Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Atlant” İstirahət və Əyləncə Mərkəzi turizmin inkişafına öz layiqli töhfələrini verir

“Atlant” İstirahət və Əyləncə Mərkəzi  turizmin inkişafına öz layiqli töhfələrini verir

Turizm  ölkəmizin  sürətli inkişafının  prioritet sahələrindən biridir. Şübhəsiz ki,  son illər turizm sahəsində  qazanılan nailiyyətlərdə  bu sahədə  fəaliyyət göstərən şirkətlərin, istirahət və əyləncə müəssisələrinin müstəsna rolu var. Onların sırasında turistlərə yüksək xidmət səviyyəsi ilə seçilən Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Atlant” İstirahət və Əyləncə Mərkəzinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Mərkəzin rəhbəri Tahir Qədəşov 2000-ci ildən turizm sahəsində fəaliyyət göstərir. Prezident İlham Əliyev  26 sentyabr 2017-ci il tarixli sərəncamı ilə ölkədə turizmin inkişafındakı xidmətlərinə görə  onu  “Tərəqqi” medalı ilə təltif etmişdir.

Tahir müəllim son illər bu istirahət mərkəzində, eləcə də ölkədə turizmə göstərilən dövlət qayğısından danışarkən dedi ki, cənab Prezident 2006-cı ildə şimal bölgəsinə səfəri zamanı “Atlant”la da tanış olub. Dövlət başçısı burada yaradılan şəraiti yüksək qiymətləndirərək, turizmin inkişafı üçün ölkəmizdə kifayət qədər potensialın olduğunu, istirahət mərkəzinin genişləndirilməsinin vacibliyini bildirdi və turizmin gələcək tərəqqisi üçün səylərin daha da artırılmasını tövsiyə etdi. Həmin gün bu istirahət ocağının tarixində ən qiymətli səhifədir. Dövlətimizin başçısının tapşırıq və tövsiyələri o gündən fəaliyyət proqramımıza çevrilib.
 “Atlant” mərkəzi son illər tamamilə yenilənib. Böyüklər və uşaqlar üçün yeni hovuzlar tikilib, akvaparklar inşa olunub. Altımərtəbəli 120 yerlik otel istifadəyə verilib. Bu gün “Atlant” kifayət qədər turist qəbul etmək imkanına malikdir. Ərazisi 14,6 hektar olan “Atlant” İstirahət və Əyləncə Mərkəzi ilin bütün fəsillərində turistləri qəbul etməyə hazırdır. Bu şəraitin yaradılmasında ölkə başçısının dəstəyini hər zaman hiss etmişik. Qeyd edim ki, fəaliyyətimiz həmişə yüksək qiymətləndirilib, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin, “Consulting Biznes” jurnalının fəxri fərmanları ilə təltif ­olunmuşuq.
Söhbət zamanı T. Qədəşov Prezident İlham Əliyevin bu sözlərini diqqətə çatdırdı: “Turizmin inkişafı növbəti reallıqdır. Son bir-iki il ərzində bu sahədə sürətli inkişafı görürük. Yerlərdəki turizm mərkəzlərində mənə deyirlər ki, xüsusilə yay aylarında və əsas turizm mövsümündə otellərdə yer olmur. Ona görə, yeni otellərin tikintisi mütləq təmin edilməlidir. Yerli icra orqanları şərait yaratmalıdırlar, yerlər ayırmalıdırlar və özəl sektor bu sahəyə fəal investisiya qoymalıdır”. 
 Həqiqətən də belədir. Biz turizmin inkişafı üçün ölkəmizin potensialından tam istifadə edə bilmirik. Amma bu sahədə həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan yaxın dövr ərzində bu sahədə əhəmiyyətli nailiyyətlər qazanacaq və inkişaf etmiş turizm ölkələri sırasına qatılacaq. Bu, şübhəsizdir. Dövlətimiz turizm sənayesinin gələcəkdə daha da sürətli tərəqqisinin təminatı üçün hər cür şərait yaradır.
Həmsöhbətim bildirir ki, turizmin inkişafı ilə bağlı son vaxtlar ölkə Prezidenti bir neçə sərəncam imzalayıb və onların icrası istiqamətində tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının 2016-cı il 1 sentyabr tarixli “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında”, habelə 20 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamları ölkədə qeyri-neft sektorunun perspektivli sahələrindən olan turizmin inkişafına əhəmiyyətli təsir göstərib. Cənab Prezidentin də qeyd etdiyi kimi, “ASAN viza” sistemi ölkəmizə səfər edən əcnəbi vətəndaşların sayının qısa müddətdə sürətli artımını təmin edib. Biz də bunu hiss edirik. Bu gün “Atlant”a gələn xarici turistlərin sayının kifayət qədər artması bunun əyani təzahürüdür.
Turizm sahəsində sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi ilə bağlı fikirlərini də bizimlə bölüşən şirkət rəhbəri dedi: “Strateji Yol Xəritəsində qeyd olunur ki, ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması bu sahənin qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsini, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsini, regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasını, yeni turizm marşrutlarının yaradılmasını, habelə rəqabətədavamlı qiymət təklifinin təminatını zəruri edir. Bu məqsədlə “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 1 sentyabr 2016-cı il tarixli sərəncamında müvafiq dövlət qurumlarına bir sıra tapşırıqlar verilib. Bütün bunlar turizm sektorunda əsaslı yeniliklərin olacağına ümidləri artırır”.
Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz azad sahibkarlığın inkişafına daim diqqət göstərib və ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayıb: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”.
Azərbaycan sahibkarları hazırda dövlət başçısı cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunubdur. İş adamları bundan ruhlanaraq qeyri-neft sektorunun inkişafında, əhalinin daimi iş yerləri ilə təmin olunmasında, ölkəmizin ixrac potensialının artmasında və sosial layihələrin icrasında fəallıq göstərir, bütün səylərini Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə, ölkəmizin daha da qüdrətlənməsinə səfərbər edirlər.
Tahir müəllim bildirdi ki, cənab Prezident çıxışlarında dəfələrlə sahibkarlıq sahəsində yoxlamaların aparılmasına münasibət bildirib. Ölkə başçısı 20 oktyabr 2015-ci ildə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər” barədə fərman imzalayıb. Bunun biz sahibkarlar üçün çox mühüm əhəmiyyəti var. Belə ki, əvvəllər 14 təşkilatdan yoxlama gəlirdi. Onlarla işləmək həm vaxt aparırdı, həm də müəyyən çətinliklər ortaya çıxırdı. Bu da işin səmərəli təşkilini çətinləşdirirdi. İndi artıq bu maneələr arxada qalıb. 2021-ci ilə qədər belə yoxlamalar dayandırılıb. Yalnız vergidən gələn yoxlamalar istisna təşkil edir.
 Tahir müəllim onu da dedi ki, yeni iş yerlərinin yaradılmasında, insanların işlə təmin olunmasında bölgələrdə yaradılan biznes obyektləri əhəmiyyətli rol oynayır.
Qeyd etdi ki, “Atlant” turizm mərkəzi dənizin sahilindədir. Burada əsasən yay turizmi üçün əlverişli şərait var. Qışda da turistləri qəbul edirik. Onların istirahəti üçün lazımi tədbirlər görürük. Gələcəkdə qış turizmi üçün yeni avadanlıqlar quraşdırmaq, xizək idmanı üçün şərait yaratmaq mümkündür. Buna isə vaxt və vəsait lazımdır.
Bu gün turistlərə yüksək səviyyəli xidmət təklif edirik. Bu baxımdan mərkəzimiz, mən deyərdim ki, Türkiyənin Antalya bölgəsindəki turizm obyektləri ilə müqayisə olunan səviyyədədir. Düzdür, bəzi xidmətlərdə biz Türkiyədən geri qalırıq. Bunun da səbəbləri var. Birinci səbəb odur ki, bizdə turizm mövsümü çox qısadır, təxminən iki ay təşkil edir. 
Tahir müəllim qiymətlərlə bağlı da məlumat verdi. Dedi ki, turizmlə bağlı keçirilən bir çox tədbirlərdə bu mövzunun müzakirəsinin şahidi olmuşam. Amma bu müzakirələrdə əksər vaxt bölgələrdə yerləşən turizm mərkəzlərinin rəhbərləri iştirak etmir və məsələnin əsas məğzi də bilinmir. Bizdə qiymətlər yetərincə aşağıdır. 
Bu gün məqsədimiz ölkə Prezidentinin turizmin inkişafı ılə bağlı tapşırıq və tövsiyələrıni davamlı olaraq yerinə yetirməkdən ibarətdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti” 

 

 

24 2019 12:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə