəydi, onda Əli Kərimlinin yağ-bal içərisində, eyş-işrətlə yaşayan oğlu qala-qala Tofiq Yaqublunun qızı nə üçün həbs olunurdu? Yəni bu ittihamlar da Əli Kərimlinin digər bəyanatları kimi tamamilə əsassız və uydurmadır.
Yeri gəlmişkən, Prezidentin köməkçisi Əli Həsənovun bu yaxınlarda yayılan bir məqaləsi Əli Kərimli başda olmaqla müxalifət düşərgəsini əməlli-başlı silkələyib. Çünki Prezidentin köməkçisi həmin məqaləsində yaxın tariximizə bir daha işıq tutaraq, AXCP sədrinə çox da öyünüləsi olmayan siyasi keçmişini xatırladıb, onun xatırlamaq istəmədiyi faktları sadalayıb və layiq olduğu yeri göstərib. Əli Həsənovun Kərimlinin timsalında radikal müxalifət qanadına hücum etməsini müxtəlif yerlərə yozanlar yaxşı olardı ki, “Keşikçidağ” məsələsində AXCP sədrinin antimilli, provakativ və qərəzli mövqeyinə nəzər yetirəydilər. O, var gücü ilə ictimai rəyi manipulyasiya edib hakimiyyəti təzyiq altına salmağa və ölkəmizi yeni toqquşmaya sürükləməyə çalışırdı. Ehtimal etmək çətin deyil ki, “Keşikçidağ” məsələsi Əli Kərimlinin rəhbər vəzifədə təmsil olunduğu AXC-Müsavat cütlüyünün fərsiz hakimiyyəti dövründə baş versəydi, Azərbaycan yeni bir böhrana yuvarlanacaqdı”.
İndi qalır qlobal istiləşmənin, iqlim dəyişmələrinin əsas səbəbkarının tapılmasına. Əgər Əli Kərimli və “Milli Şura” bu məsələni ciddi araşdırsalar, “məlum olacaq” ki, planetdəki iqlim dəyişmələrinin də əsas səbəbkarı elə Azərbaycan iqtidarıdır.

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

24 2019 15:24 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə