Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Küçə inqilabı”nın yetirməsindən bundan artıq nə gözləmək olar?

“Küçə inqilabı”nın yetirməsindən bundan artıq nə gözləmək olar?

Nikol Paşinyan “küçə inqilabı” vasitəsilə hakimiyyətə gələndə ermənilər çox sevinirdilər. Düşünürdülər ki, “məxməri inqilab”la hakimiyyətə gələn şəxs xalqın vəziyyətini düşünəcək, əsassız müharibəyə, əsgər ölümlərinə son qoyulacaq. Nə biləydilər ki, “küçə inqilabı”nın yetirməsi elə küçə uşağı səviyyəsində qalacaq. Ancaq hələ o zaman, Nikol Paşinyan küçə və meydanlarda qışqırıb-bağıranda bəzi ictimai-siyasi xadimlər onun ölkəyə rəhbərliyindən sonra heç bir irəliləyişin olmayacağını bildirmişdilər. Bunu, onun dövlət idarəçiliyində heç bir təcrübəsi, qabiliyyəti olmaması ilə əsaslandırırdılar. 

Nikol Paşinyanın hakimiyyəti ələ keçirməsindən sonra baş verənlər, onun qeyri-ciddi bəyanatları, münaqişəni sakitləşdirmək əvəzinə, daha da alovlandırılmasına çağırışları bir vaxtlar “küçə yetirməsi”ndən ehtiyatlı olmağı məsləhət görənlərin haqlı olduğunu təsdiqləyir. Hazırda Ermənistanın bir sıra siyasətçiləri və ekspertləri erməni xalqının təhlükə qarşısında qaldığını bəyan edir və xalqa belə çağırışlara uymamağı tövsiyə edirlər.

Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilən mitinqdə səsləndirdiyi “miatsum” şüarı erməni cəmiyyətində ciddi narazılıq yaradıb. Hətta ermənilər də baş nazirin bu çıxışını populist, qeyri-real, qızışdırıcı adlandırırlar. Artıq Dağlıq Qarabağdakı ermənilər də Nikol Paşinyanın qızışdırıcı çağırışına etirazlarını bildirirlər. Hətta bəziləri xilaskar kimi Azərbaycanı görməyə başladıqlarını gizlətmirlər. Baş nazirin bu çıxışından sonra bir erməni əsgərinin könüllü olaraq təslim olub bizim tərəfə keçməsi də bunu təsdiqləyir. 
Nikol Paşinyanın işğalçı mövqeyindən əl çəkməməsi Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinin aradan qaldırılması və nizama salınması prosesinə ciddi əngəl yaradıb. Uzun illər idi ki, münaqişənin nizamlanması istiqamətində danışıqlar aparılır, təklif olunan variantlar müzakirə olunurdu. Münaqişənin dinc vasitələrlə həll olunması, qaçqın və məcburi köçkünlərin isti ocaqlarına qaytarılması, regionda sülhün bərqərar olması müzakirələrin prioritetini təşkil edirdi. Güman edilirdi ki, Ermənistanın yeni rəhbəri konstruktiv mövqe nümayiş etdirəcək. Ancaq işğalçı ölkənin yeni rəhbəri sələflərindən daha çox aqressiv mövqe nümayiş etdirdi. O, bu yolda siyasi riyakarlığını açıq şəkildə ortaya qoydu. Beynəlxalq təşkilatların tədbirlərində özünü sülh tərəfdarı kimi göstərən Nikol Paşinyan tədbir başa çatar-çatmaz qiyafəsini dəyişib əsl erməni xislətini ortaya qoyurdu.
Hakimiyyətə gəldiyi ilk aylarda qondarma “Dağlıq Qarabağ rejimi”nin münaqişənin tənzimlənməsi prosesində bir tərəf kimi iştirakında israrlı olan Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi qarşısında geri çəkilməli oldu. Çətinliklə də olsa, ona başa salındı ki, münaqişənin yalnız iki tərəfi var. Bunlar Ermənistan və Azərbaycandır. Təbii ki, bundan fərqlı yanaşma qəbuledilməzdir. Hadisələrin sonrakı gedişi göstərdi ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycan Prezidentinin polad iradəsi qarşısında geri çəkilərək 2018-ci ilin sentyabr ayında Düşənbədə, dekabr ayında Sankt-Peterburqda və cari ilin yanvar ayında Davosda qondarma “Dağlıq Qarabağ rejimi”nin iştirakı olmadan danışıqlar aparmaq məcburiyyətində qalıb. Danışıqlarda da hiss etdi ki, beynəlxalq birlik Azərbaycan dövlət başçısının mövqeyini dəstəkləyir. 
İşğalçı ölkənin rəhbəri onu da dərk etdi ki, Prezident İlham Əliyev Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirərək, bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirir. Yeri gəlmişkən qeyd edim ki, dövlətimizin başçısı bütün xarici səfərlərdə, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda, hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulayıb. Bununla yanaşı, dövlətimizin başçısı münaqişənin dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirir, beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edir. 
Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən Prezident İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulayıb. Eyni zamanda, Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın mövqeyi birmənalıdır və bütün təzyiqlərə baxmayaraq, sonadək bu mövqeyi müdafiə edəcək.
Bütün bunlardan sonra Ermənistanın baş naziri Xankəndidə “miatsum” şüarını səsləndirməklə, ermənilərin öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışır. Ancaq unudur ki, ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ XX əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək Azərbaycan ərazisində özlərinin müstəqil dövlətini – Ermənistan Respublikasını yaratmışlar. Dövlət başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan edib ki, bugünkü Ermənistan dövləti 1918-ci ildə qurularkən tarixi Azərbaycan torpaqlarından olan İrəvan xanlığı və Zəngəzur mahalı ərazilərində yaradılıb. 
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. Azərbaycan xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir. Ermənistan rəhbərliyi bunu birdəfəlik dərk etməli, beynəlxalq hüquq normalarına əməl etməli və öz ordusunu işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarmalıdır.

 

Yusif AĞAYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosen

21 2019 12:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə