Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radikal müxalifət Vətənimizə və dövlətçiliyimizə qarşı xəyanət yolunu tutub

Çaşqınlıq yaratmaq istəyənlərin xəbis niyyətləri ürəklərində qalacaq

Radikal müxalifət Vətənimizə və dövlətçiliyimizə qarşı xəyanət yolunu tutub

1993-cü ilin ikinci yarısından Azərbaycanda həyat tədricən öz axarına düşdü. Heydər Əliyevin ölkəyə qayıdışından sonra respublikamızda haqq- ədalət öz yerini tapdı. Ölkədə ədalət prinsiplərinin inkişafı üçün geniş imkanlar yaradıldı, demokratik dəyərlərin bərqərar edilməsi, vətəndaşların cəmiyyətdə özünü azad hiss etməsi, insan hüquq və azadlıqlarının müdafiə olunması üçün bütün zəruri addımlar atıldı. Müstəqil mətbuatın inkişafı, vətəndaşların öz fikirlərini sərbəst ifadə etmələri üçün qanunlar qəbul edildi. Həmin vaxtdan başlayaraq, ölkəmizdə demokratik proseslərin inkişafı, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qətiyyətli addımlar atıldı. 
Bu gün Azərbaycan dünyada hüquqi dövlət ideyasının reallaşdığı, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif milli-dini sivilizasiyaların qovuşduğu tolerant ölkə kimi tanınır. Hər ötən illə müqayisədə ölkəmizdə demokratik dəyişikliklərin həyatımıza tətbiq olunma tempi yüksələn xətt üzrə inkişaf edir. Demokratiyanın əsas atributlarından hesab edilən azad, şəffaf, demokratik seçki keçirilməsində zəngin təcrübə qazanan ölkəmizin bu sahədə şəffaflığın təmin edilməsi istiqamətində tətbiq etdiyi yeniliklər digər ölkələrə nümunədir. Hətta inkişaf etmiş ölkələrdən gəlmiş beynəlxalq müşahidəçilər seçkilərdə şəffaflığın təmin olunması üçün barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsini, seçki keçirilən gün seçicinin adının seçici siyahısına salınmasını, şəffaf qutulardan istifadə olunmasını və digər yenilikləri yüksək dəyərləndirərək öz ölkələrində də bunların tətbiq olunmasına çalışacaqlarını bildiriblər. Ölkəmizin bu inkişafı, demokratik dəyərlərə üstünlük verməsi beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Bu da, təbii ki, antiazərbaycan qüvvələrin, onlara dəstək verən yerli satqınların, xəyanətkarların ciddi narahatılığına səbəb olur. Onlar respublikamızda qarşıdurma, çaşqınlıq yaratmaq üçün min bir fitnə-fəsada əl atır, daha çox əllərində alətə çevirdikləri yerli xəyanətkarlardan istifadə edirlər. 
Son illər Avropanın bir sıra ölkələrinə sığınan belə xəyanətkarlar xarici havadarlarının çirkli pulları hesabına ölkəmizə böhtan və iftiralar yağdırır, hətta bu yolda separatçı erməniləri də qabaqlayırlar. Əsasən, bəzi müxalifət partiyalarının saxta sənədləri əsasında “siyasi mühacir” statusu almış “sapı özümüzdən olan baltalar”dan daha çox istifadə edirlər. 
Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov da bu günlərdə paylaşdığı statusda həmin məsələyə toxunaraq müxalifət partiyalarının təqdimatı əsasında bir sıra Avropa ölkələrində onlarca insana yaşamaq hüququ verildiyini, onlardan təbliğat məqsədilə vətəndaşı olduğu ölkəyə qarşı istifadə edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, “siyasi mühacir” statusunu almaq üçün sadəcə bəzi müxalifət partiyalarının vəsiqəsinə sahib olmaq kifayətdir: “Mətbuatda siyasətlə heç bir əlaqəsi olmayan insanların saxta müxalifət partiyası vəsiqəsi ilə xaricə mühacirət etməsi faktları dəfələrlə araşdırma predmeti olmuşdur. Mən bunu bəzi müxalifət partiyası rəhbərlərinin bu işdə də saxtakarlığını ifşa etmək məqsədilə demirəm, sadəcə olaraq prosesin nə qədər geniş və iyrənc formalar kəsb etdiyini diqqətə çatdırmaq istəyirəm”.
Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan xəyanətkarlar son vaxtlar özlərinə sərfəli və gəlirli “iş yerləri” tapıblar. Bu, sosial şəbəkə, əsasən də internet televiziyalardır. Həmin televizyalara çıxan “azərbaycanlılar” çox pul qazanmaq üçün daha çox böhtan atmalı, yalan danışmalı, yeri gəldikdə milliliyimizə xas olmayan nalayiq söyüşlər də söyməlidirlər. Hazırda antiazərbaycan qüvvələr üzüdönük müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər sosial şəbəkələrdən geniş istifadə edirlər. Belə qüvvələrin gündəlik “aparıcılarına” və “siyasi şərhçilərinə” çevrilmiş Sevinc Osmanqızı, Orduxan, Qənimət Zahid və onların Azərbaycandakı əlaltıları yüksək “qonorar” almaq üçün gözlərini yumub ağızlarını açır və ölkəmiz haqqında ağlasığmaz iftiralar söyləyirlər.
Ə.Əhmədovun da qeyd etdiyi kimi, ən acınacaqlısı da odur ki, Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış ayrı-ayrı azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır: “Yalnız sadəlövh adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bir daha təkrar edirəm ki, bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir”. 
Hər bir kəs öz Vətənini, doğma elini, xalqını, millətini müdafiə etməyə borcludur. Axı, Vətən də anadır. Bu vaxta qədər ərazi bütövlüyümüzün müdafiəsi uğrunda sinəsini düşmən gülləsinə sipər edən oğul və qızlarımız az olubmu? Bu gün hər birimizin ziyarətgahına çevrilmiş Şəhidlər xiyabanında uyuyanlar Vətənimizin müdafiəsi uğrunda şəhidlik zirvəsinə yüksələnlər deyilmi? İndi ermənipərəst qüvvələrin və ölkəmizin inkişafını istəməyənlərin əlində alətə çevrilib öz xalqına, doğma Vətəninə böhtan və iftiralar yağdırmaq şəhidlərimizin ruhuna təhqir deyilmi? Bütün bunları nəzərə alan Ə.Əhmədov yazır: “Buna görə mən Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələrini Azərbaycana qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə isə siyasi proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməyə səsləyirəm. İnanıram ki, milli mənafeləri hər şeydən üstün tutan partiyalar siyasi baxışlarından asılı olmayaraq, ölkənin suverenliyinə, Azərbaycanın müstəqilliyinə qarşı çıxış edənlərə qəti və layiqli cavab verəcək, maraqlı xarici qüvvələr tərəfindən şirnikdirmə, satınalma, şübhəli maliyyələşdirmə yolu ilə Azərbaycan müxalifətinin səbatsız nümayəndələrinin Azərbaycan dövlətinə qarşı çıxmasına imkan verməyəcək”.
Azərbaycanın müstəqillik illərində möhtəşəm inkişaf yolu keçməsi, güclənməsi, qüdrətli orduya malik olması, dünyada söz sahibinə çevrilməsi, beynəlxalq aləmə sürətli inteqrasiyası göz önündədir. Son 16 ildə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin mövqeyini daha da möhkəmləndirib, əlaqələrini genişləndirirb. Azərbaycan hazırda mötəbər beynəlxalq təşkilatların öz tədbirlərini keçirdiyi məkana çevrilib. Respublikamızın dünyada parlaq gələcəyi olan ölkə kimi tanınması, insanların əmin-amanlıq şəraitində yaşaması, özünün, ailəsinin, övladlarının gələcəyindən nigaran qalmaması, təbii ki, bu tərəqqini gözü götürməyənləri təşvişə salıb. Ə.Əhmədovun yazdığı kimi, hansısa şübhəli maraqlar naminə bu gözəl ölkənin firəvanlığına, gələcəyinə, insanlarına problem yaratmağa, xalqın suverenliyini qurban verməyə hazır olanlar xalqın və onun fəal siyasi hissəsi olan milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər.
Azərbaycanın müstəqilliyinə qarşı çıxış edənlər qəti və layiqli cavablarını alacaq, maraqlı xarici qüvvələrin əlində alətə çevrilən satqınların – radikal müxalifət ünsürlərinin ölkəmizdə çaşqınlıq yaratmaq kimi xəbis niyyətləri ürəklərində qalacaq.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

22 2019 12:52 -
28 Avqust 2019 | 17:35
Rusiyanın TF-X marağı

Köhnə versiyamızdan xəbərləri izlə