Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə İdlibdə müşahidə məntəqələrini gücləndirir

Əraziyə əlavə canlı qüvvə və zirehli texnika göndərilib

Türkiyə İdlibdə müşahidə məntəqələrini gücləndirir

“Anadolu” agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Suriyanın şimal-qərbindəki deeskalasiya zonasına əlavə canlı qüvvə, zirehli texnika, başqa silah-sursat göndərilib. Məqsəd İdlibdəki hərbi müşahidə məntəqələrini gücləndirməkdir. Xatırladaq ki, Türkiyə, Rusiya və İran liderləri arasındakı Soçi razılaşmasına əsasən Türkiyə İdlibdəki deeskalasiya zonasının daxili perimetri üzrə 12 müşahidə məntəqəsi yaradıb. 

Lakin son günlər Əsəd rejimi xarici havadarlarının dəstəyi ilə əraziyə kəskin hücumlar təşkil edir. Bu günlərdə Xan-Şeyxun şəhəri ağır döyüşlərdən sonra hökumət qüvvələrinin nəzarətinə keçib. Hərbçilər arasında hər iki tərəfdən çox sayda ölən və yaralananlar var. 
Dinc sakinlər arasında da itkilərin sayı artıb. Suriya Vətəndaş Hüquqlarının Müdafiəsi Təşkilatının (SNHR) məlumatına görə, hava zərbələri nəticəsində bu il aprelin 26-dan avqustun 19-dək azı 843 mülki şəxs həlak olub. Onların arasında uşaq, qadın və qocalar da var. 
Bu günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İdlibdəki vəziyyəti rusiyalı həmkarı Sergey Lavrov ilə telefonla müzakirə edib. Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova söyləyib ki, Rusiya Suriyanın İdlib bölgəsindəki vəziyyətlə əlaqədar Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək.
Zaxarova deyib: “İdliblə bağlı həm terrorçulara qarşı mübarizəni davam etdirməyə, həm də mülki şəxslərin təhlükəsizliyini təmin etməyə yönəlmiş bütün razılaşmalara ciddi şəkildə əməl etməyi vacib sayırıq. 17 sentyabr 2018-ci il tarixli Soçi memorandumu çərçivəsində Türkiyə ilə qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik”.
Sonda bildirək ki, bu il sentyabrın 16-da Ankarada Türkiyə, Rusiya və İran prezidentlərinin sammiti planlaşdırılıb. Liderlərin görüşündə Suriya münaqişəsinin həlli yolları müzakirə olunacaq.

 

M.HACIXANLI, 
“Xalq qəzeti”

 

24 2019 11:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə