Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radikal müxalifət cəmiyyətdən təcrid olunur

Sağlam qüvvələr Vətənə xəyanət edənlərin qarşısına sipər çəkənlərdir

Radikal müxalifət cəmiyyətdən təcrid olunur

Ölkəmizin bütün sahələr üzrə inkişafı, dünyada reytinqinin getdikcə yüksəlməsi antiazərbaycan dairələri və radikal müxalifət nümayəndələrini təşvişə salıb. Hər bir hadisədən öz məqsədləri üçün istifadə etməyə çalışan belələri artıq cəmiyyətdən təcrid olunmaq üzrədir. Onların yalan və böhtanları o həddə çatıb ki, artıq toy şənliklərinə, hüzn mərasimlərinə də dəvət olunmurlar. Çünki toylarda və hüzn mərasimlərində əhalinin çoxluğundan istifadə edib öz çirkin niyyətlərini həyata keçirməyə cəhd edir, bununla da adət-ənələrimizə zidd olaraq çaşqınlıq yaratmaq istəyirlər.

Bir neçə il əvvəl belə bir hadisə Saatlı rayonunun Azadkənd kəndində – AXCP sədri Əli Kərimlinin doğulub boya-başa çatdığı kənddə də baş vermişdi. Həyətində oğluna kiçik toy edən kənd sakini deyir ki, Bakı şəhərindən dəvət etdiyi qonaqlar arasında tanımadığı bir qadın da var idi. Heç kimin gözləmədiyi bir halda, həmin qadına söz verilməsə də, ­o mikrofonu götürüb toyu mitinqə çevirmək istədi və müxtəlif şüarlar səsləndirdi. Toy sahibi mikrofonu həmin qadının əlindən alıb, onu və yanındakıları həyətdən qovdu. Kənd sakinləri də toy sahibinə qoşularaq el şənliyini mitinqə çevirmək istəyənlərin hərəkətlərini pisləyiblər. Sonradan məlum olub ki, toyda mitinq şüarları səsləndirən AXCP sədri Əli Kərimlinin müavini Gözəl Bayramlı imiş.

Belə mərasimlərdən öz çirkin niyyətlərini həyata keçirmək istəyən radikal müxalifət nümayəndələri, guya, əhalinin onları dəstədiklədiyini “sübut etmək” istəyir. Elə biri Gözəl Bayramlı. Həmin toyda göstərdiyi şoudan bəhrələnmək üçün müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə deyirdi ki, yerlərdə əhali bizim tərəfimizdədir. Ancaq bu şoudan çox istifadə edə bilmədi. Çünki toy sahibi onu tanımadığını, toya dəvət etmədiyini və xüsusi adamlar tətəfindən təlimatlandırılıb göndərildiyini dedi. Bu hadisədən sonra radikal müxalifət nümayəndələri nə toy, nə də hüzn mərasimlərinə dəvət olunurlar. 
Bu günlərdə təlim uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olması hamımız üçün sarsıdıcı xəbər oldu. Bütün Azərbaycan bu hadisədən kədərlənmişdi. Ordumuz üçün gərəkli olan bir hərbçinin həlak olması hamını sarsıtdı. Ancaq tadikal müxalifətin əlinə sanki yeni bir fürsət düşmüşdü. Bu hadisədən də öz məqsədləri naminə istifadə etmək üçün dəridən-qanbıqdan çıxırdılar. Ancaq pilotun yaxınları bunu hiss edib vaxtında qarşısını aldılar.
“Müxtəlif siyasi partiya üzvlərindən və siyasi qruplardan sabah keçiriləcək vida mərasiminə qatılmamağı xahiş edirik”. Bu sözləri həlak olmuş pilot R.Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib. O, radikal müxalifətin siyasi riyakarlığından xəbərdar bir şəxs kimi, belə hadisələrdən dərhal öz xəbis niyyətlərini həyata keçirmək məqsədilə istifadə edəcəklərini çox yaxşı bilir. Ona görə də R.Atakişiyevlə vida mərasimindən müxtəlif siyasi məqsədlər üçün istifadə etmək arzusunda olan şəxslərə müraciət edərək bildirdi ki, ailəmiz çox çətin, ağır və kövrək bir dönəmdən keçir. Ailəmizin, hətta xalqımızın sevimlisi, rəşadətli pilotumuz Rəşad Atakişiyevi itirmişik. Mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir: “Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi dividend əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik ki, sabah keçiriləcək vida mərasiminə qatılmasınlar. Rica edirəm ki, bu ağrılı günümüzdə bizi başa düşsünlər".
Göründüyü kimi, artıq radikal müxalifət nümayəndələri cəmiyyətdən təcrid edilir. Xalq onları toy şənliklərində, hüzn mərasimlərində görmək istəmir. Bu rüsvayçılıqdan hələ də nəticə çıxarmayanlar xarici ağalarına verdikləri vədə və aldıqları qranta görə, yenə də başları girməyən yerə bədənlərini soxmağa çalışırlar. 
Baş Nazirin müavini, YAP sədrinin müavini–icra katibi Əli Əhmədov radikal müxalifətin milli adət-ənənəmizə yad olan, toy şənliklərindən, hüzn mərasimlərindən öz şəxsi məqəsədləri üçün istifadə edib “Biz də varıq” – deyib şou göstərmələri milliliyimizə ləkədir: “Bu, hər şeydən əvvəl bir ailənin faciəsidir. Ondan kiminsə siyasi məqsədlə istifadə etməyə çalışması insanlığa yaraşmayan hərəkətdir. Müxalifət bu hadisədən özü üçün dividend qazanmaq istəyirsə, mən bunu insan ləyaqətinə sığmayan hərəkət hesab edirəm. Digər tərəfdən isə bu formada ucuz təbliğat aparmaq heç bir siyasi təşkilata başucalığı gətirməz. Mərhumun ailəsi bu faciədən siyasi məqsədlə istifadə edilməsini aydın şəkildə dərk edir. Hətta məcbur qalaraq müraciət yayıb ki, siyasi dividend məqsədilə buraya heç kim gəlməsin. Bu bəyanatın özü də ailə üçün çox ağırdır. Təsəvvür edin ki, ailə hansı vəziyyətdə belə bir bəyanatı səsləndirməyə məcbur olub”. 
Göründüyü kimi, xarici ağalarının sifarişlərini yerinə yetirməkdən ötrü, milli adət-ənənələrimizi də gözdən salmaqdan çəkinməyən xəyanətkarlar insanların qəlbində nifrət hissi yaradan davranışları ilə özlərinə hörmət qazanmaq istəyirlər. Ancaq aldıqları qrantlar gözlərini necə qamaşdırıbsa, bir ailənin başına gələn faciəni belə görmürlər. Əslində, insanlarda ikrah hissi doğuran və nifrətlə qarşılanan bu hərəkətlərlə siyasi dividend qazanmaq mümkün deyil. Əsl siyasətçi xalqı, kütləni özünə, dediklərinə inandırmalı, yalan vədlər verməməlidir. Digər tərəfdən, özünü vətənpərvər kimi göstərməyə çalışanlar 1992–1993-cü illərdə hakimiyyətdə olduqları vaxt ölkədə baş verənləri, xalqın başına gətirdikləri müsibətləri, törətdikləri qardaş qırğınını, müstəqilliyimizi məhvə apardıqları günləri xatırlasınlar. O çətinlikləri, qarşıdurmaları, xaosu, anarxiyanı, özbaşnalığı görən xalq bu səbatsızlarla yenidən bir araya gələrmi? Əsla yox! Artıq onların riyakarlığı, çirkin məqsədləri hər bir kəsə bəllidir. Ə.Əhmədovun dediyi kimi: “Siyasətlə məşğul olan insan, hər şeydən əvvəl, elə olmalıdır ki, xalq ona inanmış olsun. Özünü bu cür vətənpərvər göstərməyə çalışmaqla hörmət qazanmaq mümkün deyil. Çünki hər kəs bilir ki, bu, tamamilə riyakarlıqdır, qeyri-səmimi bir hərəkətdir və bununla siyasi nüfuz qazanmaq, siyasi dividendlər əldə etmək mümkün deyil. Mən bunu qətiyyətlə pisləyirəm. Bu, birinci hal deyil ki, müxalifət ucuz vasitələrlə özünə hörmət qazanmağa çalışır. Ancaq məsələ o həddə çatıb ki, bir ailə müraciət edir: “Mənim yasımı, kədərimi siyasiləşdirməyin”.
Hazırda dünyada yaşayan azərbaycanlılar ölkəmizin ­bugünkü inkişafı ilə fəxr edir və qürur hissi keçirirlər. Xüsusilə, 2016-cı ilin Aprel döyüşlərində Silahlı Qüvvələrimizin Ermənistan ordusuna “verdiyi dərsdən”, 23 ildən artıq düşmən əsarətində qalmış torpaqlarımızın azad edilməsindən, ardınca Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı, ümumilikdə, 11 min hektar ərazinin nəzarətimizə keçməsi hər bir soydaşmızın hədsiz sevincinə səbəb olub. Artıq düşmən tərəfi və dünya birliyi də şahidi oldu ki, Azərbaycan Ordusu dünyanın ən güclü ordularındandır. 
Bütün bunlar vətənpərvər insanları nə qədər sevindirirsə, radikal müxalifəti bir o qədər kədərləndirir. Hər birimiz, doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın öz ata-baba yurdlarına qayıdacağı günü səbirsizliklə gözlədiyimiz bir vaxtda, o gün artıq uzaqda deyil, bəzi üzü dönüklər xarici qüvvələrin təsiri ilə ölkəmizə qarşı çirkin kampaniya aparır, milli-mənəvi dəyərlərimizi təhqir edirlər. Mühacirətdə olan bəzi insanlar öz milli-mənəvi borclarını, Vətəni Azərbaycanı, elini-obasını unudaraq, antizərbaycan qüvvələrin verdikləri bir qarın çörəyə xalqımızı, dövlətimizi təhqir edir, azərbaycanlı adına ləkə gətirirlər. 
Radikal müxalifətin saxta sənədləri ilə “siyasi mühacir” olanlar ­xarici qüvvələrin təsiri altında həyata keçirdikləri antiazərbaycan fəaliyyətləri ilə dövlətimizə və xalqımıza qarşı xəyanət etməklə özlərini pis vəziyyətə qoyurlar. Artıq belələrinin yalanlarına inanan yoxdur. Hətta onlara qrant verənlər də eyni sözləri eşitməkdən beziblər. 
Əli Əhmədovun yazdığı kimi, Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələri, o cümlədən, siyasi baxışlarından asılı olmayaraq, vətənpərvər insanları ölkəniin suverenliyinə, müstəqilliyimizə qarşı şər-böhtan, qara yaxan xəyanətkarlara dərhal cavab verməli, antiazərbaycan qüvvələrə satılmış radikal müxalifət nümayəndələrinə layiq olduqları yeri göstərməlidirlər.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

23 2019 11:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə