• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli maraqların təmin olunmasına yönəlmiş uğurlu xarici siyasət davam etdirilir

Milli maraqların təmin olunmasına yönəlmiş uğurlu xarici siyasət davam etdirilir

Xarici siyasətin mahiyyəti istənilən dövlətin hədəf götürdüyü konkret məqsədlərlə və dövlətin bu hədəflərə nail olması üçün həyata keçirdiyi vasitələrlə müəyyən edilir. Aydındır ki, bu vasitələr hər bir dövlətin ictimai-siyasi quruluşundan və onun sosial-iqtisadi inkişaf səviyyəsindən, eləcə də dövlətin beynəlxalq problemlərin həllində nümayiş etdirdiyi fəallıq dərəcəsindən də asılıdır. 
Bu gün Azərbaycanın hərtərəfli inkişaf səviyyəsi ölkəmizi beynəlxalq münasibətlərin mühüm aktoruna çevirməklə yanaşı, həm də milli təhlikəsizliyimizin, o cümlədən ərazi bütövlüyümüzün təmin edilməsinə yönəlmiş fəal diplomatik fəaliyyət göstərməyimizə də münbit şərait yaratmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxaspektli xarici və daxili siyasət nəticəsində nəinki lokal sosial-iqtisadi məsələlər, eləcə də, regional əhəmiyyətli bir sıra layihələrin həyata vəsiqə qazanmasına və dövlətlərarası əlaqələrin daha da güclənməsinə gətirib çıxarmışdır.
Hər bir müstəqil dövlət milli maraqlarına uyğun müxtəlif istiqamətli daxili və xarici siyasət yürüdür. Dövlətin daxili siyasəti xalqın maddi və mənəvi tələbatının fasiləsiz təmin edilməsinə yönəldilir, xarici siyasət isə bu vəzifələrin yerinə yetirilməsinə xidmət edir. Başqa sözlə ifadə etsək, ölkə daxilində gedən proseslərdən və qarşıya qoyulan vəzifələrdən irəli gələn siyasi xətt dövlətin beynəlxalq münasibətlər sahəsində mövqeyini və həyata keçirdiyi xarici siyasətinin istiqamətlərini, habelə xarakterini və prinsiplərini müəyyənləşdirir. Bu mənada xarici siyasəti dövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn, ölkənin milli mənfeləri ilə xarici aləmin maraqları arasında sivil birgəyaşayış qaydaları və normaları əsasında uyğunlaşdırılmış, uzlaşdırılmış münasibətlər sistemi yaratmağa xidmət edən məqsədyönlü fəaliyyət növü kimi xarakterizə etmək olar. 
Azərbaycan dövləti də xarici siyasətinin konseptual əsaslarını, Konstitusiyanın 10-cu maddəsində yazıldığı kimi, başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Ulu öndər Heydər Əliyev deyirdi ki, “respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”.  
Ötən illər illər ərzində ümummilli liderin əsasını qoyduğu uğurlu xarisi siyasət konsepsiyası Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirir və belə siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlərin nüfuzlu subyektinə çevrilmişdir.
Dövlət başçımız həmişə bildirir ki, xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasətinin prinsipiallığı və müstəqilliyi ilə seçildiyini vurğulayan Prezident İlham Əliyev bunun əsas səbəbini, əlbəttə ki, güclü siyasi iradənin mövcud olması ilə əlaqələndirir. Ölkə başçısının güclü siyasi iradəsi sayəsində bu gün Azərbaycan müstəqil siyasət aparır. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərir. Son illər ərzində daxili və xarici siyasət sahələrində əldə olunmuş misilsiz uğurlar Azərbaycan Prezidentinin məharətli diplomat və xalqın iradəsinin güclü ifadəçisi olduğunu bir daha təsdiqləyir. Danılmaz faktdır ki, bu gün Azərbaycan istər daxili, istərsə də xarici siyasətini xalqın istəyinə uyğun həyata keçirir. Ölkəmizin xarici siyasətdə əsas götürdüyü prioritetlər də məhz xalqımızın milli mənafeyinə xidmət edir. 
Təsadüfi deyil ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatların fəal üzvü və qurucusudur. BMT, ATƏT, Avropa Şurasının üzvü, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq təşkilatların fəal iştirakçısıdır. Eyni zamanda, Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurucularından biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə dövlətimiz öz milli maraqlarını gerçəkləşdirir. Ən əsası, sadalanan beynəlxalq təşkilatlarla əməkdaşlıq və tərəfdaşlığın hərtərəfli intensivləşməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, bir sıra transregional layihələrin reallaşmasına və digər strateji əhəmiyyətli layihələrin perspektivinə işıq salmışdır. 
Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirmiş və azad bazar prinsiplərinə əsaslanan iqtisadi modelini yaratmışdır. Dövlətimizin dinamik sosial-iqtisadi inkişafı da fəal xarici siyasət yürüdülməsinə geniş təkan vermişdir və bu gün Azərbaycan güc imkanları, o cümlədən malik olduğu coğrafi mövqe, hərbi-iqtisadi potensialı və siyasi iradəsi sayəsində dünya siyasətinin müəyyənləşdirilməsində yaxından iştirak edir. Şərq və Qərb sivilizasiyalarının dialoq platformasına çevrilmiş Azərbaycan, eyni zamanda, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi həm Qərb, həm də Şərq dəyərlərini özündə birləşdirən və inkişaf etdirən, xüsusi əhəmiyyətə malik bir dövlətdir. Avrasiyanın strateji mövqeyində yerləşən Azərbaycan Avropa və Şərq arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin, eləcə də humanitar-mədəniyyət münasibətlərinin inkişafına öz töhfəsini verməklə də diqqət mərkəzindədir. 
Mütəxəssislər vurğulayırlar ki, Prezident İlham Əliyevin milli inkişaf strategiyasının reallaşdırılmasına yönəlmiş intensiv və səmərəli xarici siyasi fəaliyyəti, onun ən yüksək səviyyəli müxtəlif beynəlxalq forumlarda iştirakı, Qərb və Şərq dövlətlərinin rəhbərləri ilə çoxsaylı rəsmi danışıqları, iri beynəlxalq energetika və nəqliyyat layihələri barədə təşəbbüslər irəli sürməsi nəzərəçarpacaq əməli nəticələr verir, ölkənin gələcək sosial-iqtisadi firavanlığına şərait yaradır.
Heç kimə sirr deyil ki, Azərbaycanın davamlı inkişafına təkan verən sosial-iqtisadi islahatlar uğurlu inkişaf strategiyasının praktik nəticələridir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması bir daha təsdiqləyir ki, Prezident İlham Əlıyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Ötən illərin nəticələri və yekunları bir daha sübut edir ki, dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin etmişdir və bu tendensiya dönməz xarakter almışdır. 
Dövlət başçısının rəhbərliyi altında Azərbaycan müstəqil dövlət kimi nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin etmişdir. Azərbaycan tarazlaşdırılmış diplomatiya ilə dünyanın əsas güc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilmiş və dövlətlərarası əlaqələrdə qarşılıqlı hörmətə əsaslanan münasibətlər formalaşdırmağı bacarmışdır. Bu gün artıq bir reallıqdır ki, Azərbaycan çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunmuş, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurmuşdur. Beynəlxalq arenada tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyimizə imkan verən güclü potensialımızın formalaşması da məhz Prezident İlham Əliyevin siyasi məharətinin nəticəsində mümkün olmuşdur. 
Azərbaycanın qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən Prezident İlham Əliyev son illərdə respublikamızın beynəlxalq arenada mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində BMT, ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək Prezident İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanın təcavüzkar dövlət olduğunu anlayırlar. Beynəlxalq aləmdə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər fonunda respublikamızın müstəqilliyinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə yönəlmiş xarici siyasət kursu Azərbaycanın haqq səsinin dünyaya çatdırılması baxımından uğurla davam etdirilmiş və nüfuzlu beynəlxalq qurumlarla faydalı əməkdaşlığın daha da gücləndirilməsinə müsbət təsir göstərmişdir. 
Ölkə başçısının çevik çoxtərəfli diplomatik fəaliyyəti sayəsində Bakı artıq regionun “diplomatiya paytaxtı”na  çevrilir. Bakıda müxtəlif beynəlxalq forumların, eləcə də ABŞ və Rusiya Silahlı Qüvvələrinin rəhbərlərinin dialoqunun keçirilməsi göstərir ki, Azərbaycan bölgədə bir sülh platformasına çevrilir. Azərbaycan öz təcrübəsini bölüşərək dünyada məhz belə bir sistemin formalaşmasına çağırır. Həm bölgədə, həm də dünyada kifayət qədər böyük nüfuza malik olan Azərbaycanın nümunəvi rolu bütün dünyada qəbul edilir. Dünyanın siyasi və mədəni həyatında xüsusi çəkisi olan dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslərinin, siyasətçilərin, hökumət nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri forumlarda mühüm məsələlər müzakirə olunur. Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan tolerant və mehriban birgəyaşayış mədəniyyətinin güclü olduğu ölkə olaraq, nümunə  göstərilir. Bakıda keçirilmiş çoxsaylı beynəlxalq tədbirlər bir daha göstərdi ki, multikultural və tolerant ənənələrə sadiq olan Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin dialoqunun inkişafı sahəsində zəngin təcrübəsi bütün dünya üçün yeni bir modeldir. 
Bundan başqa, ikitərəfli və çoxtərəfli qaydalar əsasında yürüdülən xarici siyasət Azərbaycanın iqtisadi imkanlarının artmasına şərait yaratmışdır. Regionun aparıcı dövləti sayılan Azərbaycan artıq investisiya qəbul edən ölkədən investisiya ixrac edən ölkəyə çevrilmişdir. Azərbaycan bu gün kəsişmə nöqtəsində yerləşdiyi Xəzər, Qara və Aralıq dənizləri hövzələri, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa regionlarının siyasi-iqtisadi proseslərində, onları birləşdirən enerji, nəqliyyat layihələrində yaxından iştirak edir. Azərbaycanın təşəbbüsü ilə ərsəyə gətirilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz infrastruktur layihələri, eləcə də TANAP və TAP layihələri, habelə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi, şübhəsiz ki, regionda iqtisadi, sosial inkişafa, ən əsası isə qarşılıqlı inam və faydanın üzərində qurulan uzunmüddətli əməkdaşlığa səbəb olmuşdur. Bu sırada Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq Azərbaycanın  tərəfdaşları ilə əldə edilmiş razılıqları da qeyd olunmalıdır. Cənubi Qafqaz regionu üzərindən beynəlxalq  nəqliyyat və kommunikasiya dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafının vacib elementidir. Bu mənada, Azərbaycan “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” (TRASECA) layihəsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinə fəal cəlb olunmuşdur. 
Bir sözlə, müasir mürəkkəb geosiyasi şəraitdə Azərbaycan beynəlxalq aləmlə münasibətlərində  öz xarici prioritetlərinə uyğun olaraq, daha çox qarşılıqlı etimada əsaslanan əlaqələrə üstünlük verir və bu əlaqələri uğurla davam etdirir. Ən əsası, qlobal və regional məsələlərin həllində milli maraqların təmin olunmasına yönəlmiş xarici siyasətin bundan sonra da davam etdirilməsi üçün Azərbaycanın böyük potensialı var və heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz beynəlxalq arenada güclü mövqeyini daha da möhkəmləndirəcəkdir.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

 

11 2018 21:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin