Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilərin “ekoloji terror”u davam edir

Amulsarın istismarı region üçün ekoloji faciə deməkdir

Ermənilərin “ekoloji terror”u davam edir

Bu gün Ermənistanın ekoloji terror həyata keçirməsi, işğal edilmiş ərazilərimiz də daxil olmaqla, təbii resursları kortəbii şəkildə istismar etməsi, ətraf mühitin ekoloji tarazlığını pozması və istehsal tullantıları ilə içməli su hövzələrini çirkləndirməsi heç kimə sirr deyil. Metsamor atom elektrik stansiyasının varlığı təkcə ölkə üçün deyil, regionun təhlükəsizliyi üçün təhdiddir. Lakin bu yaxınlarda Ermənistanda Amulsar qızıl yatağınım istismara verilməsi məsələsi ətrafında cəmiyyətdə baş verən gərginlik, insanların ətraf mühitə, xüsusilə də Göyçə gölünə ziyan vura biləcəyi ilə bağlı yürüş və etirazlar təşkil etməsi ekoloji məsələni bir daha gündəmə gətirib. Düzdür, ilk baxışda bu məsələ ölkənin daxili məsələsi kimi görünsə də, əslində, söhbət ekoloji təhlükədən gedirsə, bu, ümumilikdə bütün region üçün aktualdır.

Arpa çayının sahilində yerləşən Amulsar qızıl yatağı Cermuk şəhərindən 13 kilometr məsafədə yerləşir və burada təxminən 31 milyon filiz və 40 ton qızıl ehtiyatı var. 2006-cı ildə kəşf edilmiş ərazidə 2012-ci ildə “Geotim” şirkəti istismar və geoloji kəşfiyyat işlərinə başlamaq üçün lisenziya alsa da, aparıcı ekoloji təşkilatlar həyəcan təbili çalırlar. Onların fikrincə, su hövzəsini əhatə edən ərazinin istismarı ekoloji risklərə gətirib çıxara bilər. Su hövzəsinin çirklənməsi ətraf yaşayış məntəqələri üçün su qıtlığı yaratmaqla yanaşı, Göyçə gölünün çirklənməsinə də səbəb ola bilər.

Erməni ekoloq, sabiq ətraf mühitin mühafizəsi naziri Karine Danielyan Amulsarda keçirilmiş ekspertizanın rəyini yarımçıq və birmənalı hesab edir. Onun sözlərinə görə, ekspertizada risklərin olmamasına toxunulmur: “Bir şey aydındır ki, bütün bu çatışmazlıqlarla ərazinin su hövzəsinin istismarı qəbuledilməzdir. Təklif edilən şərtlərlə yatağın istismarı respublika, hətta regional miqyasda baş verə biləcək fəlakət deməkdir”. Ekoloq ölkənin digər bölgələrində təbii ehtiyatların istismarı zamanı su hövzələrinin, xüsusilə də ­çayların ağır metallarla çirkləndiyini və canlı aləmə ziyan vurduğunu, balıqların mutagenezinə səbəb olduğunu xatırladıb.
“Quşları sevənlər mərkəzi” təşkilatı da Amulsar yatağının istismarının təkcə su hövzəsini, ərazidəki bulaqları çirkləndirəcəyi deyil, biomüxtəlifliyə, canlı aləmə də ziyan vuracağı qənaətindədir. Bölgədə Qırmızı kitaba düşmüş 26 bitki növü bitir. Təşkilat sədrinin yerli mətbuata verdiyi açıqlamada Amulsar yatağında işlərin aparılması üçün Qırmızı Kitab növlərinə dair Qanuna dəyişikliklər edildiyini xüsusi vurğulayıb. Səbəb kimi isə “ Amulsar bir sıra ölkələrin nümayəndələrinin marağının olduğu siyasi layihədir ”
Vətəndaş cəmiyyətinin fəalları, ekoloqları ilə yanaşı, siravi vətəndaşlar da bu məsələdə öz narahatlığını yürüş və etiraz aksiyaları keçirməklə bildirirlər. Bundan başqa, sosial şəbəkədə də ən çox müzakirə edilən mövzular içərisində Amulsar yatağının istismarı birincilik təşkil edir. Bir çox sosial şəbəkə istifadəçiləri müxtəlif fikirlər paylaşaraq baş naziri tənqid edir, onların ümidlərini doğrultmadığını bildirir. Belə ki, hələ 2018-ci il oktyabrın 24-də parlamentdə çıxışı zamanı Paşinyan layihə barədə bunları demişdi: “ Əgər əsaslansa ki, istismar Sevan (Göyçə) və Cermuk su sistemi üçün təhlükəsizdir, layihə reallaşacaq, əgər təhlükə olarsa, mən heç nədən asılı olmayaraq, onun reallaşmasına icazə verməyəcəm”.
Ancaq ekoloqların rəyləri və etirazlarına baxmayaraq, baş nazirin indiki mövqeyindən də belə görünür ki, layihəni reallaşdırmaq niyyətindədir. Odur ki, vətəndaşlar baş nazirin həmin çıxışını xatırladaraq feysbuk sosial şəbəkəsində “Nikol, çıx get, Amulsar dağ olaraq qalacaq!”, “ Serjin davamçısının istefasını tələb edirik!” “İstismarı ilk növbədə təhlükənin miqyasını başa düşməyənlər başlaya bilərlər. İkincisi, öz zənginliyi, vətənini qəpik-quruşa satmağa hazır olanlar hətta bunu öz sağlamlığı, gələcək nəslin sağlamlığı bahasına edirlər...” kimi müxtəlif rəylər yazırlar. 
Məsələ o həddə çatıb ki, avqustun 19-da Amulsar yatağının istismarı məsələsi ilə bağlı baş nazir Paşinyanın iştirakı ilə, rəsmi dövlət nümayəndələri, ekoloqların da iştirakı ilə məsləhətləşmə keçirilib. Görüşün keçirildiyi prezident iqamətgahının önündə etirazçıların aksiyası reallaşıb.
Gərgin şəraitdə keçən görüş baş nazirin fikirlərinə etiraz olaraq, ekoloqlar Ani Xaçaturyan və Anna Şahnazaryanın zalı tərk edib binanın önündəki etirazçılara qoşulmaları ilə yadda qalıb. A.Xaçaturyan jurnalistlərlə söhbətində fikrini belə izah edib: “ Biz baş nazirin dilindən yataqda işlərin bərpa edilməsinin vacibliyi barədə əsaslı dəlillər eşitmədik. Amulsar yalnız dağ olaraq qalmalıdır. Bu təmiz ekologiya şəraitində həyat uğrunda mübarizədir.” 
Məsələ ilə bağlı konkret ölçü götürülməsini tələb edən nümayişçilərə polis güc tətbiq edib.
Qeyd edək ki, 2005-ci ildə yaradılmış “Lydian Armenia” şirkəti geoloji kəşfiyyat işləri üzrə yaradılmış qurumdur və Amulsar yatağının istismarı layihəsi onların ilk işidir. 2012-ci ilə qədər investor axtarışına çıxan şirkət yatağın istismarı ilə bağlı proqram hazırlayıb. Elə həmin ildə şirkət Ermənistan hökuməti ilə istismarın başlamasına razılıq əldə edilib. Şirkət beynəlxalq normalara riayət etdiyini bildirsə də, ekoloqlar ekspertizanın rəyi ilə razı deyillər. Onların fikrincə, hökumət ekoloji problemlərə göz yumur. Bu etirazlar hələ 2011-ci ildən başlayıb. Yerli əhali və ekoloqlardan ibarət fəallar müntəzəm olaraq, aksiyalar keçirmiş, yatağa gedən yolları bağlamışlar. Nəticədə etirazçılar 2018-ci ildə Amulsarda işlərin dayanmasına nail olmuşlar. Onların fikrincə, yataqda aparılan istismar işləri ətraf mühitin ekologiyasına mənfi təsir göstərir və çayların çirklənməsi dolayısı ilə Göyçə gölünü də zəhərləyir. Baş nazir Paşinyan öz feysbuk səhifəsində məsələ ilə bağlı mövqeyini canlı yayımda şərh edib. Bildirib ki, beynəlxalq ekspertizanın rəyinə əsasən istismar ətraf mühitə ziyan vurmayacaq. Əhalini ayağa qaldıran qüvvələr əsasən digər yataqların sahibləri olan şirkətlərin sahibkarlarıdır. Onun fikrincə, cəmiyyətdə də əsas səs-küy yaradan və etiraz edənlər də onlardır. 
Görünən odur ki, işğalçılıq siyasətini davam etdirən baş nazirin ölkənin iqtisadi durumunu dirçəltmək və dövlət büdcəsini doldurmaq üçün ekoloji terrora belə razıdır. Təki “gəlir” gəlsin. İyirmi beş ildən artıqdır ki, işğal edilmiş Azərbaycan torpaqlarında təbii sərvətləri talayan, meşələri vəhşicəsinə qıran Ermənistan hökuməti indi də öz xalqına qarşı ekoloji terror həyata keçirməkdədir. Bu siyasət artıq erməni cəmiyyətinin Paşinyana olan-qalan ümidini də heçə endirir.

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

 

 

22 2019 12:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə