Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Strateji yol xəritələrində nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilir

Strateji yol xəritələrində nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilir

Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Yəni, bütün lazımi tədbirlər görülüb. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr – milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanda son 15 ildə dinamik inkişaf ardıcıl təmin edilib və sevindirici hal ondan ibarətdir ki, cari ilin birinci yarısında da ölkə iqtisadiyyatında müsbət nəticələr əldə olunub, dinamik inkişaf templəri qorunub saxlanılıb. Bütün bunlar isə son illər ərzində reallaşdırılan düşünülmüş iqtisadi siyasətin, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kompleks işlərin, investisiya mühitinin əlverişliliyinin nəticəsində mümkün olub. 

Prezident İlham Əliyev bununla bağlı deyib: “Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyat dayanıqlı surətdə inkişaf etsin, bir sektordan – neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir...”.
Dövlət başçısı neft və qazdan asılılığın azaldılması, qeyri-neft sektorunun sürətli inkişafı, sərmayə qoyuluşlarının artırılması, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş infrastruktur layihələrinin tam icrası, xüsusilə sosial infrastrukturla bağlı məsələlərin həlli, qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması, məktəblərin tikintisi və təmiri, yeni Olimpiya idman komplekslərinin istifadəyə verilməsi, yeni yolların salınması, enerji sisteminin ən müasir əsaslarla idarə edilməsi istiqamətində mühüm vəzifələr müəyyənləşdirib. Həmin vəzifələrin böyük bir hissəsi sosial-iqtisadi sahələrə dair strateji yol xəritələrində də öz ifadəsini tapıb. 
Prezident İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanıb. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir.
Dövlətimizin başçısının müvafiq fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə deyilir: “2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində respublikada iqtisadi artım sürətinin yavaşıması, institusional və struktur çağırışlar, tədiyə balansı və qeyri-neft büdcə kəsiri, maliyyə-bank sektorunda baş verən proseslər fonunda Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaranıb. Davamlı inkişafı təmin edəcək yeni “avanqard” sektorların üzərində fokuslanmaqla, iqtisadiyyatın strukturu qeyri-ticari bölməyə nisbətən ticari bölmənin, hasilata nisbətən emalın, dövlət sahibkarlığına nisbətən özəl sahibkarlığın, aşağı texnologiya tutumlu sektorlara nisbətən yüksək texnologiyalara əsaslanan sektorların, aşağıixtisaslı əməyə nisbətən yüksəkixtisaslı əməyə əsaslanan sahələrin, azgəlirli bazarlara nisbətən yüksəkgəlirli bazarların və aşağı dəyər yaradan sektorlara nisbətən yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən balanslaşacaqdır. Milli iqtisadiyyatın strukturunun yenilənməsi biznes mühitinin daha da yaxşılaşdırılması, ortamüddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiq edilməsi, maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə mümkün olacaqdır”.
Strateji yol xəritələrinin icrasına başlanılan vaxtdan indiyədək bu çərçivədə mühüm işlər görülüb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, ölkədə islahatlar uğurla davam edir. İki il ərzində strateji yol xəritələri 52 faiz icra olunub. Bu, deməyə əsas verir ki, belə bir önəmli proqram 2020-ci ilin sonuna qədər yerinə yetiriləcək və beləliklə, respublika bütün sahələrdə irəliləyişə nail olacaq. 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində bir müddət bundan əvvəl keçirilən mətbuat konfransında adıçəkilən qurumun icraçı direktoru Vüsal Qasımlı vurğulamışdı ki, iqtisadi qanunauyğunluğa müvafiq şəkildə strateji yol xəritələri çərçivəsində həyata keçirilən tədbirlər ilk uğurlu nəticələrini verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatda 2017-ci ildə sabitləşdirmə, 2018-ci ildə canlanma və 2019-cu ildə yüksək artım tempi təmin olunub. Strateji yol xəritələrində qarşıya qoyulan əsas icra göstəricisi – ÜDM-in 3 faizdən çox həddə artımı təmin edilib, post-neft dövründə iqtisadiyyatın yeni artım nöqtələri müəyyən olunub, dünyada 25-ci ən əlverişli biznes mühiti yaradılıb və milli iqtisadiyyat davamlı inkişaf mərhələsinə daxil olub. 
V.Qasımlının sözlərinə görə, bu il yanvarın 1-nə strateji yol xəritələri üzrə fəaliyyətlərin 43 faizi icra edilib, 9 faizi qismən icra olunub və 48 faizinin icrası isə gözlənilir. 
“Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin icrası nəticəsində makroiqtisadi koordinasiya və makroiqtisadi sabitlik təmin edilən, büdcə qaydaları (“qızıl qayda”), ortamüddətli xərclər çərçivəsi, dövlət borcu üzrə strategiya, pul proqramı, vergi və gömrük islahatları, özəlləşdirmə gündəliyi, Məşğulluq Strategiyası, İşsizlikdən sığorta sistemi və icbari tibbi sığortanın pilot tətbiqi kimi fəaliyyətlər həyata keçirilib. Biznes islahatları satınalma, elektron məhkəmə, elektrikə qoşulma, tikinti icazələri, əmlakın qeydiyyatı, daşınar əmlakın yüklülüyü, elektron qaimə – faktura, “Yaşıl dəhliz” və onlayn ixrac ərizəsi kimi sahələri əhatə edib. Azexport.az və Rəqəmsal Ticarət Qovşağı platformaları yaradılıb, ticarət nümayəndəlikləri, ixrac missiyaları, ticarət evləri və ixrac subsidiyaları kimi təşviq metodları istifadə edilib. 
“Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” çərçivəsində aqrar sahədə ali təhsilin inkişafı, o cümlədən məzunların işlə təminatına müvafiq köməyin göstərilməsi, “ikili diplom” proqramlarının tətbiqi, paytaxt və regionlarda müasir standartlara uyğun ət kəsimi məntəqələri şəbəkəsinin qurulması, meyvə-tərəvəz məhsullarının saxlanılması üçün, eləcə də taxılçılıq regionlarında kiçik və orta həcmli soyuducu anbarların yaradılması, yükdaşıma xidmətlərinin inkişaf etdirilməsi, “Made in Azerbaijan” brendinin beynəlxalq aləmdə tanıdılması istiqamətində hədəf ölkələrə ixrac missiyaları, Aqrar Tədqiqatlar Mərkəzi və Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradılması istiqamətində işlər görülüb. Görülmüş işlərin nəticəsi olaraq 2017-ci ildə kənd təsərrüfatı 2016-cı illə müqayisədə faktiki qiymətlərlə 4,2 faiz artıb. İqtisadiyyatın bu sektorunun dinamik inkişafı 2018-ci ildə də davam edib. Belə ki, ötən il kənd təsərrüfatında ümumi məhsul istehsalı faktiki qiymətlərlə 7 milyard manat olub ki, bu da 2017-ci illə müqayisədə 4,6 faiz artım deməkdir.
“İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində “tax free”, “e-Viza”, Azərbaycan Turizm Bürosu, ölkənin brendi, loqosu və sloqanı, turizmin marketinq strategiyası, turizm sərgilərində turoperatorların iştirakı, xaricdə Azərbaycan Turizm Agentliyinin nümayəndəliklərinin yaradılması, Bakıda ilk dəfə Ticarət Festivalı və turizm təqvimi kimi tədbirlər həyata keçirilib.
“Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, “Lisenziyalar və icazələr” portalı və İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. 
“Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində yerli bazarda ehtiyaclara uyğun yeni təhsil proqramları (kurikulumlar) hazırlanıb, bir sıra peşə təhsili müəssisələrində proqramların pilot olaraq tətbiqinə başlanılıb. Habelə milli kontent, alüminiuma tələbatın yerli xammal və istehsal gücləri hesabına qarşılanması, “Enterpriseazerbaijan.com portalı”, Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodu və polad boru istehsalı sahəsində fəaliyyətlər həyata keçirilib. 
“Logistika və ticarət üzrə Strateji Yol Xəritəsi” çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu, Astara-Astara dəmir yolu və Abşeron Logistika Mərkəzinin açılışı olub. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2018-ci ildə 229,9 milyon ton yük, 2 milyard sərnişin daşınıb və hər biri üzrə daşınma 2017-ci illə müqayisədə 1,5 faiz artıb. Yüklərin 64,9 faizi avtomobil, 25,4 faizi boru kəməri, 6 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.
“Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb, kommunal xidmətlər sektorunda dövlət qurumları arasında qarşılıqlı ödəməmə üzrə problemi aradan qaldırılıb və kommunal xidmət səviyyəsinin yüksəldilməsi və genişləndirilməsi məqsədilə “ASAN Kommunal” mərkəzləri yaradılıb. Qazpaylama infrastrukturu olmayan ərazilərdə qazpaylama şəbəkəsinin yaradılması və modernləşdirilməsi üçün baş plan hazırlanıb. Tikinti və istismar üçün icazələrin alınması “bir pəncərə” prinsipi əsasında elektron şəkildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet saytı üzərindən həyata keçirilməsi təmin edilib, sahibkarların tikinti obyektlərinin elektrik enerjisi şəbəkəsinə qoşulması prosesi sadələşdirilib. Hazırda respublika üzrə qazlaşdırma səviyyəsi 95 faizə çatıb və bu istiqamətdə işlər görülməkdə davam edir. Əhalinin fasiləsiz içməli su ilə təminatı ölkə üzrə 69 faizə, Bakı şəhəri üzrə isə 81,5 faizə yüksəlib. Bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta qonşu ölkələrə də elektrik enerjisi ixrac edir.

V.BAYRAMOV,
“Xalq qəzeti”

 

23 2019 12:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə