Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regionların siması getdikcə dəyişir

Regionların siması getdikcə dəyişir

Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Dövlət başçımız hökumətin həyata keçirdiyi tədbirlərin icra prosesini daim nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdırılması istiqamətində səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi ilə bağlı reallaşdırılan tədbirləri xüsusi vurğulamaq olar.
Xatırladaq ki, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin gerçəkləşdirilməsi siyasəti ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini – neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını şərtləndirmişdir.

Böyük uzaqgörənliklə müəyyənləşdirilən qeyri-neft sektorunun inkişafı strategiyasının düzgünlüyü ötən 15 ildə öz bariz təsdiqini tapmış, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişmiş, əhalinin paytaxta axını səngiyərək əks proses başlamış, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı isə artmışdır. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən strategiyanın real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 15 il ərzində reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri də regionların tarazlı və davamlı inkişafıdır. Artıq bu ilin əvvəlində dövlət başçısı tərəfindən təsdiq edilən regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramının icrasına başlanılıb. Üç regional dövlət proqramı uğurla yerinə yetirilib və bunun nəticəsində Azərbaycan regionlarının siması köklü surətdə dəyişib. 
Xatırladaq ki, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan vəsaitlərin böyük hissəsi, ilk növbədə, dördüncü proqramın əsas istiqaməti olan infrastruktur layihələrinin icrasına yönəldilib. 
Ümumiyyətlə, bu proqram çərçivəsində regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, kənd yerlərini də əhatə etməklə məşğulluğun təmin olunması istiqamətlərində ciddi addımlar atılır. Eyni zamanda, hazırda regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verir və bölgələrdə məşğulluğun təmin olunmasında əsas rol oynayır.
Dövlət proqramlarının icra olunduğu illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb.
Bu müddətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri açılıb, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. 
Azərbaycan Prezidentinin bölgələrə vaxtaşırı səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə müəyyən vəsaitin ayrılması barədə imzaladığı çoxsaylı sərəncam regionların inkişafına göstərilən diqqətin bariz nümunəsidir. 
Prezident İlham Əliyev bu il iyulun 31-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib: “Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Bu, çox genişmiqyaslı proqramdır. Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılmışdır və Azərbaycan bu baxımdan yenə də ön sıralardadır. Çünki biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Bu il mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək. Bütün bölgələrimizdə içməli su layihələri icra edilir və bu il də bir neçə şəhərin içməli su problemi həll olunacaq. Buna da çox böyük diqqət göstərilir. Hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da ki, suvarılmayan torpaqlara su çəkilir. Bu da çox önəmli məsələdir və bu məsələ ilə bağlı əlavə addımlar atılacaq”.
Regionların inkişafının mühüm göstəricilərindən olan sənaye parkı və məhəllələri haqqında da bəzi məqamları diqqətə çatdırmaq istərdik. Hazırda yerlərdə bu cür 9 nəhəng müəssisə kompleksi yaradılıb. Onlarda 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib.
Bu gün regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması məqsədilə aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. İndiyədək 51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılıb. Artıq müsbət nəticələr var. İyirmi iki aqropark fəaliyyət göstərir, cari ilin sonuna qədər isə 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq və 4 mindən çox yeni iş yeri yaradılacaqdır.
İnvestisiyaların təşviqi sahəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir və investisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir. İndiyədək 400-ə yaxın layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb.
İnfrastruktur layihələrinin icrasının davam etdirilməsi regional proqramın əsas məqsədlərindən biridir. Elektrik, qaz təchizatı, yolların çəkilməsi regionlardakı vəziyyəti ciddi surətdə dəyişib. Artıq kəndlərdə mövcud olan köhnə yolların böyük hissəsi təmir olunub və yüksək səviyyəyə qaldırılıb. Bu da həm əhalinin rifahının yaxşılaşmasına, həm də iqtisadiyyatın inkişafına çox müsbət təsir göstərib.
Meliorasiya sahəsində görülən işlər də diqqətəlayiqdir. Min kilometrlərlə kollektor-drenaj sistemləri təmizlənir, subartezian quyuları qazılır, əhalinin istifadəsinə verilir. 
Regionlarda sosial sahədə görülən işlər də diqqət çəkir. Bu, təsadüfi deyil. Çünki regionların sosial-iqtisadi inkişafı proqramlarının əsas məqsədlərindən biri də məhz sosial sahədə layihələrin həyata keçirilməsi idi. Bu sahədə də böyük həcmdə işlər görülüb, 3 mindən çox məktəb yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub. İki ildir ki, bu sahədə artıq yeni yanaşma da mövcuddur – modul tipli məktəblərin tikintisinə başlanılıb. Bu, ilk növbədə, kiçik kəndlərdə, ucqar regionlarda yerləşən kənd məktəblərinə aiddir. Hazırda bu proqram uğurla icra olunur. 

 

“Xalq qəzeti” 

 

21 2019 12:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə