• RUB: 0.0255
  • TRY: 0.2716
  • EUR: 1.9852
  • USD: 1.7000
  • Bakı + 23.9 ° C / 44%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qeyri-neft sənayesinin ixrac potensialından səmərəli istifadə olunur

Qeyri-neft sənayesinin ixrac potensialından səmərəli istifadə olunur

Son illərdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və investisiya qoyuluşunun sürətləndirilməsi, qeyri-neft sektorunun dinamik  inkişafının təmin olunması, habelə ixrac imkanlarının genişləndirilməsi istiqamətlərində mühüm nəticələr əldə edilib. “Made in Azerbaijan” brendinin coğrafiyası getdikcə genişlənib. Məhsullarımız bir sıra ölkələrin ticarət evlərində satışa çıxarılıb. 
Prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamı, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 1 mart 2016-cı il tarixli fərmanı və digər hüquqi sənədlər Azərbaycanda qeyri-neft sektorunun inkişafını, eləcə də  ixrac imkanlarının genişləndirilməsini sürətləndirib. 
Sahibkarları ixracla bağlı maarifləndirmək, yerli məhsulların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq, beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirmək məqsədi daşıyan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın 2018-ci ilin avqust sayında  göstərilir ki, cari ilin yanvar-iyul ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 969 milyon ABŞ dolları təşkil edib. Ötən  ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac 114 milyon ABŞ dolları və ya 13 faiz  artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 7 ayı ərzində Rusiyaya 353 milyon, Türkiyəyə 215 milyon, Gürcüstana 81 milyon, İsveçrəyə 78 milyon və Çinə 29 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac edilib.
Bu ilin yanvar-iyul aylarında ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında pomidor (144 milyon ABŞ dolları) birinci, 68 milyon ABŞ dolları həcmində qızıl (sikkə kəsilməsində istifadə edilməyən, digər emal olunmamış formalarda) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (57 milyon ABŞ dolları) üçüncü olub. 
Ümumiyyətlə, 2018-ci ilin 7 ayı ərzində meyvə-tərəvəz ixracı 301 milyon ABŞ dolları, plastmas və ondan hazırlanan məmulatların ixracı 79 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatların ixracı 78 milyon ABŞ dolları, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49 milyon ABŞ dolları, pambıq lifi 45 milyon ABŞ dolları, kimya sənayesi məhsullarının ixracı 41 milyon ABŞ dolları, pambıq ipliyi ixracı 12 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk 7 ayında elektrik enerjisinin ixracı 2,2 dəfə, pambıq ipliyinin ixracı 32 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 16 faiz, meyvə-tərəvəzin ixracı 19 faiz, plastmas və ondan hazırlanan məmulatların ixracı 14 faiz, kimya sənayesi məhsullarının ixracı 1 faiz  artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin iyul ayında isə qeyri-neft sektoru üzrə ixrac 122 milyon ABŞ dolları təşkil edib. 
Bu ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac olunan ölkələrin siyahısına Türkiyə (35 milyon ABŞ dolları) liderlik edib. Daha sonra bu siyahıda Rusiya (33  milyon ABŞ dolları), İsveçrə (9 milyon ABŞ dolları), Gürcüstan (7  milyon ABŞ dolları), Qazaxıstan (5,8  milyon ABŞ dolları) və digər ölkələrin adı var.
Bu ilin iyul ayında da qeyri-neft sektoru üzrə ixracda pambıq lifi (mahlıc) birinci (16 milyon ABŞ dolları), albalı və gilas (11milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə edilməyən, digər emal olunmayan   formalarda - 7,8 milyon ABŞ dolları) isə üçüncü olub.
“İxrac İcmalı”nın avqust sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. Belə ki, 2018-ci ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi, “Kapitan Fruits” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” MMC, “Qala meyvə-tərəvəz ixracat idxalat” MMC, “Food Export Şəmkir” MMC,  “Azfruittrade” MMC, “Şirin Aqro” QSC,   “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC təmsil olunub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən və 1 milyon ABŞ dollarından çox ixrac həyata keçirən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda “Det-al Alüminium” MMC, “Azərenerji” ATSC, “Azergold” QSC, “SOCAR Methanol” MMC,  “CTS-Agro” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC şirkətlərinin adları yer alıb.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Cari ilin ilk 7 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin  ixracından 14 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.  Adı çəkilən ASC-nin xidmət ixracından əldə etdiyi gəlir isə  onun ümumi gəlirlərinin 87 faizini təşkil edib. 
Bu ilin iyul ayında “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,3 milyon ABŞ dolları təşkil edib. ASC-nin 2018-ci ilin ilk 7 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr sırasında  Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan xüsusi yer tutur.
Bütün bunlarla yanaşı, “İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  isə 747 milyon manat təşkil edib. Yəni 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyul aylarında   Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 144 milyon AZN və ya 24 faiz artıb.
“İxrac İcmalı”nda 2018-ci ilin yanvar-iyul ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, bu ilin iyul ayı ərzində sözügedən portala 31,1 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2018-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 315,5 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ötən ilin yanvar-iyul aylarında portala daxil olan ixrac sifarişləri dəyər baxımından 19 faiz artıb.        
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından bu il iyulun 31-dək (19 ay ərzində) Azexport.az portalına dünyanın 100 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 790,5 milyon ABŞ dolları təşkil edib.
“İxrac İcmalı”nın avqust sayında “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat yer alıb. Qeyd edilib ki, bu ilin avqust ayında “Bir pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. 
“Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən ixracın dəyəri isə 10,4 milyon ABŞ dollarından çox olub. Sertifikat verilən məhsullar Rusiya, Türkiyə, Qazaxıstan, Hollandiya, İran, Gürcüstan, İsveçrə,  Ukrayna, İraq, Moldova, Avstriya, Malaziya, Kipr və Kanada daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac edilib. 
Hazırda ölkənin qeyri-neft ixracının 10 faizindən çoxunun sənədləşdirilməsi “Bir pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir.
İxracla bağlı əldə edilən müsbət göstəricilər deməyə əsas verir ki, ölkəmizdə məhsul bolluğu yaratmaq, bu sahədə idxalı azaltmaq, ixracın isə həcmini artırmaq kimi dövlətin qarşıya qoyduğu prioritet vəzifələr uğurla həyata keçirilir. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

11 2018 21:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin