Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 il ötdü

Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 il ötdü

Azərbaycan muğam sənətinin “Xan”ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşir Şuşa şəhərində dünyaya göz açıb.

“Xan” ləqəbinin tarixçəsinə görə İsfəndiyar ustadı - Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar təbrizli Əbülhəsən xanın ifasında “Kürdü Şahnaz”ı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: “Bəlkə sən də bizim üçün “Kürdü Şahnaz”ı oxuyasan?” - deyir. İsfəndiyar 12-13 yaşından başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. “Kürdü Şahnaz”ı İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə “Əsl xan elə bu imiş ki!” - deyir. Vəcdə gələn İslam Abdullayev isə “Bu gündən sənin adın oldu Xan Şuşinski”, – deyərək ona ustad xeyir-duasını verir.

Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.

Görkəmli xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi əslində Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.

Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə “Qaragöz”ü dinləməkdən zövq alırmış.

Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib.

Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 2019 11:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə