• USD: 1.7000
  • EUR: 1.9340
  • RUB: 0.0258
  • TRY: 0.3157
  • Bakı + 11.3 ° C / 81%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın Baş nazirinin sərsəm açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlikdir

Ermənistanın Baş nazirinin sərsəm açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlikdir

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya son səfəri zamanı bu ölkənin “Kommersant” qəzetinə müsahibəsində Dağlıq Qarabağ probleminin həlli məqsədilə müzakirələrdə Ermənistanın baş naziri kimi iştirak edə biləcəyini, lakin Dağlıq Qarabağın adından fikir söyləməyəcəyini xatırladıb. Daha sonra isə Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın yeddi rayonunun “konstitusiyaya” əsasən, “DQR” ərazisi hesab etdiyini bildirib. 
Nikol Paşinyan, hətta Dağlıq Qarabağ əhalisinin Ermənistanda hakimiyyətin formalaşması prosesində iştirak etmədiyini, onların öz hakimiyyəti, öz hökumətləri, prezidenti olduğunu da bildirib.
Xatırladaq ki, Paşinyan bu mövqeyini hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağa etdiyi səfər zamanı da dilə gətirmişdi. Onun həmin bəyanatı Ermənistanın özündə də ciddi təəccüb və tənqidlə qarşılanmışdı. Bundan sonra Ermənistanın baş naziri yenidən mövqeyini dəyişmiş və Azərbaycan tərəfi ilə danışıqlara hazır olduğunu bildirmişdi. Amma az keçməmiş o yenidən əvvəlki fikrinə qayıtmışdı. 
Bu məqama toxunan Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov vurğulayıb ki, ölkəsinin hazırkı hökumətinin xarici siyasət kursu yoxdur: “Konsepsiyadan söhbət belə gedə bilməz. Bu insanlar hər saatda fərqli düşünürlər. Onlar Qarabağa gedib bir, sonra isə tamam başqa şey deyirlər. Paşinyan hökumətinin Qarabağ konflikti ilə bağlı heç bir konsepsiyası yoxdur. Deyir ki, gəlib xalqla müzakirə edəcəyəm. Axı indi Nikolayın zamanı deyil. Sizin etdikləriniz biabırçılıqdır. Bəs hökumət nəyə lazımdır? Yəni bununla sən üzərinə məsuliyyət götürmürsən?!.”.
N.Paşinyan sərsəm açıqlamaları ilə Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətlərin yolu ilə getdiyini, Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa konstruktivlik nümayiş etdirmək niyyətinin olmadığını ortaya qoyub. Xatırladaq ki, işğalçı ölkənin keçmiş rəhbərliyi Dağlıq Qarabağ siyasəti üzündən iqtidardan devrilib. Bu siyasətin hazırda davamı isə Paşinyanın da gec-tez devriləcəyindən, eyni aqibəti yaşayacağından xəbər verir.
Qeyd edək ki, Ermənistanın baş naziri belə sayıqlaması ilə, həmçinin ATƏT-in Minsk qrupununun həmsədr ölkələridən biri olan Rusiyanın uyğun fəaliyyətinə də ciddi zərbə vurub. Belə ki, N. Paşinyan “İşğal altındakı ərazilər gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır. Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir”, -deyirsə və Ermənistanın Dağlıq Qarabağın ərazicə kimə mənsub olması ilə bağlı Azərbaycanla mübahisədə heç bir güzəştə getməyəcəyini vurğulayırsa, deməli, həm respublikamıza, həm bütün dünyaya, həm də ATƏT-in Minsk qrupununun həmsədr ölkələrinə meydan oxuyur, işğalçılıq iddiasından əl çəkmir, torpaqlarımızın işğaldan azad edilməyəcəyi fikrindən daşınmır. 
N. Paşinyan bu fitnəkarlığı ilə bir daha göstərir ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, digər region ölkələrinə qarşı ərazi iddiaları, həmçinin Türkiyəyə qarşı “erməni soyqırımı” tələbi irəli sürən, torpaq və təzminat tələb edən Ermənistan öz təcavüzkar siyasəti ilə regional təhlükəsizliyə ciddi zərbə vurur. 
Ermənistanın baş nazirinin qondarma Dağlıq Qarabağ rejimini müstəqil dövlət kimi göstərmək istəməsi də həyasızlıqdan başqa bir şey deyil. O, bu barədə fikrinin əsassız olduğunu da yaxşı anlayır, sadəcə ölkəsinin işğalçılıq siyasətinə sədaqətini ifadə edir.
Bu barədə fikir bildirən ekspertlərin qənaətincə, Dağlıq Qarabağ müstəqil dövlət deyil, özünün pul vahidi, ordusu, sərhədləri yoxdur, iqtisadiyyatı tamamilə çöküb. Dövlət olaraq tanınmayıb.
Hazırda orada Ermənistanın pul vahidi olan dram tədavüldədir. Ordu isə demək olar ki, Ermənistan vətəndaşlarından ibarətdir, əhali, necə deyərlər, dilənçi kökündə yaşayır. 
Ümumiyyətlə, Ermənistanın baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab etməsinə dair açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə ciddi zərbədir.
Ermənistan rəhbərinin bu açıqlamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birinin paytaxtında və həmsədrlərin vasitəçiliyi ilə nazirlər səviyyəsində Nyu- Yorkda keçirilməsi planlaşdırılan görüş ərəfəsində etməsi isə Rusiyanın vasitəçilik missiyasına, necə deyərlər, saymaz münasibət bəsləməsindən irəli gəlir.
Ermənistanın baş naziri Nikol Paşinyanın “Kommersant” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlər, həm də onu deməyə əsas verir ki, hazırkı işğalçı ölkə hökumətinin, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir konsepsiyası yoxdur. N.Paşinyanın da bu sərsəm mülahizələri onun sözügedən məsələyə qeyri-ciddi yanaşdığını göstərir. Ekspertlərin fikrincə, belə münasibət isə, şübhəsiz ki, Ermənistan xalqı üçün yaxşı heç nə vəd etmir, bu işğalçı ölkə əhalisinin bundan sonra daha acınacaqlı sosial durumla üzləşəcəyi əminliyini ifadə edir. 
N.Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi sərsəm fikirlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev tərəfindən verilən açıqlamada da münasibət bildirilib. O qeyd edib ki, yaxın zamanda Ermənistan rəhbərliyinin münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında, yoxsa son iki onillik ərzində Ermənistan rəhbərliyində olan səhra komandirlərinin müharibə siyasətini davam etdirməkdə maraqlı olduğu bəlli olacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü sonda diqqətə çatdırıb ki, bu kimi açıqlamalarla vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistan və onun rəhbərliyinin üzərinə düşür.
Bu gün Azərbaycan dünyada beynəlxalq əməkdaşlığı genişlənən, siyasi nüfuzu güclənən, iqtisadiyyatı dinamik inkişaf edən, mütərəqqi və islahatçı ölkə kimi tanınır. Dövlətimizin daxili və xarici siyasəti bir-birini tamamlayır. Azərbaycan Prezidentinin çoxsaylı xarici səfərləri həmin ölkələrlə, nüfuzlu beynəlxalq qurumlarla sıx, geniş, çoxtərəfli müxtəlif formatda siyasi və iqtisadi əməkdaşlığına zəmin yaradır. Nəticədə Azərbaycan dünyada mühüm regional iqtisadi-siyasi mərkəzə, tranzit nəqliyyat qovşağına çevrilir.
Hazırda respublikamız, həm də Avropanın enerjiyə olan ehtiyaclarının ödənilməsinə önəmli töhfə verir. Ermənistan isə Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayır və regionda sabitliyi təhdid etməklə mühüm enerji və nəqliyyat layihələrinin reallaşmasına mane olmağa çalışır. 
SSRİ dağıldıqdan sonra Ermənistanın həyata keçirdiyi siyasətin təhlili onu deməyə əsas verir ki, bu ölkə regionun iqtisadi və siyasi inkişafını şərtləndirən layihələrdən kənarda qalıb, özünütəcrid vəziyyətinə düşüb və ciddi social- iqtisadi problemlərlə üzləşib. Ermənistan Xəzər hövzəsi enerji resurslarının Avropa bazarlarına daşınmasında münasib məkanda yerləşməsinə baxmayaraq, geosiyasi mövqeyinin ona verdiyi bu fürsətdən istifadə etməyib. Bu isə onun üçün ağır nəticələrə səbəb olub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

11 2018 21:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin