Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Başqasının faciəsini şouya çevirmək kimlərəsə başucalığı gətirmir

Başqasının faciəsini şouya çevirmək kimlərəsə başucalığı gətirmir

Avropanın ən məşhur siyasətçilərindən olan Uilyam Çörçill haqqında yazılmış xatirələrdə deyilir ki, o, qarayaxmaçılara, bədxahlara cavab verməməyi tövsiyə edirdi: “Çünki,  adətən.  qarayaxmaçılar təfəkkürdən uzaq olur və mövzu qısırlığı yaşayırlar. Siz cavab verəndə isə onlar sevinirlər ki, yeni mövzu oldu”.

Məsələyə bu prizmadan yanaşsaq, onda  gərək biz də şər-böhtan müəlliflərinə, bədxahlarımıza cavab verməyək. Amma o da var ki, biz onlara cavab verməsək, deyəcəklər ki, iqtidar bilərəkdən son günlər Abşeronda tüğyan edən istilərin qarçısını almır. Yaxud, hökumət müxalifətin acığına istiləri daha da artırır. İndiyədək eşitdiyimiz ittihamların mahiyyəti sübut edir ki, müxalifət istənilən məsələdə iqtidarı ittiham etməyə hazırdır. Təki xaricdəki bosslar görsünlər ki, bunlar Bakıda işsiz-gücsüz oturmayıblar.

Qərəz, Müdafiə Nazirliyi xəbər verir ki,  iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib. Müvafiq komissiyanın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub. Hadisənin başvermə səbəblərinin öyrənilməsi zamanı məlum olub ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən, pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarə olunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına səbəb olub.

Başda Əli Kərimli və “Milli Şura” olmaqla bir qrup insan isə şəhid pilotun faciəsindən şou düzəltməyə çalışaraq, iqtidarın ünvanına ağlasığmaz ittihamlar yağdırırlar. Bu, az imiş kimi, üstəlik pilotun dəfn mərasimini də müxalifətin qara-qışqırıq kampaniyasına çevirmək istəyirdilər. Yaxşı ki, buna imkan verilmədi. Yeri gəlmişkən, Əli Kərimli onların şəhid pilotun dəfnini mitinqə çevirmək istəyinin qarşısının alınmasından da narazı qalıb və iqtidar təmsilçilərini “yıxıb sürüyür” ki, biz orada öz sözümüzü deməli idik.

Nə deyəcəkdilər? Deyəcəkdilər, daha doğrusu, deyiblər ki,  aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında – “qara qutu”da olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislər və xüsusi avadanlıq yoxdur. Ağ yalan danışıblar və həmin yalanı pilotun dəfnində də səaləndirmək istəyirdilər.

Müdafiə Mazirliyi bildirir ki,  hər uçuşdan sonra “qara qutu”dakı məlumatlar peşəkar aviasiya mütəxəssislərimiz tərəfindən xüsusi laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti barədə tam təsəvvür yaranır. Yəni bunları hərbçi ekspertlər və aviasiya mütəxəssisləri edirlər. Əli Kərimli və Cəmil Həsənli isə mütəxəssislərlə razı deyillər. Onların öz “arqumentləri” var. Onlara başa salmaq lazımdır ki, hərbi təyyarənin sıradan çıxması dövlətimiz, peşəkar zabitin həlak olması isə xalqımız üçün ağır itkidir. Bu itkilərdən şou hazırlamaq isə insanlığa yaraşmayan hərəkətlərdir.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini -- icra katibi Əli Əhmədov mətbuata verdiyi müsahibədə deyib ki, bu hadisə.  hər şeydən əvvəl, bir ailənin faciəsidir: “Ondan kiminsə siyasi məqsədlə istifadə etməyə çalışması insanlığa yaraşmayan hərəkətdir. Müxalifət bu hadisədən özü üçün dividend qazanmaq istəyirsə, mən bunu insan ləyaqətinə sığışmayan hərəkət hesab edirəm. Digər tərəfdən isə bu formada ucuz təbliğat aparmaq heç bir siyasi təşkilata başucalığı gətirməz”.

Çox təəssüf ki, özünü radikal müxalifət adlandıran düşərgənin mənsubları  insanların qəlbində nifrət hissi yaradan davranışlara yol verir və bununla özlərinə hörmət qazanmaq istəyirlər: Amma unudurlar ki, siyasətlə məşğul olan insan, hər şeydən əvvəl,  elə olmalıdır ki, xalq ona inansın. Əli Kərimlilərə isə nəinki inanan yoxdur, hətta onlar gündən-günə daha çox nifrət qazanırlar. Elə şəhid pilotun ailə üzvlərinin “bizim faciəmizi siyasiləşdirməyin”, deyə müxalifətə müraciət etməsi də məhz həmin nifrətin göstəricisidir.

Həlak olan pilot Rəşad Atakişiyevin qohumu, professor  Qabil Hüseynli bildirib ki, “mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir. Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi dividend əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik ki, vida mərasiminə qatılmasınlar, bu ağır günümüzdə bizi başa düşsünlər".

 

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

22 2019 16:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə