Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəbhə bölgəsində gülüstana çevrilən Füzuli

Yurd sevgisinin erməni vandallığı üzərində qələbəsi

Cəbhə bölgəsində gülüstana çevrilən Füzuli

Hər il avqustun son ongünlüyündə ölkəmizdə daha bir ümummilli faciənin ildönümü– 23 avqust Füzuli və Cəbrayıl rayonlarının işğalı günü sonsuz təəssüf, dərin kədər və ağrı ilə yad edilir. O böhranlı və fəlakətli yay aylarında, Ağdamın itirilməsindən bir ay sonra Azərbaycanda yaranmış kəskin hərbi-siyasi qarşıdurmadan istifadə edən Ermənistan Füzuli və Cəbrayıl rayonlarını da işğal etdi. Yaxın keçmişin hərbi-siyasi tarixinə doğru-düzgün yanaşma, bugünə və gələcəyə məsuliyyət hissi ilə yad etdiyimiz bu acı tarix ümummilli qeyrətə səsləyən, soydaşlarımızı Qarabağda tezliklə düşmən üzərində qazanacağımız ədalətli qələbəyə yönləndirən bir ibrət dərsi kimi qan-qadalı həqiqətləri ilə yenidən gözlərimiz önündə canlanır.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin müstəqilliyini yenicə qazanmış və beynəlxalq birliyə tamhüquqlu üzv qəbul edilmiş Azərbaycanın daha bir bölgəsini də zorakı yolla ələ keçirilməsini hərbi təcavüz aktından dərhal sonra işğal faktı kimi qiymətləndirdi, tutulmuş ərazinin qeyd-şərtsiz azad edilməsini birmənalı olaraq tələb etdi. Lakin dünyada sülh və ədalətə sarsıdıcı zərbələr vuran ikili standartlar səbəbindən digər bölgələrimiz kimi, Füzuli və Cəbrayıl da 26 ildir ki, düşmən tapdağında qalıb. 

Ötən dövrdə Azərbaycanın düşmənin hərbi təzavüzünə onun həyata keçirmiş olduğu hərbi yolla son qoymağa, itirilmiş torpaqlarını geri qaytarmağa, vəhşi qəsbkarları sərhədlərimizdən qovub çıxarmağa hərtərəfli imkanı və gücü çatsa da, Ermənistanı bu təcavüzə şirnikləndirmiş və indiyədək açıq-gizli himayə edən dairələr “siyasi danışıqlar prosesi”nin alternativsizliyi bəhanəsi ilə iki ölkə arasında müharibə vəziyyətinin əsassız surətdə uzanmasına şərait yaratmışdır. 
Füzuli rayonunda keçirilən ənənəvi anım tədbirlərində bütün bunlarla yanaşı, onun ötən illərdə bir rayon kimi yaşaması və problemlərinin həlli ilə bağlı gerçəkləşdirilən məqsədyönlü və davamlı dövlət siyasətinin uğurlarından da qədirbilənliklə söhbət açılır.
1963-cü ildə keçmiş Qaryagin rayonunun əsasında yaradılmış, 1386 kvadratkilometr ərazisi, 1 şəhəri, 1 şəhər tipli qəsəbəsi, 75 kəndi və başqa yaşayış məntəqələri olan Füzulidə işğal ərəfəsində 105 min nəfər sakin məskunlaşmışdı. Ermənistanın ölkəmizə 1988-ci ildən başlayan təcavüzünə qarşı mübarizədə bütün rayon əhalisi ayağa qalxmış, minlərlə füzulili doğma yurdunu qorumuş, düşmən hücumlarının şiddətləndiyi aylarda səngərlərdə döyüşmüşdür.  
1993-cü il avqustun 23-də isə Ermənistan ordusu Füzulinin 51 kəndini və rayon mərkəzini işğal etmişdir. Rayonun bütün dinc əhalisi bir günün içində ev-eşiyini, bütün əmlakını arxada qoyaraq doğma torpaqlarından didərgin düşmüşdür. Mühasirədən çıxa bilməyən yüzlərlə adam vəhşicəsinə öldürülmüş və əsir götürülərək işgəncələrə məruz qalmışdır. Ümumilikdə, düşmənin silahlı basqınlarının qarşısının alınmasında 667 nəfər füzulili şəhid olmuş, 181 nəfər itkin düşmüşdür. Döyüşlərdə böyük hünər göstərən 6 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. Düşmənin 5 il davam edən hücumları nəticəsində 1450 nəfər müxtəlif dərəcədə yaralanmış, 753 nəfər əlilə çevrilmişdir. 36 min 361 nəfər uşaq hərbi münaqişənin hədəfinə tuş gəlmiş, onlardan 155 nəfəri yetim qalmışdır. 
Həmin günlərdə xalqımızın, eləcə də talenin ümidinə qalmış füzuliliərin təkidli tələbi ilə hakimiyyətə qayıdıb kəskin vətəndaş qarşıdurmasını həmrəyliyə və milli birliyə yönləndirən ümummilli lider Heydər Əliyev düşmənin davamlı basqınlarının və hərbi-siyasi müxalifətin müdhiş xəyanətkarlıqlarının qarşısını alaraq rayonun xeyli ərazisini işğaldan xilas etmiş, çöllərə səpələnmiş, hara gəldi pənah aparmış insanların yerləşdirilməsini, nicat tapmasını təşkil etmişdir. Ulu öndər az sonra xalqın əksəriyyətinin dəstəyi ilə ölkə Prezidenti seçildikdən, Ali Baş Komandan olaraq orduda nizam-intizam yaratdıqdan, silahlı qüvvələrdə vahid komandanlığı təmin etdikdən dərhal sonra uğurlu əks-hücum əməliyyatlarına start vermişdir. 
1994-cü il yanvarın əvvəllərində Prezident Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti ilə həyata keçirilən uğurlu Horadiz əməliyyatı nəticəsində Füzulinin işğal olunmuş Arazqırağı 21 kəndi və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edilmişdir. 
Bu əməliyyat düşmənə və onun havadarlarına xilas yoluna çıxmış Azərbaycanın qüdrətli lideri Heydər Əliyevin rəhbərliyi ilə torpaqlarını qorumağa və başıpozuqluq səbəbindən itirilmiş ərazilərini geri qaytmağa qadir olduğunu göstərmişdir. Füzuli cəbhəsində qazanılmış bu qələbə sonrakı aylarda düşmənin ölkəmiz üçün zəruri olan atəşkəsə məcbur edilməsində hərbi güc amili kimi də önəmli olmuşdur. O zaman ulu öndərin gerçəkləşdirdiyi operativ zəruri tədbirlər nəticəsində geri qaytarılmış ərazilərdə normal həyat ahəngi bərpa edilmiş, ilkin mərhələdə 40 min dinc sakinin rayonda məskunlaşdırılması təmin edilmişdir. 
Ötən illərdə işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi, məcburi köçkünlərin sosial problemlərinin aradan qaldırılması və regionların sosial-iqtisadi inkişafı kimi irimiqyaslı dövlət proqramları, Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi bir sıra layihələr, eləcə də xarici humanitar aksiyalar Füzuli rayonunun ölkənin digər bölgələri səviyyəsinə gəlib çatmasına, hətta bəzi sahələrdə daha üstün mövqelərə çıxmasına şərait yaratmışdır.
Hazırda rayonun işğaldan azad edilmiş ərazilərində 39 yaşayış məntəqəsi hərtərəfli bərpa-quruculuq tədbirləri ilə bölgədə yaraşıqlı bir şəhərə və rayon mərkəzinə çevrilmiş Horadizdə, 21 bərpa edilmiş kənddə və məcburi köçkünlər üçün salınmış 17 qəsəbədə rayonun sayı 133 minə çatmış əhalisinin böyük bir hissəsi məskunlaşmışdır. Rayon üzrə 21 bələdiyyə fəaliyyət göstərir. Son illərdə ölkə başçısı İlham Əliyevin müstəsna diqqət və qayğısı, birbaşa rəhbərliyi və nəzarəti ilə rayonda kompleks bərpa-quruculuq tədbirləri sürərlə davam etdirilmiş, bir sıra infrastruktur layihələri uğurla gerşəkləşdirilmişdir. 
Füzulinin işğalının növbəti ildönümü ilə bağlı rayonda və füzulililərin yığcam məşkunlaşdıqları bölgələrdə keçirilən builki anım tədbirlərində bütün bunlar barədə dərin razılıqla söhbət açılır, ümummilli lider Heydər Əliyevin böyük bir ərazinin düşməndən azad edilməsində və yenidən məşkunlaşmasında oynadığı müstəsna rol qədirbilənliklə yada salınır. Bu toplantılarda dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərə, işğaldan xilas edilmiş bölgələrə qayıtmış əhaliyə göstərdikləri hərtərəfli diqqət və qayğıdan da minnətdarlıqla söhbət açılır. Həmin görüşlərdə son bir ildə və ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafında əldə edilmiş yeni nailiyyətlərdən ətraflı bəhs olunur, həllivacib problemlərə və növbəti hədəflərə diqqət yetirilir.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə işğalın ildönümü ilə bağlı ümumrayon toplantısı ərəfəsində görüşüb söhbət etdik. Rayon rəhbəri bildirdi ki, ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərlə, işğaldan azad edilmiş ərazilərlə bağlı formalaşdırdığı dövlət siyasəti, Prezident İlham Əliyevin rəhərliyi ilə həyata keçirilən dövlət proqramları və önəmli layihələr nəticəsində rayon öz mövcudluğunu qoruyub saxlamışdır. Ötən illərdə dövlətin fəal, irimiqyaslı və davamlı dəstəyi ilə düşmənin qarət edib, yandırıb xaraba qoyduğu ərazilər yüksək səviyyədə bərpa edilərək ölkənin başqa bölgələri kimi inkişaf etdirilmişdir.
İlin əvvəlindən rayon iqtisadiyyatında məhsul istehsalının ümumi həcmi 50,2 milyon manat təşkil etmiş, ötən ilə nisbətən 0,3 faiz artım qeydə alınmışdır. Adambaşına düşən ümumi məhsul 0,1 faiz artaraq 378,8 manata çatmışdır. Ümumi məhsulun 24,7 milyon manatlığı (49,2 faiz) istehsal, 25,5 milyon manatlığı isə (50,8 faiz) xidmət sahələrinin payına düşür. Sənayedə 8,3 milyon manatlıq (16,5 faiz), kənd təsərrüfatında 16,4 milyon manatlıq (32,6 faiz), tikintidə 2,8 milyon manatlıq (5,6 faiz), nəqliyyat və rabitədə 0,7 milyon manatlıq (1,4 faiz), ticarətdə 22 milyon manatlıq (43,9 faiz) yeni dəyər yaradılmışdır. Rayon büdcəsinə vergilərdən 3 milyon manatadək – əvvəlki ilin müvafiq dövründəkindən 1,9 faiz çox vəsait daxil olmuşdur. 
Sənaye fəaliyyəti ilə məşğul olan müəssisələrdə istehsal olunmuş məhsul əvvəlki illə müqayisədə 3,1 faiz ­artmışdır.  
Alı Alıyev söhbətin davamında vurğuladı ki, Füzuli rayonunun iqtisadiyyatında kənd təsərrüfatı aparıcı yer tutur. Aqroiqlim xüsusiyyətinə görə münbit torpaqlar və mülayim iqlim şəraiti bölgədə kənd təsərrüfatının inkişafına əlverişli şərait yaradır. İşğal və məcburi köçkünlük şəraitində bütün mal-qarası düşmən əlinə keçmiş və tələf olmuş rayonda indi 37 min başadək iri mal, 140 min başadək davar, 376 min başadək quş bəslənir. İlin əvvəlindən 1,7 min ton ət, 13,4 min ton süd, 247,6 ton yun, 49,7 ton barama istehsal olunmuşdur. Bitkiçilik sahəsində əkinlərin sahəsi genişləndirilmiş, rayon rəhbərliyi bu mövsümdə məhsul istehsalının artırılması üçün lazımi tədbirlər görmüşdür. 
Taxılçılıqda və baramaçılıqda rayon ölkə miqyasında öncül mövqe qazanmışdır. Zaman-zaman istifadəsiz qalmış Haramı düzünün xam torpaqlarında son dövrdə bir neçə ixtisaslaşdırılmış taxılçılıq təsərrüfatı yaradılmışdır. Füzuli 100 min tondan çox taxıl istehsal edən rayonlar sırasında mövqeyini bu il də qoruyub saxlamışdır. Pambıqçılıq və digər ənənəvi təsərrüfat sahələri də ildən-ilə inkişaf etdirilir.
Öyrəndik ki, son illərdə həyata keçirilən zəruri tədbirlər nəticəsində rayonda məşğul əhalinin sayı 60,7 min nəfərə yüksəlmişdir.  
Orta aylıq əməkhaqqı rayon üzrə 325 manat, o cümlədən dövlət müəssisələrində 321,3 manat, özəl bölmədə isə 220,6 manat olmuşdur.
Rayon əhalisinin mədəni tələbatını ödəmək üçün 43 kitabxana, 23 klub və 1 dram teatrı, 3 muzey fəaliyyət göstərir. Səhiyyə şəbəkəsində sakinlərə 8 xəstəxana, 34 ambulator-poliklinika, 1 dioqnostika mərkəzi xidmət göstərir. Xəstəxana çarpayılarının sayı hazırda 595-ə çatmışdır. Əhalinin hər 10 min nəfərinə düşən həkimlərin sayı 9, orta tibb işçilərinin sayı isə 36 nəfərdir.
İşğal olunmuş ərazilərin məskunlaşmasında ilkin uğurlu poliqonlardan biri olmuş Füzuli rayonu hazırkı hərtərəfli inkişafı ilə düşmənlə üzbəüz cəbhə zonasında ona gözdağıdır. Qalibiyyətli Aprel döyüşləri zamanı ön cəbhəyə ən yaxın arxa-dayaq olmuş füzulililər yaxınlaşan qələbəmizə də bütün varlıqları ilə inanır, tezliklə bütövləşəcək rayonun daha böyük nailiyyətləri üçün möhkəm zəmin yradırlar. 
Füzuli rayonunun işğaldan azad edilmiş məntəqələrinin dövlətin əsaslı yardımı ilə böyük bir gülüstana çevrilməsi çağdaş dünyanın ən böyük insani cinayətlərini törətmiş, Qarabağda ələ keçirdiyi azərbaycanlı məskənlərini yandırıb külə döndərmiş ermənilərin vandallığı və miskinliyi üzərində qazanılmış ümummilli nailiyyətlərimizdən biri, böyük qələbəmizin xoş müjdəsidir.

Tahir AYDINOĞLU,
 Ziyəddin SULTANOV, 
“Xalq qəzeti”

 

 

23 2019 11:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə