Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığı yüksələn xətlə inkişaf edir

ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığı yüksələn xətlə inkişaf edir

Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır. İki ölkə müxtəlif sahələrdə, o cümlədən, enerji sahəsində uzunmüddətli strateji əlaqələrə malikdir. Qeyd edək ki, ABŞ rəsmiləri tərəfindən bir sıra layihələrin, o cümlədən, Cənub Qaz Dəhlizinin reallaşmasına daim sadiqlik göstərilib, bu layihədə Azərbaycanın aparıcı rolu təqdir olunub, onun Avropaya həqiqi diversifikasiya, əlavə qaz mənbəyi gətirdiyi xüsusi vurğulanıb. 

İyirmi yeddi il ərzində Amerika şirkətləri Azərbaycan iqtisadiyyatına 13,6 milyard dollar investisiya yatırıb, ölkəmizin Amerika iqtisadiyyatına portfel investisiyaları isə 8,2 milyard dollar təşkil edib. Ötən il Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 860 milyon dollar təşkil edib ki, bunun da 330 milyon dolları Azərbaycan məhsullarının ABŞ-a ixracının payına düşüb.

Ötən müddətdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycan hökuməti ilə birgə Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramını dəstəkləyib. Sözügedən layihə çərçivəsində yerli hökumət nümayəndələri, vətəndaşlar və qeyri-hökumət təşkilatları bir araya gələrək icmaların üzləşdikləri problemləri həll ediblər. Ümumilikdə proqram çərçivəsində 59 layihə tamamlanıb ki, onların bir neçəsinin sayəsində kəndlərdə içməli su təmin olunub, 52 icmada yolların bərpası və tibb müəssisələrinin inşası həyata keçirilib. Son üç il ərzində 85 mindən çox azərbaycanlı bu layihələrdən yararlanıb. 

Xatırladaq ki, USAID indiyədək ölkəmizin bir sıra sahələrində, eləcə də biznes əməkdaşlığının genişlənməsində də fəal iştirak edib. Bu qurum kənd təsərrüfatı müəssisələrinə və fərdi sahibkarlara texniki yardım göstərmək, onları biznes təlim proqramları ilə təmin etmək, Azərbaycanın perspektivli sənaye sahələrinin inkişafı üçün innovativ elmi və bazar əsaslı həlləri reallaşdırmaq, habelə dövlət-özəl sektor tərəfdaşlığını möhkəmləndirmək kimi qarşıya qoyulan vəzifələri uğurla gerçəkləşdirib. USAID, eyni zamanda, respublikamızda qida təhlükəsizliyi standartlarının təkmilləşdirilməsi, kənd təsərrüfatı və aqrotexniki bacarıqların artırılması məsələlərinin həllində də müsbət nəticələr əldə edib.

Hazırda respublikamızın ABŞ-la aqrar sahədə əməkdaşlığı daha çox diqqət çəkir. Vaşinqtonda fəaliyyət göstərən ABŞ–Azərbaycan Ticarət Palatası tərəfindən bu ilin aprelində təşkil olunan İllinoys–Azərbaycan Kənd Təsərrüfatı Forumunda Azərbaycan məhsullarının təqdimatı bunun bariz ifadəsidir. Forum zamanı ölkələrimiz arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi məsələsi geniş müzakirə olunub. Azərbaycan ilə ABŞ arasında ikinci kənd təsərrüfatı forumu isə bu il noyabrın 6-8-də Oklahomada keçiriləcək.

Forum ən yaxşı təcrübələri bölüşmək və hər iki tərəfin iqtisadiyyat sektorunda tərəfdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün özəl sektordan olan nümayəndələri, kənd təsərrüfatı məhsulları istehsalçılarını, habelə Oklahoma və Azərbaycanın dövlət sektorundan kənd təsərrüfatı sahəsində çalışan məsul şəxsləri bir araya gətirəcək.

Oklahoma-Azərbaycan Forumu heyvandarlıq sahəsinə xüsusi diqqət yetirərək, təsərrüfatın idarə olunması, nizamlanması və geniş çeşidli taxıl məhsullarının təbliğini əhatə edəcək.
ABŞ-da çovdar üzrə birinci, mal əti üzrə isə ikinci ən böyük istehsalçı olan Oklahomanın kənd təsərrüfatı dövlətin illik iqtisadiyyatının 7,1 milyard dollarını təşkil edir və bu sahə üzrə məhsul ixracı dövlətə ildə 1,9 milyard dollar gəlir gətirir. 

 

“Xalq qəzeti”

 

21 2019 11:59 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə