Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycandakı investisiya mühiti dünyada yüksək qiymətləndirilir

Azərbaycandakı investisiya mühiti dünyada yüksək qiymətləndirilir

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi amilin ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların uğurla icrası da ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini yüksək səviyyədə təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır. 

Azərbaycan hökuməti iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla həyata keçirir. Ona görə də hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər isə qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması mühüm önəm daşıyır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) əcnəbi investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulan layihələrin sahibkarlıq subyektlərindən qəbuluna xüsusi əhəmiyyət verir. Bu zaman investisiya layihələrində əsas diqqət maliyyə baxımından əsaslandırılan və iqtisadi cəhətdən səmərəli olan, beynəlxalq standartlara uyğun gələn müəssisələrin yaradılmasına və həmin obyektlərdə ixracyönümlü və idxaləvəzləyici məhsulların istehsal edilməsinə yetirilir. 

Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb. 

Yeri gəlmişkən, Azərbaycan Aİ-nin Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. Aİ-nin bu regionla ticarətinin 78 faizi Azərbaycanın payına düşür. Ötən il ölkəmizin xarici ticarətində bu qurumun payı isə 42 faiz təşkil edib. Bununla belə, ticarətin genişləndirilməsi üçün ardıcıl tədbirlər görülüb. Mütəmadi olaraq ixrac missiyaları təşkil olunub, sahibkarlarımız beynəlxalq sərgilərdə iştirak ediblər. Azərbaycanın Polşada 10 ölkəni əhatə edən ticarət nümayəndəliyi, Riqa və Varşavada Ticarət Evləri fəaliyyət göstərir. Ötən il Aİ ilə ticarət dövriyyəsində 30 faizlik artıma nail olunub.

İnvestisiya sahəsində də uğurlu əməkdaşlıq mövcuddur. Aİ ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına 33,6 milyard dollar, ölkəmiz tərəfindən isə həmin quruma üzv ölkələrə 15 milyard dollaradək investisiya yatırılıb. Azərbaycanda Aİ ölkələrinin 1600-dən çox şirkəti fəaliyyət göstərir. 

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib: “Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir”.

Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması ölkəmizin, həm də siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla yanaşı, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində də ölkədə güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. 

Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” də ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərir. Başqa sözlə, adıçəkilən Strateji Yol Xəritəsinin müvafiq hədəflərini reallaşdırmaqla biznes mühitinin səmərəliliyinin artırılması istiqamətində ortamüddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiqi, maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi gerçəkləşdirilir. 

Adıçəkilən Strateji Yol Xəritəsinin beşinci bölməsində göstərilir ki, 2025-ci ilə qədər Azərbaycanda hər il ÜDM istehsalı 3 faizdən çox artacaq və əlavə olaraq 450 mindən çox yeni iş yeri yaradılacaq. İqtisadiyyatın sektorları üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində isə qeyri-rəsmi məşğulluğun payı azalacaq.

Göründüyü kimi, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı tərəfdaşı olması ölkəmizə investisiya axınını şərtləndirib. Bu məsələdə hökumət tərəfindən “açıq qapı” siyasətinin reallaşdırılması da stimullaşdırıcı rol oynayıb. Bu, öz ifadəsini investorların hüquq və mənafelərinin qorunmasında, mülkiyyətin toxunulmazlığında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında daha qabarıq büruzə verib. “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunların və bir sıra normativ sənədlərin qəbulu məhz bu məqsədi daşıyıb. 

Hazırda respublikada sənayenin, kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən daxili investisiya layihələri nəticəsində zavod-fabriklər, sənaye parkları və sənaye məhəllələri, texno və aqroparklar, eləcə də digər təyinatlı istehsal obyektləri uğurla fəaliyyət göstərir. Böyük sənaye müəssisələrinin tikintisi üçün investisiyaların ayrılması Prezident İlham Əliyevin iqtisadi strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir.

Ötən il ölkə iqtisadiyyatına 8,2 milyard dolları xarici investisiyalar olmaqla, 15,3 milyard dollar investisiya yatırılıb. Ümumilikdə isə müstəqillik illərində investisiyaların həcmi 263 milyard dollar olub ki, bunun da 50 faizdən çoxu xarici sərmayələrdir. 

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

21 2019 11:23 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə