Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan mümkün risklərdən müvəffəqiyyətlə qorunur

Azərbaycan mümkün risklərdən müvəffəqiyyətlə qorunur

Biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycanı mümkün olan risklərdən qoruyaq, necə ki, bu günə qədər qorumuşuq. Bu, asan məsələ deyil. Çünki hər birimiz yaxşı bilirik ki, dünyada gərginlik çoxalır, beynəlxalq hüququn normaları pozulur, bu normalara məhəl qoyulmur və ölkələr arasında gərginlik artmaqdadır.

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti

Bu gün beynəlxalq aləmdə münasibətlər elə şəkildə qurulub ki, heç bir ölkə təkbaşına nəinki inkişaf edə bilmir, hətta özünü beynəlxalq aləmdən təcrid etmiş dövlətlərin mövcudluğu da təhlükə altına düşür. Yəni ən münasib və bəlkə də yeganə yol hamı ilə xoş münasibətlər yaradaraq siyasi, iqtisadi, elmi-texniki, humanitar, bir sözlə, hərtərəfli əməkdaşlığa nail olmaqdır. Azərbaycan bu tezislərin hamısını günün reallığına çevirib. Ölkəmizin iqtisadiyyatı Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə dünyanın, demək olar ki, bütün ölkələrinin iqtisadiyyatı ilə bağlanıb.

 

Bütün bunların səmərəsi nə qədər çox olsa da, risklərin sayı da az deyil. Məsələn, beynəlxalq aləmdə neftin qiymətindəki tərəddüdlər, maliyyə böhranları, müharibə və münaqişələr nəticəsində hansısa ölkələr arasında yaranan soyuq münasibətlər, xüsusən, sanksiyalar dünya miqyasındakı iqtisadi əməkdaşlıq şəbəkəsinə sarsıdıcı zərbələr vurur. Yaxın tariximizdə dəfələrlə bunun şahidi olmuşuq. Özündən -- daxili istehsalından, ixracından və ya hansısa digər səbəblərdən asılı olmayaraq, iqtisadi problemlərlə üzləşən ölkələrdən biri də Azərbaycan olub. Amma faktlar sübut edir ki, ən dərin maliyyə böhranı illərində də Azərbaycan ən az zərər çəkib. Niyə?
Çünki Azərbaycanın olduqca uğurlu xarici siyasəti vardır. Bundan başqa, ölkə iqtisadiyyatının idarə edilməsini, inkişafını və perspektivlərini nəzərdə tutan qanunvericilik bazası elə hazırlanıb ki, mümkün risklərdən qorunmaq, yan keçmək, ən azı minimum itkilərlə qurtarmaq yolları mövcuddur. Ona görə də, bu gün Azərbaycan müstəqillik yolunda inamla irəliləyir və ölkə qarşısında duran problemlər həll edilir. 
Bu il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdi ki, bizim əsas məqsədimiz uğurlu xarici siyasətdən istifadə edərək ölkəmiz üçün mövcud olan və gələcək mümkün riskləri azaltmaqdır.
Dövlət başçımız xatırladırdı: “Əlbəttə ki, əldə edilmiş nəticələr haqqında çox danışmaq olar. Amma bizim əsas vəzifəmiz gələcəyə baxışımızdır. Biz necə inkişaf etməliyik, hansı yollarla inkişaf etməliyik? Bir şeyi qətiyyətlə deyə bilərəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz daim irəliyə baxmalıyıq. Dünya dəyişir, bölgə dəyişir, bölgədə yeni çağırışlar meydana çıxır, 15-20 il bundan əvvəl olan vəziyyət bu gün tamamilə fərqlidir. Bölgənin, dünyanın geosiyasi mənzərəsi tam fərqlidir və biz buna hazır olmalıyıq. Ona görə hər bir məsələ ilə bağlı biz çox operativ və çevik fəaliyyət göstərməliyik və göstəririk. Ölkəmizin maraqlarını müdafiə etməliyik. Biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycanı mümkün olan risklərdən qoruyaq, necə ki, bu günə qədər qorumuşuq. Bu, asan məsələ deyil”. 
Doğrudan da, hamı yaxşı bilir ki, dünyada gərginlik çoxalır, beynəlxalq hüququn normaları pozulur, bu normalara məhəl qoyulmur və ölkələr arasında gərginlik artmaqdadır. Dövlət başçımızın fikrincə, ona görə bizim əsas məqsədimiz uğurlu xarici siyasətdən istifadə edərək ölkəmiz üçün mövcud olan və gələcək mümkün riskləri azaltmaqdır: “Biz bu istiqamətdə fəal işləyirik. Ancaq deyə bilərəm ki, bu, asan məsələ deyil”.

 

Bəli, bu, asan məsələ deyil. Ancaq o da faktdır ki, Azərbaycan “asan olmayan” çox məsələlərin öhdəsindən gəlib. Özü də böyük uğurlarla. Məsələn, biz son 16 il ərzində əməkhaqqı vəpensiyanın həcminin 10 dəfəyə yaxın artırılmasına nail olmuşuq. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görmüşük. Bu gün bu istiqamətdə işlər davam etdirilir. İqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmaq üçün praktiki addımlar atılır. Son 16 il ərzində iqtisadiyyat 3 dəfə artıb, çox gözəl biznes mühiti yaradılıb. Dünya Bankının hesablamalarına görə, Azərbaycan bu göstərici üzrə dünya miqyasında 25-ci yerdədir.
Bu da onun nəticəsidir ki, ölkəmizdə hərtərəfli islahatlar aparılır və qarşıda duran problemlər həll olunur. Bu gün Azərbaycanın kosmosda 3 peyki var, ölkəmiz kosmik klubun üzvüdür. Bu, çox böyük nailiyyətdir. Enerji təhlükəsizliyi sahəsində görülən işlər ölkəmizə kifayət qədər gəlir gətirir. Həmin gəlir xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrinin icrasına yönəldilir. 
Azərbaycanın beynəlxalq aləmdə baş verə biləcək hansısa prosesdən, yeni risklərdən qorunmasının əsas təməllərindən biri də ölkədaxili sabitlik, “xalq–iqtidar” birliyidir. Təbii ki, sabitlik hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Dövlət başçımızın dediyi kimi, harada ki, sabitlik pozulur, ölkələr geriyə gedir, idarəolunmaz vəziyyətə düşür, ölkələrdə xoşagəlməz proseslər başlayır, xarici təsir artır, daxili çəkişmələr baş verir və ölkələr öz gələcəyini itirir.
 Son illər ərzində sabitliyi pozulan ölkələrin bugünkü mənzərəsinə nəzər salanda müharibə, qardaş qanının tökülməsi, dağılmış şəhərlər, sıradan çıxmış infrastruktur, iflic vəziyyətə düşmüş sənaye, milyonlarla qaçqın-köçkün, çadır şəhərcikləri görünür. Amma Azərbaycanda sabitlik möhkəm qorunur. Doğrudur, bu sabitliyin qorunması üçün bəzi cəhdlər göstərilir. Vaxtilə tam iflasa düçar olmuş qruplaşmalar yenə də nə isə əldə etməyə çalışırlar. Təbii ki, əbəs yerə. 
Bu sətirləri dövlət başçımızın nitqindən seçdiyimiz bir sitatla tamamlamaq istəyirik: “Biz bundan sonra da islahatlar yolu ilə gedəcəyik. Çünki bir daha demək istəyirəm, əldə edilmiş nəticələr, hesab edirəm ki, tarixdə qalmalıdır. Biz bunu bilməliyik ki, haradan gəlmişik, hara çatmışıq. Ancaq bu, tarixdir, biz gələcəyə baxmalıyıq. Bu gün iqtisadi sahədə aparılan islahatlar bütün mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir”. 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 

22 2019 14:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə