Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pensiya və müavinətlərə ayrılmış vəsaitin həcmi artırılıb

Pensiya və müavinətlərə ayrılmış vəsaitin həcmi artırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ilkin məlumatlarına əsasən, cari ilin yanvar--iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılaraq 1854,8 milyon manata çatdırılıb. Vəsaitin 97,7 faizini pensiya xərcləri təşkil edib.

2019-cu il iyulun 1-nə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunda 1291,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30 faizi əlilliyə, 11,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 232,3 manat təşkil edib və orta aylıq əməkhaqqının 39,7 faizinə bərabər olub.

“Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2019-cu il 19 fevral tarixli Qanuna əsasən 2019-cu il martın 1-dən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunub.

2019-cu il iyulun 1-nədək 383,6 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 68 min nəfər, əlilliyə görə -- 173 min nəfər, ailə başçısını itirməyə görə -- 47,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 66,1 min nəfər olmuşdur.

Əmək pensiyası almaq hüququ olmayan 1,6 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 286 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 9 min ailəsinə 16,1 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 1294 nəfər bir yaşınadək uşağı olan 1269 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 9 min uşaq üçün sosial müavinət verilib.

2019-cu ilin altı ayı ərzində ƏƏSMN tərəfindən 32102 ailəyə 34241 uşağın anadan olmasına görə, 4126 nəfər radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxsə müalicə üçün və 3355 nəfər penitensiar müəssisələrdə cəzaçəkməkdən azad edilmiş şəxsə birdəfəlik müavinətlər verilib.

Cari il iyulun 1-nədək əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 380 nəfər zərərçəkən kompensasiya alıb.

Azərbaycan Prezidentinin təqaüdü təyin olunmuş müxtəlif kateqoriyadan olanların sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 239,8 min nəfər olub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 2019 12:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə