Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Taxılçılığın inkişafında mühüm mərhələ

Taxılçılığın inkişafında mühüm mərhələ

Azərbaycanda son illər ərzində aqrar islahatların uğurla  reallaşdırılması nəticəsində yüksək əlavə dəyər yaradan ənənəvi sahələrin inkişafı sürətlənib. Pambıqçılıq, tütünçülük, çəltikçilik, baramaçılıq, çayçılıq, üzümçülük və sitrus meyvəçiliyi ilə bağlı qəbul olunan dövlət proqramlarının icrası uğurla davam etdirilib. Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və çeşidinin genişləndirilməsinə müxtəlif dövlət dəstəyi mexanizmlərinin tətbiqinə üstünlük verilib,  güzəştli kreditlərin və subsidiyaların ayrılması, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyalardan istifadə olunması ilə bağlı məqsədyönlü tədbirlər reallaşdırılıb. 

Aqrar sahədə sistemli şəkildə həyata keçirilən islahatlar və göstərilən yüksək dövlət dəstəyi nəticəsində istehsal göstəriciləri də davamlı olaraq yüksəlib. Bu nəticələr daxili bazarda yerli istehsal hesabına təklifin artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə, fermerlərin gəlir əldə etmək imkanlarının yaxşılaşmasına şərait yaratmaqla bərabər, qeyri-neft ixracının artırılmasına mühüm töhfə verib.

Həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir ki, kənd təsərrüfatının əksər sahələrində olduğu kimi, taxılçılıqda da yüksək göstəricilər əldə edilib. İyulun 31-də  sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə taxıl istehsalının 40 faiz artdığını vurğulayan dövlətimizin başçısı məhsuldarlığın da kifayət qədər yüksək olduğunu bildirib: “Əvvəlki illərlə müqayisədə indi orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Ancaq elə təsərrüfatlar var ki, orada məhsuldarlıq 60 sentnerdir və ondan da çoxdur. Yəni, bu, onu göstərir ki, müasir yanaşma, kənd təsərrüfatının elmi əsaslarla inkişafı məhsuldarlığı böyük dərəcədə artırır və artıracaq”.

Həmin müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov isə deyib: “Bizim əsas qayğımız və vəzifəmiz əkin balansımızı təşkil edən taxılçılıqla bağlı olub. Bu il 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Həyata keçirilən tədbirlər nəticəsində əsas məsələ düzgün texniki təminatın təmin edilməsi olub. Belə ki, hər il fermerlərimiz bu sahə ilə bağlı çoxsaylı müraciətlər ediblər. Amma dislokasiya sisteminin qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara “GPS” quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da bu il daha yüksək olub. Ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner daha çox məhsul əldə edilib. 

Son məlumata görə, ölkə üzrə 3161692,4 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,4 sentner təşkil edib. 
Yüksək aqrotexniki tədbirlərin həyata keçirilməsi məhsuldarlığı artırıb. Məsələn, builki mövsümdə “Ulu-Aqro” MMC-nin Qax Aqroparkında payızlıq taxıl əkilən 1100 hektar sahədən 4 min 165 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 37,9 sentner təşkil edib. Pivot suvarma sistemi ilə suvarılan sahələrdə məhsuldarlıq daha yüksək – 57,8 sentner, dəmyə sahələrdə isə 27,1 sentner olub.

Cari ildə aqroparkın ərazisində 201 hektar sahədə dən üçün qarğıdalı əkilib. Hazırda qarğıdalı sahəsinə aqrotexniki qulluq işləri davam etdirilir. Eyni zamanda, gələn ilin məhsulu üçün 1500 hektar sahədə yay şumu çıxarılıb. Taxıl biçini başa çatdıqdan sonra 150 hektarda təkrar qarğıdalı əkini də aparılıb.
Ağsuda taxıl biçini kampaniyası uğurla yekunlaşıb. Cari mövsümdə 36 min 355,5 hektarı əhatə edən zəmilərdən 116 min 420 ton taxıl götürülüb. Bu göstərici ötən ildəkindən 16 min 518 ton çoxdur. Hər hektardan məhsuldarlıq 2,1 sentner artaraq 32 sentnerə çatıb.

Rayonun bir sıra ərazilərində, o cümlədən Gəgəli, Bico, Kəndoba, Çaparlı, Qaraqoyunlu ərazi dairələrində sahibkarlar daha yüksək məhsuldarlığa nail olublar.

Qazax rayonunda ötən ilin payızında 2019-cu ilin məhsulu üçün 12555 hektar payızlıq taxıl, o cümlədən 8305 hektar buğda, 4250 hektar arpa səpilib. Həmin taxıl sahələrindən 42330 ton məhsul götürülüb. 4250 hektar arpa sahəsindən 10902,2 ton, 8305 hektar buğda sahəsindən isə 31427,8 ton məhsul tədarük olunub. Cari mövsümdə orta məhsuldarlıq 33,7 sentner təşkil edib. Arpa sahələrində məhsuldarlıq  25,65 sentner, buğda sahələrində isə 37,8 sentner olub.

Göygöl rayonunun tarlalarında isə bu ilin məhsulu üçün 8007,8 hektar sahədə biçin aparılıb. Ondan 5645,8 hektarını buğda, 2362 hektarını arpa təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə biçin sahəsi 375,6 hektar, o cümlədən buğda sahəsi 97,2 hektar, arpa sahəsi isə 278,4 hektar artıb. Bütövlükdə taxıl məhsulu 1075,7 ton artaraq 20800 tona çatıb. Taxıl məhsulunun 14946 tonu buğda, 5854 tonu isə arpa məhsulları olub.

Cari ildə rayon üzrə taxılın məhsuldarlığı hər hektardan 26 sentner, buğdanın məhsuldarlığı 26,5 sentner, arpanın məhsuldarlığı 26,5 sentner olub. Bu ilin məhsuldarlığı əvvəlki ilə nisbətən hektara 0,2 sentner çoxdur.

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası uğurla başa çatıb. Cari mövsümdə rayonda 67 min 731 hektar sahənin məhsulu biçilib, 234 min 631 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 34,6 sentner təşkil edib. Taxıl istehsalı ötən illə müqayisədə 13,6 min ton artıb.

Tədarük edilən taxılın 160 min 505 tonu buğda, 74 min 126 tonu isə arpadır. Buğda sahələrində hər hektardan orta məhsuldarlıq 34,8 sentner, arpa zəmilərində isə 34,2 sentner olub.
Rayon üzrə ən yüksək məhsuldarlıq Bolludərə ərazisindəki taxıl sahələrində qeydə alınıb. Həmin təsərrüfatlarda hər hektardan orta məhsuldarlıq 41 sentner təşkil edib.
Xatırladaq ki, ötən il şəkili fermerlər 67 min 162 hektar taxıl sahəsindən 221 min ton məhsul əldə etmişdilər. Hər hektardan orta hesabla 33 sentner məhsul götürülmüşdü.
Qobustanda arpa üzrə məhsuldarlıq 23,7 s/ha, buğda üzrə məhsuldarlıq 25,3 s/ha təşkil edib. Xaçmazda arpa üzrə məhsuldarlıq 30 s/ha, buğda üzrə məhsuldarlıq 34,8 s/ha təşkil edib. Naxçıvan Muxtar Respublikasında, Şəmkir, Quba və Qusar rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə olunub.

 “Xalq qəzeti” 

 

 

21 2019 11:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə