Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“ABŞ yeni razılaşma üçün müzakirələrə hazırdır”

“ABŞ yeni razılaşma üçün müzakirələrə hazırdır”

“Reuters” agentliyinin yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatlarının ortamənzilli yerüstü qanadlı raketin sınağı barədə bəyanatından sonra Rusiya Federasiyası və Çin Xalq Respublikası BMT Təhlükəsizlik Şurasını (TŞ) toplantıya çağırıblar. Məlumata görə, rəsmi Moskva və Pekin təşkilata müraciət edərək üzv ölkələrdən Vaşinqtonun “beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən” bu addımına münasibət bildirməsini xahiş ediblər. Onlar BMT Təhlükəsizlik Şurasının (TŞ) 15 üzvünün təcili olaraq toplanmasını tələb ediblər. Eyni zamanda, təşkilatın tərksilah məsələləri üzrə nümayəndəsi İzumi Nakamitsuya da bu məsələ ilə bağlı müvafiq bəyanat verilməsi ilə bağlı müraciət ünvanlanıb.

Xatırladaq ki, avqustun 19-da ABŞ-ın Müdafiə Nazirliyi yerüstü qanadlı raketin uğurlu buraxılışı barədə bəyanat verib. Moskva və Pekin hesab edirlər ki, bu addım 1987-ci ildə Birləşmiş Ştatlar və Sovet İttifaqı arasında imzalanan və cari ilin avqustunda ləğv olunan orta və yaxınmənzilli raketlərin ləğvi barədə sazişin şərtlərinə ziddir. Bəyanatda bildirilir ki, sınaqdan keçirilən raket özünün yerüstü mobil buraxıcı qurğusundan çıxıb və start meydançasından 500 kilometr məsafədə yerləşən hədəfi dəqiqliklə vurub.
Pentaqonun rəhbəri Mark Esper isə “Fox” telekanalına müsahibəsində deyib ki, raketin sınağı ABŞ-ın son vaxtlar Rusiya, Çin və Şimali Koreyanın aqressiv hərəkətlərinə cavabıdır. O deyib: “Biz əmin olmaq istəyirik ki, Çinin pis davranışı və təcavüzkar addımına layiqincə cavab verə biləcəyik”.
Biz materialımızı çapa hazırlayarkən öyrəndik ki, BMT Təhlükəsizlik Şurası toplanaraq Çin və Rusiyanın qaldırdığı məsələni müzakirə edib. Rusiyanın ­BMT-dəki daimi nümayəndəsinin köməkçisi Dmitri Polyanski ABŞ-ın İNF razılaşmasından çıxmaqla bu ölkənin silah yarışına hazırlaşdığını anons edib.
BMT-də ABŞ-ın ikiüzlülüyünü ifşa etmək məqsədilə toplandıqlarını bildirən rusiyalı diplomat strateji sabitlik və təhlükəsizliyi saxlamaq üçün ABŞ-la hər cür dialoqa hazır olduqlarını ifadə edib.
Çinin BMT-dəki daimi nümayəndəsi Zanq Cun isə deyib ki, ABŞ-ın İNF anlaşmasından çıxması qəbuledilməzdir.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Conatan Kohen isə bildirib ki, Rusiya 10 ildən çoxdur İNF anlaşmasını pozub və ABŞ-ın 6 il müddətinə Rusiyanı anlaşmaya tabe olması haqqında çağırışlarından sonra razılaşmadan çıxıb.
Amerikalı diplomat qeyd edib ki, razılaşmanı pozan Rusiya Avropanı vurmaq üçün “9M729” raketlər hazırlayıb. O deyib: “Rusiya və Çin silahlarını inkişaf etdirməkdə davam etdiyi təqdirdə ABŞ-ın bunu seyr etməsini gözləyir”.
Diplomat onu da qeyd edib ki, İNF razılaşmasına daxil olmasına ehtiyac duyulan Çində 2 minə yaxın qadağan edilən silah kateqoriyasına aid raketlər var. O, əlavə edib ki, ABŞ Rusiya və Çinin də daxil olacağı yeni razılaşma üçün müzakirələrə hazırdır.

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

 

24 2019 11:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə