Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib

Avqustun 21-də İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib.

İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalay, bu qurumların əməkdaşları iştirak ediblər. 
Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Məhərrəm Xəlilov, Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səməd Allahverdiyev, Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Səfər İbrahimov və digərləri iştirak ediblər. 
Tədbirdə çıxış edən Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalay ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladıb, Ulu Öndərin bu sözlərinin hər birimiz üçün örnək olduğunu diqqətə çatdırıb. E.Atalay qeyd edib ki, Azərbaycan və Türkiyənin birgə reallaşdırdıqları layihələr dünya birliyi tərəfindən beynəlxalq əhəmiyyətli iqtisadi layihələr kimi dəyərləndirilir. 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Türkiyə ilə Azərbaycan arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrindən danışaraq deyib: “2018-ci il sentyabrın 15-də Azərbaycan paytaxtında Bakının yadelli qüvvələrdən azad edilməsinin 100 illiyi təntənə ilə qeyd edildi. Azadlıq meydanında keçirilən paradda yüksək tribunda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanaşı dayanmışdılar. Bu, Azərbaycan-Türkiyə qardaşlığının, əbədi birliyinin rəmzi və nümayişi idi. 100 il əvvəl Azərbaycan Milli Ordusu və Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ağır döyüşlərdən sonra Bakı şəhərini erməni daşnak və bolşevik qüvvələrinin əsarətindən azad etdi. Bu hadisə keçən əsrin ikinci onilliyində baş verdi. O zaman dünya qarışıq idi. Birinci dünya müharibəsi gedirdi. Bu müharibədə Osmanlı imperiyası da iştirak edirdi. Buna baxmayaraq, İstanbul hərbi yardım əlini qardaş Azərbaycana uzatdı”. 
Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkələrimiz arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu söyləyən AHİK sədri bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətlərinin olduğunu deyib. Möhkəm təməl üzərində qurulan əlaqələr Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirilir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan neftinin və qazının dünya bazarına ixrac edilməsi üçün boru kəmərlərinin inşası məsələsi ortaya çıxdıqda, ulu öndər Heydər Əliyevin digər alternativləri bir kənara qoyaraq, “Bakı-Tbilisi-Ceyhan” neft boru kəmərinin yalnız Türkiyə ərazisindən keçirilməsi haqqında verdiyi qərar hər iki qardaş xalq arasında bağlılığı bir daha möhkəmləndirmiş oldu. 
İki ölkə arasında mövcud iqtisadi münasibətlərə toxunan S.Möhbalıyev deyib: “Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi yüksələn xətlə inkişaf edir. 2017-ci ildə ticarət dövriyyəsi 12 faiz artaraq 2.6 milyard ABŞ dollarını ötüb. Həm ixracda, həm də idxalda biz artım müşahidə etdik. 2018-ci ilin ticari-iqtisadi göstəriciləri də iki ölkə arasında çox müsbətdir–dövriyyə 22 faiz, ixrac 18 faiz, idxal 25 faiz artıb. Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlər regionlarımızın inkişafına da güclü təsir edir. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı iqtisadi əməkdaşlıq bu bölgənin iqtisadiyyatının inkişafına təkan verir. Türkiyə hökumətinin Naxçıvan Muxtar Respublikasında istehsal olunan təqribən 100 milyon ABŞ dolları dəyərində olan məhsulları idxal rüsumundan azad etməsi, qarşılıqlı investisiyalar qoyuluşu qeyd edilməlidir. Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyalarının ümumi həcmi 14,5 milyard dollar səviyyəsindədir. Hər il iki ölkə arasında ticari-iqtisadi münasibətlər şaxələnir və yeni sahələri əhatə edir”.
Bu gün Azərbaycanın Cənubi Qafqazda ən inkişaf etmiş və sabit ölkə olduğunu deyən S.Möhbalıyev ölkəmizdə iqtisadiyyatın sürətlə inkişaf etdiyini deyib. Bildirilib ki, iqtisadiyyatdan əldə olunan gəlirlər əhalinin sosial durumunun daha da yaxşılaşdırılmasına yönəldilir. Cari ilin əvvəlindən başlayaraq dövlətimizin başçısı tərəfindən iki böyük sosial islahatlar paketi qəbul olunub. Birinci paket 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərin artırılması, mühüm sosial məsələlərin həllinə 1,6 milyard manat yönəldilməsini nəzərdə tutmaqla tam icra olunub. İkinci paketin icrası ilə bağlı hazırlıq işləri də artıq tamamlanıb. Sentyabrın 1-dən minimum əməkhaqqının 250 manata çatdırılması, əlavə olaraq 400 min nəfərin maaşının 20-50 faiz artırılması, 750 min pensiyaçıya verilən vəsaitin isə oktyabrın 1-dən artırılması nəzərdə tutulub. Bu islahatlar paketi, 5,2 milyard manat sərf olunmaqla, 4,2 milyon əhalini əhatə edəcək. 
Dağlıq Qaradağ münaqişəsinə toxunan AHİK sədri Azərbaycanın bu vəziyyətlə heç vaxt barışmayacağını diqqətə çatdırıb. “Hamı bilməlidir ki, bu məsələnin sülh yolu ilə həllinə tərəfdar olmağımıza baxmayaraq, bizim də səbrimizin bir sonu var. Bu məsələdə qardaş Türkiyə hər zaman bizim yanımızda olub. Prezident Rəcəb Tayyib Ərdoğan da Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirir”,- deyə Səttar Səttar Möhbalıyev vurğulayıb.

Günel MƏLİKOVA,
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

22 2019 14:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə