Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəxtiyar Haqverdiyev: “Gəncədən başqa ölkəyə, başqa şəhərə xəstə getməməlidir...”

Bəxtiyar Haqverdiyev: “Gəncədən başqa ölkəyə, başqa şəhərə xəstə getməməlidir...”

Bəxtiyar Haqverdiyev üç aydır ki, Gəncə Şəhər Səhiyyə İadarəsinə rəhbərlik edir. Bu vəzifəyə Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimliyindən gəlib. Gənc olmasına baxmayaraq artıq xeyli təcrübəyə malikdir. Onun ən başlıca iş keyfiyyətlərindən biri xəstəliklərin vaxtında profilaktikasını həyata keçirmək, qarşıya çıxa biləcək problemlərin aradan qaldırılması üçün düzgün təhlil aparmaqdan ibarətdir. Bu baxımdan Gəncə səhiyyəsində görüləsi içlər çoxdur. İdarə rəisi ilə qısa söhbətimizdən məlum oldu ki, istər maddi-texniki bazanın möhkəmləndirilməsi, istərsə də həkimlərin peşəkarlığı, xəstə-həkim əlaqələrinin düzgün qurulması baxımından kompleks tədbirlər nəzərdə tutulub.

- Gəncə səhiyyəsinin potensial imkanları böyükdür, deyə Bəxtiyar Haqverdiyev bildirir- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa köməyi və dəstəyi ilə qədim Nizami yurdunda bu sahədə az iş görülməyib.Elə təkcə A.Səhhət adına Mərkəzi Xəstəxanada yaradılan şərait buna əyani misaldır. Lakin gəlin görək biz bu imkanlardan necə istifadə edirik? Həkimlərimiz öz işlərinə məsuliyyətləmi yanaşırlar, peşəkarlıqlarını artırmaq üçün öz üzərlərində işləyirlərmi? Təvəzökarlıqdan uzaq olsa da bu vəzifəyə təyin olunan gündən həmin işlərlə məşğulam. Azərbaycanın ikinci böyük bir şəhərindən başqa şəhərlərə müalicə almağa getmək bizim üçün bağışlanmazdır və biz elə bir şərait yaratmalıyıq kl, insanlar həkimlərimizə inansınlar. Səhiyyə nazirimiz Oqtay Şirəliyev Gəncədə yüksək tibbi xidmət göstərmək üçün ən müasir avadanlıqların alınıb gətirilməsində həmişə maraqlı olub və bu gün də müraciətlərimiz cavabsız qalmır, bizə konkret köməklik göstərir. Belə olan halda biz nəyi gözləməliyik? Sadəcə məsuliyyət hissini gücləndirməli, hər cür neqativ halların kökünü kəsməliyik.

Ana ölümü hallarının hələ də baş verməsi bizi ciddi düşündürməlidir. İşə başladığım günün ertəsi tapşırıq verdim ki, uçotda dayanan hamilə qadınların sayını dəqiqləşdirib açıqlasınlar. Gəncə kimi bir şəhərdə, əhalisinin sayı 400 min nəfərə çatan şəhərdə cəmi 400 nəfərin uçotda dayandığı barədə mənə məlumat verəndə dəhşətə gəldim. Yenidən dəqiqləşdirmə apardıq, bu işlə bir neçə gün ciddi məşğul olduq. Məlum oldu ki, onların sayı 4000 min nəfəri keçir. Lakin bu da işin hələ başlanğıcıdır. Çünki başlıca iş həmin qadınların sağlamlığı haqqında düzgün məlumat əldə etmək, aşkar olunan xəstəliklərin vaxtında müalicəsidir. Xəstəni müalicə olunmadan doğuş masası üzərinə götürməyin özü bir cinayətdir...

Səhiyyə idarəsinin yeni rəhbərinin həyati vacib məsələlərə belə münasibəti gələcəyə nikbin baxmağa, Gəncədə tezliklə bu sahədə uğurlu addımların atılacağına inam yaradır. Bir məsələni də qeyd edək ki, Bəxtiyar Haqverdiyev özü çox tanınmış bir cərrahdır, tibb elmləri namizədidir. Təbii ki,onun da təcrübəsindən yararlanacaqlar.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

12 2018 10:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin