Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antiazərbaycan qüvvələrin bütün fitnə-fəsadları iflasa məhkumdur

Antiazərbaycan qüvvələrin bütün fitnə-fəsadları iflasa məhkumdur

Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq.

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti

Antiazərbaycan qüvvələr deyəndə, təkcə Əli Kərimlinin başına toplaşanlar, “Milli Şura” deyilən qurumun iclasında iştirak edənlər, Leyla Yunusun dəstəsi, İrəvanda “talış problemini həll edən” Əlikram Hümbətovun boşboğazları, ölkə daxilində “siyasi məhbus” bazarı açanlar nəzərdə tutulmur. Doğrudur, onlar da antiazərbaycan qüvvələrin vintcikləri, detallarıdır. Ancaq antiazərbaycan qüvvələrin bir çoxu zəhərli ilan kimi “daş altında” gizlənib. 

Ölkəmizin dövlət müstəqilliyinin qorunmasını birmənalı olaraq istəməyənlər var və onlar üzə çıxmır, hansısa Leyla Yunusun, Əli Kərimlinin və ya Əlikram Hümbətovun vasitəsilə dövri olaraq aranı qatmağa çalışırlar. Burada xüsusilə vurğulamalıyıq ki, elə ermənilərin özləri də beynəlxalq aləmdəki antiazərbaycan qüvvələrin əlində əsir-yesir olublar. Bu yaxınlarda erməni ziyalılarından biri öz xalqına sual verdi ki, biz nə vaxta qədər kimlərinsə göstərişi ilə Türkiyəyə və Azərbaycana düşmən gözü ilə baxacağıq? Axı bu sifarişli düşmənçilik ermənilərə nə qazandırıb?

Yəni biz antiazərbaycan qüvvələr deyəndə, təkcə erməniləri yox, həm də onlara havadarlıq edənləri nəzərdə tuturuq. 

Azərbaycanın qüdrətli dövlət olmasını o kəs istəməz ki, ölkəmizin təbii sərvətlərini, var-dövlətini talayıb aparmağa çalışsın. Ancaq Heydər Əliyev siyasəti ölkəmizi elə inkişaf etdirib ki, həmin talançıların əli boşda qalıb. Bakının ünvanına yağdırılan hərzə-hədyanların əsas səbəbi də məhz həmin “əliboşların” sifarişidir. Onları daha çox yandırıb –yaxan isə xalqın öz iqtidarına olan inam və etimadıdır. Dövriyyəyə buraxılan ssenarilərin hamısı həmin inama xələl gətirmək məqsədi daşıyır. 

Məsələn, bir müddət əvvəl Avropada çıxan qəzetlərdən biri yazmışdı ki, Azərbaycan Dağlıq Qarabağın ətrafında olan yeddi rayondan beşinin azad edilməsi müqabilində ölkəyə xarici ordunun gətirilməsinə razılıq verib. Xalqın dövlət başçısına olan inamını sarsıtmaq üçün bundan fitnəkar variant düşünmək mümkün deyildi. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə həmin cəfəngiyyata münasibət bildirərkən demişdir: “Əgər biz suverenliyimizin bir hissəsini hansısa ölkəyə bağışlasaydıq, Ermənistanın işğalı altında olan Qarabağ çoxdan azad olunardı. Amma bizə yarımçıq müstəqillik lazım deyil”. 

Bir müddət sonra Almaniya mətbuatında eyni məqsədi güdən – ölkəmizdəki xalq–iqtidar vəhdətini hədəfə alan növbəti iftira işıq üzü görmüşdü ki, guya Rusiya Azərbaycanda hərbi baza yaradacaq, bunun əvəzində Ermənistanın işğalı altında olan ərazilərdən 5 rayonun Azərbaycana qaytarılacağına kömək edəcək. Yenə də məsələyə YAP adından münasibət bildirən Aydın Mirzəzadə olmuşdu: “Bu informasiyanın heç bir əsası yoxdur. Çünki Azərbaycan Respublikasının hərbi doktrinasına görə Azərbaycanda xarici ölkələrin hərbi bazası yaradıla bilməz. Azərbaycanın 1993-cü ildən bəri – əvvəlcə ümummilli lider Heydər Əliyevin, indi isə Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın müstəqil dövlət siyasətidir və Azərbaycan heç bir halda suverenliyini nəyəsə görə qurban verə bilməz”. Ötən dövr sübut etdi ki, bədxahlarımızın bütün iftiraları əsassızdır və iflasa məhkumdur.

Yeri gəlmişkən, burada təkcə xalqın iqtidara olan inamını zədələmək deyil, həm də Azərbaycanın yaxşı münasibətləri olan qonşuları ilə münasibətlərini korlamaq məqsədi də var. Yəni Azərbaycanla Rusiya arasında yaxşı qonşuluq münasibətləri var və bu dövlətlər bir-birini başa düşməyə, bir-biri ilə sıx əməkdaşlıq etməyə çalışır. Bədxahlarımız belə informasiyalar yaymaqla Azərbaycanla Rusiyanın arasını vurmağa, Dağlıq Qarabağ probleminin həll edilməsində əlavə əngəllər yaratmağa, ən əsası isə dövlətimizi düşünülməmiş addımlar atmağa sürükləməyə çalışırlar. Təbii ki, həmişə uduzur, istəklərinə çata bilmirlər.

Dövlətimizin gündən-günə qüdrətlənməsini, Azərbaycan həqiqətlərinin dünyanın bütün rəsmi tribunalarından səsləndirilməsini, paytaxtımızda hər il neçə beynəlxalq tədbirin keçirilməsini, NATO və ABŞ generallarının ən mühüm məsələləri müzakirə etmək üçün Bakını seçməsini gözü götürməyənlər ölkə daxilinə yeriyir, buradakı “beşinci kolon”un köməyi ilə nəyəsə nail olmağa çalışırlar. Yeri gəlmişkən, “beşinci kolon” deyilən qüvvənin mövcudluğu heç bir ölkə üçün ayıb sayılmır. Yəni belə qüvvələr dünyanın bütün ölkələrində var. Mətbuatda ABŞ, Rusiya, Çin, Fransa, Britaniya, İran və başqa dövlətlərdə xarici qüvvələrə işləyən adamların ifşa edilməsi barədə kifayət qədər xəbərlər yayılır. Ancaq bizim ölkədəki “beşinci kolon” məhz öz soydaşlarımızdan ibarətdir.

Onlar hansısa qrant, qonorar və ya həvəsləndirmələrin müqabilində ölkəmiz haqqında ağızlarına və ağıllarına gələn cəfəngiyyatı yazır və ya danışırlar. Xüsusən, son aylar daha çox fəallaşıblar. Çünki bu il Azərbaycan dünyanın 120-dən artq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrlik edəcək. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmiz 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Bu kimi mühüm hadisələr Azərbaycana inamın, ölkəmizin ədalətli mövqeyinə dəstəyin göstəricisi, diplomatiyamızın uğurudur. Bu uğurlara yol açan əsas amil isə sabitlikdir ki, onun da əsas təminatçısı xalq-iqtidar birliyidir. Həyata keçirilən siyasətə, irəli sürülən təşəbbüslərə xalqın dəstəyi sabaha olan inamı artırmaqla yanaşı, xalq-iqtidar birliyini də möhkəmləndirir, sarsılmaz edir. 

Bir müddət əvvəl Fransanın “Opinion Way” şirkətinin keçirdiyi sorğu dövlətimizin başçısı İlham Əliyevin reallaşdırdığı siyasətə, hərtərəfli islahatlara xalqın dəstəyinin, həmçinin bu və ya digər sahələrdə uğurlarımızın təqdimatı kimi dəyərləndirilir. Bu isə daxili və xarici antiazərbaycan qüvvələrin çirkin kampaniyalarının nə qədər əsassız olduğunu açıqlayır. 
Hamının gözünün qabağında olan faktdır ki, Azərbaycanın müstəqil siyasətindən, davamlı uğurlarından narahatlıq xarici antiazərbaycan qüvvələrin əsassız təbliğat kampaniyalarına səbəb olur. Zaman isə sübut edir ki, onların hər bir cəhdləri reallıqlarımız fonunda uğursuzluğa düçar olur. Xarici antiazərbaycan qüvvələr, onlara xidmət edən “Trensparency İnternational”, “Amnisty İnternational”, OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. 

Bu kimi çirkin kampaniyaların daha çox hansı vaxtlarda həyata keçirildiyini də hamı yaxşı bilir. Elə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi də belə narahatlıqların artmasında “mühüm rol oynayır”.

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

21 2019 11:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə