Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərəb tələbələrin ATU-da təcrübəsi yekunlaşıb

Ərəb tələbələrin ATU-da təcrübəsi yekunlaşıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Rak şəhərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin tələbələri ATU-da təcrübədə olublar. 3 həftə davam edən təcrübə zamanı 3-cü kurs tələbələri ATU-nun Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarında müalicə işi üzrə biliklərini artırıblar. Ərəb tələbələr bu müddət ərzində klinikalarda keçirilən əməliyyatlarda iştirak edib, treninq mərkəzlərində keçirilən tədbirlərə qatılıblar.

BƏƏ-dən olan tələbələrin ATU rəhbərliyi ilə görüşündə elmi işlər üzrə prorektor dosent Rauf Bəylərov universitetdə hər il dünyanın müxtəlif ölkələrindən olan tələbələrin təcrübə keçdiyini, aparıcı mütəxəssislərin ATU-da qonaq olduğunu bildirib: “Biz dünyanın aparıcı universitetləri, bilik mərkəzləri ilə münasibətləri daha da genişləndiririk. Bura tələbə mübadiləsi ilə yanaşı, elmi işlərin mübadiləsi, müştərək elmi araşdırmalar, birgə startup ideyaların reallaşdırılması və s. aid etmək olar”. R.Bəylərov ərəb tələbələrə müvəffəqiyyətlər arzulayıb.

Birləşmiş Ərəb Əmirliklərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Sabrin Ali Azim əməkdaşlıq üçün şəraitin yaradıldığına görə ATU rəhbərliyinə, xüsusi olaraq rektor Gəray Gəraybəyliyə təşəkkürünü bildirib. Qeyd edib ki, son illər ATU-da ciddi islahatların aparılması müşahidə olunur və artıq bu islahatlar müsbət nəticəsini verməkdədir. Sabrin Ali Azim ATU ilə əməkdaşlığın gücləndiriləcəyini və gələcəkdə daha çox birgə layihələrin icra olunacağından əminliyini bildirib.

Görüşdə ATU-nun beynəlxalq əlaqələr şöbəsinin mübadilə proqramları üzrə koordinatoru Müşfiq Orucov da iştirak edib.

Sonda ATU-da təcrübə keçən BƏƏ-li tələbələrə sertifikatlar təqdim olunub. Gənclər kursdan məmnun qaldıqlarını, ATU-da keçdikləri təcrübənin onların gələcək karyeralarına ciddi fayda verəcəyini bildiriblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2019 14:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə