Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ankara Əsəd rejiminə “odla oynamamağı” məsləhət görür

Xarici işlər naziri Suriyanın şimal-şərqindəki vəziyyəti şərh edib

Ankara Əsəd rejiminə “odla oynamamağı” məsləhət görür

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada salvadorlu həmkarı xanım Aleksandra Hill ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, rəsmi Ankara İdlibdə öz müşahidə məntəqələrinin yerlərini dəyişmək barədə düşünmür. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Qeyd edək ki, son günlər Suriyanın hökumət qüvvələri İdlib istiqamətində kəskin hücumlara başlayıblar. Hazırda Xan-Şeyxun şəhəri yaxınlığında ağır döyüşlər baş verir. Çox sayda ölən və yaralananlar var. 

Xatırladaq ki, Xan-Şeyxun şəhərinin yaxınlığında  Türkiyənin 9 nömrəli nəzarət məntəqəsi yerləşdirilib. Nazirin sözlərinə görə, Türkiyə heç bir halda həmin nəzarət məntəqəsini oradan çıxarmayacaq. Yeri gəlmişkən, əraziyə Türkiyənin əlavə qüvvələri göndərilib. 

Bu günlərdə Türkiyənin hərbi konvoyunun atəşə tutulması insidenti ilə bağlı nazir vurğulayıb ki, qoy Əsəd rejimi “odla oynamasın”. Türkiyə öz hərbçilərinin təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi addımları atacaq.  

Nazir həmçinin bildirib ki, konvoyun atəşə tutulması ilə bağlı Türkiyə hökuməti ən müxtəlif səviyyələrdə Rusiya tərəfi ilə müzakirələr aparıb.  

Türkiyənin xarici siyasət idarəsinin başçısı bir daha Suriya münaqişəsinin siyasi yolla nizamlanmasının vacib olduğunu bildirib. 

Jurnalistlər M.Çavuşoğludan Suriyada təhlükəsizlik zonalarının yaradılması ilə bağlı Türkiyə və ABŞ arasında əldə olunan razılaşmanın nə yerdə olduğu barədə də soruşublar. Nazir cavabında deyib ki, Türkiyə razılaşmanın vaxtında icra olunmasına nəzarət edir. Onun sözlərinə görə, Ankara heç cür razı ola bilməz ki, Münbiç ssenarisi təkrar olunsun. 

 

M.HACIXANLI,
“Xalq qəzeti” 

22 2019 12:04 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə