Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pambıqçılıq: məqsəd əvvəlki şöhrəti bərpa etməkdir

Pambıqçılıq: məqsəd əvvəlki şöhrəti bərpa etməkdir

Bir neçə gündən sonra ölkəmizin pambıq tarlalarında “ağ qızılı”ın kütləvi yığımı başlanacaq. Fermer və mütəxəssislərin ümumi rəyi belədir ki, bu il plantasiyalarda məhsul boldur. İndi əsas vəzifə minbir zəhmət hesabına ərsəyə gətirilən pambığı son qozasınadək toplamaqdır. Pambıqçılıq ölkəmiz üçün ənənvi və gəlirli sahədəir. Bu il iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında ölkədə sosial-iqtisadi sahə üzrə keçirilən müşavirədə qeyd olunmuşdur ki, ilin əvvəlindən aqrar sektorda yaxşı göstəricilər əldə edilib. Təkcə bitkiçilik sahəsində üç faizə yaxın artım müşahidə olunmuşdur. Pambıq istehsalında da yaxşı nəticələr gözlənilir.

Dövlətimizin başçısı çıxışında vurğulamışdır ki, kənd təsərrüfatında əldə edilən rekord göstəricilər aparılan islahatların nəticəsində mümkün olub. Belə ki, müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Prezident fermerləri əmin etmişdir ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. 

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov demişdir ki, hazırda nazirliyin qarşısında duran əsas vəzifələrdən biri pambıqçılığın inkişafı ilə bağlıdır. Pambığın tədarükü növbəti aydan --sentyabrdan başlanacaq. Həm texnika, həm də gübrə ilə tam təminat üçün işlər həyata keçiriləcək. 
Artıq, vaxt-vədə yetişir. Yuxarıda qeyd etdiyimiz kimi, ən yaxın günlərdə pambıq tarlalarında məhsul yığımı kampaniyasına start veriləcək. Buna görə də pambıqçılıq sahəsində çalışanlar indi bütün qüvvələrini yığım kampaniyasını tez və mütəşəkkül keçirmək üçün səfərbər etməyə çalışırlar. 
Qeyd etmək lazımdır ki, Azərbaycanda pambıqçılığın yeni inkişaf dövrü bu istiqamətdə əsaslı tədbirlərin görüldüyü, bu sahənin inkişafını nəzərdə tutan dövlət proqramının qəbul olunduğu 2016-cı ildən başlayıb. Özünüz müqayisə edin: 2015-ci ildə pambıq əkini sahələri 18,7 min hektar, məhsul istehsalı 35,2 min ton təşkil edib. Lakin bir il sonra, artıq 2016-cı ildə əkin sahələri 2,7 dəfə artırılaraq 51,4 min hektara, pambıq istehsalı isə 2,5 dəfə artaraq 89,4 min tona çatdırılıb. 
Azərbaycanın müstəqillik dövründə ən çox pambıq istehsalı 2018-ci ildə qeydə alınıb. Belə ki, ötən il ölkə üzrə sahələrdən 230,4 min ton xam pambıq yığılıb. Bu, 2015-ci ilin göstəricisindən 6,54 dəfə çoxdur! 
2018-ci ildə Azərbaycanda 132,5 min hektar sahədə pambıq əkilib, 2019-cu ildə pambıq əkini sahələrinin həcmi məhsuldarlığı az olan torpaqların əkin dövriyyəsindən çıxarılması hesabına 100,1 min hektaradək azaldılıb. Bu gün pambıqçılıq sahəsində qarşıda duran əsas vəzifə məhsuldarlığın yüksəldilməsi hesabına ümumi istehsalın azalmasına imkan verməməkdir. 
Bu məqamda qeyd etmək lazımdır ki, son illər Azərbaycanda pambıqçılığın inkişafı üçün mühüm sənədlər qəbul edilib. 2010-cu il mayın 11-də “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı il sentyabrın 22-də “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” sərəncam imzalayıb. 2017-ci il iyulun 13-də dövlət başçısının təşəbbüsü ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət ­Proqramı” qəbul olunub. 
Məlumat üçün bildirək ki, pambıqçılıq dünyanın inkişaf etmiş dövlətlərinin kənd təsərrüfatının aparıcı sahələrindən birini təşkil edir. Hazırda “Böyük iyirmilik” ölkələrindən ABŞ, Avstraliya, Braziliya, Çin, Hindistan, Meksika və digər ölkələr dünyanın əsas pambıq istehsalçıları sırasındadır. 
Son iki-üç ilin parlaq uğurları artıq Azərbaycanı pambıqçılıq sahəsində nəzərəçarpan uğurlar əldə etmiş dövlətlərdən birinə çevirib. Ekspertlərin fikrincə, ölkəmizdə orta məhsuldarlığın davamlı olaraq yüksəldilməsi Azərbaycanın pambıq istehsalıçısı olan ölkələr arasındakı mövqeyini daha da gücləndirəcək.
Reallıq budur ki, bu gün pambıqçılıq Azərbaycanda geniş şəkildə dövlət dəstəyi göstərilən kənd təsərrüfatı sahələrindən biridir. Təkcə ötən il pambıq istehsalçılarına təhvil verdikləri xam pambığa görə 23 milyon manatdan çox subsidiya ödənilib. Məlumdur ki, pambıqçılıq kənd təsərrüfatının yüksək əməktutumluluğu ilə seçilən sahələrindəndir. Azərbaycanda ötən illə müqayisədə 2019-cu ildə 20 rayon üzrə pambıq əkən fermerlərin sayı 2373 nəfər artaraq, 18000 nəfərə çatıb.  Ölkəmizdə hazırda 23 pambıq zavodu, 7 iplik istehsalı fabriki, 3 pambıq yağı istehsalı müəssisəsi fəaliyyət göstərir. Fermerləri, pambıq sahələrində çalışan mütəxəssisləri (aqronom, mexanizator, sürücü və s.), mövsümi işçiləri, pambıq zavodu, iplik fabriki, yağ zavodlarında çalışan insanları ümumiləşdirsək, pambıqçılığın inkişafı təxminən 200 mindən artıq insanın əsas gəlir mənbəyini təmin edir. Bu baxımdan pambıqçılıq aqrar məşğulluğun artırılmasında mühüm rol oynayır. Bəli, dövlət dəstəyinin genişləndirilməsi bu sahəyə marağı daha da artırır. Pambıqçılığın inkişafı fermerlərin sosial rifahını daha da yaxşılaşdırır. 
Hazırda Azərbaycanda 1 hektar pambıq sahəsinin becərilməsi 1058 manata başa gəlir. Bura torpağın hazırlanması, aqrotexniki tədbirlər, toxumun alınması və səpilməsi, becərmə xərcləri, məhsul yığımı və sair xərclər daxildir.
Orta məhsuldarlıq artdıqca, fermerin xalis gəliri də artır. Hesablanıb ki, məhsuldarlıq 20 sentner təşkil edərsə, hər hektardan 520 manat; 25 sentner təşkil edərsə, hər hektardan 850 manat; 30 sentner təşkil edərsə, hər hektardan 1300 manat xalis gəlir əldə olunur. 
Azərbaycanda 100,1 min hektar sahədə pambıq əkildiyini nəzərə alsaq, fermerlər orta məhsuldarlıq 20 sentner olarsa, 52 milyon manat; orta məhsuldarlıq 25 sentner olarsa, 85 milyon manat; orta məhsuldarlıq 30 sentner olarsa, 130 milyon manat xalis gəlir əldə edə bilərlər. 
Bu gəlirin bir hissəsini dövlətin fermerlərə ödədiyi subsidiyalar təşkil edir. Dövlət pambıq əkini zamanı sahələrə verilən gübrənin qiymətinin 70 faizini subsidiyalaşdırır, fermerlər gübrəni dəyərin yalnız 30 faizini ödəməklə əldə edirlər. 
Hazırda xam pambığın hər tonuna 100 manat subsidiya ödənilir. 2018-ci ildə dövlət tərəfindən 23 rayon (şəhər) üzrə 15 627 istehsalçıya təhvil verdikləri 230,4 min ton xam pambığa görə 23 038,9 min manat subsidiya ödənilib. 
Eyni zamanda, pambığın alış qiymətinin artırılması da pambıqçılığın kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olmasını təmin edib. Ötən il pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər ton üçün 50 manat artırılıb. Məsələn, 1-ci növ pambığın alış qiyməti bir ton üçün 650 manata çatdırılıb. Nəticədə fermerlər 2018-ci ildə pambığın alış qiymətinin artırılmasından 13 milyon manatadək əlavə gəlir əldə ediblər.
Uzun illər jurnalistika sahəsində fəaliyyətim ərzində pambıqçılıq sahəsində çox sayda əmək qəhrəmanları ilə görüşmüş, onların uğurlarından yazmışam. Əməyinə, səriştəsinə, təşkilatçılıq qabiliyyətinə dərin hörmətim olan pambıqçılardan biri də ­Sabi­rabaddan rayonundan olan Sosialist Əməyi Qəhrəmanı, 1-ci dərəcəli Əmək ordenli Fatma Hüseynovadır. 
Bu günlərdə fermer Fatma Hüseynovanın pambıq tarlasına baş çəkdim. Gəlişimə sevindi, gülümsəyərək dedi: 
– Yadındadır, mən sizə deyirdim ki, dövlətimiz pambıqçılığa yenidən diqqət göstərəcək. Möhtərəm Prezidentimiz İlham Əliyev haqlı olaraq bu sahəyə böyük qayğı göstərir. Allah ömrünü uzun eləsin! 
F.Hüseynova sonra bildirdi ki, son ­vaxtlar Sabirabadda, qonşu Saatlıda, İmişlidə, bir sözlə, bütün Muğanda pambıqçılığa maraq birə-on artıb. Hamı həvəslə şalışır, bol məhsul toplayıb təhvil verir. Yaxşı da qazancları olur.
Mən həmsöhbətimdən məhsuldarlığın artırılması üçün gördüyü işlər barədə soruşanda cavabında dedi: 
--Məhsuldarlığın artırılması fermerlər üçün çox sərfəlidir. Kim az məsrəf çəkib daha çox məhsul əldə etmək istəməz. Sadəcə, bu istiqamətdə qabaqcıl təcrübədən bəhrələnmək lazımdır. 
Pambıqçılıq sahəsində texnika təchizatı da ilbəil yaxşılaşır. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynlinin sözlərinə görə, hazırda pambıqçıların kənd təsərrüfatı texnikası ilə təminatı ən yüksək səviyyədədir. Təkcə ötən il “Aqrolizinq” ASC tərəfindən, ümumilikdə, 3480 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının alınması barədə müqavilələr bağlanıb, 2018-ci ildə bu texnikaların 84 faizi (2939 ədəd) Azərbaycana gətirilib. 
Hazırda pambıqçılığı dəstəkləyən texnika parkında 50 ədəd pambıqyığan kombayn, 570 ədəd traktor, 360 ədəd kotan, 420 ədəd çiyidsəpən, 350 ədəd pambıq kultivatoru, 330 ədəd traktor qoşqusu, 150 ədəd çöpdoğrayan və digər kənd təsərrüfatı texnikaları mövcuddur. Mövcud texnika sayı pambıq sahələrində becərmə, aqrotexniki qulluq və məhsul yığımını 100 faiz həyata keçirməyə imkan verir. 
V.Hüseynli, həmçinin bildirdi ki, sahənin inkişafı ilə əlaqədar müxtəlif ölkələrin təcrübələri öyrənilir. 2019-cu ildə pambıq bitkisinin becərilməsi sahəsində bir sıra ölkələrlə qurulmuş əməkdaşlıq çərçivəsində ayrı-ayrı ölkələrin pambıq becərmə texnologiyalarından istifadə edilməklə nümunəvi təsərrüfatlar təşkil olunub. 
Bu istiqamətdə konkret misallar çəkmək olar. Məsələn, Ucar rayonunda Çin texnologiyası əsasında 5-10 hektar sahədə, Beyləqan rayonunda Türkiyə texnologiyası əsasında 5 hektar sahədə, yenə Beyləqan rayonunda Yunanıstan texnologiyası əsasında 40 hektar sahədə pambıq əkini aparılıb. Nümunəvi təsərrüfatlarda ən müasir texnologiyaların tətbiqi sayəsində yüksək məhsuldarlıq əldə ediləcəyi gözlənilir. Yekun nəticədə müasir təcrübənin bütün respublika üzrə tətbiqi pambıqçılıqda orta məhsuldarlığı yüksəltməyə imkan verəcək. 

 

Məsaim ABDULLAYEV,
 “Xalq qəzeti"

 

22 2019 12:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə