Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət proqramı regionların mədəni həyatının zənginləşməsinə yeni təkan verəcək

Dövlət proqramı regionların mədəni həyatının  zənginləşməsinə yeni təkan verəcək

Prezident İlham Əliyevin  sərəncamı ilə “Azərbaycan Respublikası regionlarının 2019 – 2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqramda  regionların  iqtisadi inkişafı ilə yanaşı, sosial sahənin də  tərəqqisinə  xüsusi yer verilir. Qeyd edək ki,  bundan əvvəlki   dövlət  proqramlarında nəzərdə tutulmuş  regionların  mədəni inkişafı ilə  bağlı məsələlər uğurla həll olunmuşdur.

Yeni proqramda mədəniyyətin  bir sıra prioritetləri müəyyən edilib. Qarşıdakı illərdə regionlarda mədəni irsin qorunması, qloballaşma şəraitində mədəni çeşidliliyin daha da inkişaf etdirilməsi, daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı, regionlarda mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi üzrə müvafiq tədbirlər davam etdiriləcək.

Dövlət proqramında qeyd olunan istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkə regionlarının davamlı inkişafında və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, eləcə də ölkə əhalisinin rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayır.

Mədəniyyət naziri Ə.Qarayev də bu sahədə mühüm işlərin görülməsinin vacib olduğunu dəfələrlə vurğulayıb: "Bizim  qurumun  qarşısına müəyyən vəzifələr qoyulub. Bu vəzifələrin icra müddəti müxtəlif vaxtlar üçün nəzərdə tutula bilər. Lakin bizim əsas məqsədimiz bu gün ölkə Prezidentinin apardığı geniş iqtisadi-sosial siyasətin sürəti ilə mədəni xidmətlərin səviyyəsini uyğunlaşdırmaqdır."

Bu uyğunlaşma prosesi  son vaxtlar daha sürətlə və uğurla  gedir. Doğrudan da, bölgələrimizdə  ümumi inkişaf  mədəniyyət sahəsinin  tərəqqisinə əhəmiyyətli təsir  göstərir. Bu  gün  elə bir rayon mərkəzi yoxdur ki, orada Heydər Əliyev  Mərkəzi, parkı, xatirə muzeyi açılmasın. Bu, çox təqdirəlayiqdir və ulu öndərə ümumxalq  məhəbbətinin bariz  nümunəsidir.
Son vaxtlar regionlarda milli-mədəni irsin qorunmasına yüksək səviyyədə qayğı göstərilməyə başlanılmışdır. Bu, dövlətin, onun başçısının mədəniyyətin inkişafına göstərdiyi diqqətin real nəticələridir. Cənab Prezident dəfələrlə bölgələrdə mədəniyyət obyektlərinin açılışlarında iştirak etmiş, ölkədə mədəniyyət siyasətinin uğurla həyata keçirildiyini və bu tendensiyanın gələcəkdə də davam etdiriləcəyini bildirmişdi. Qubada Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında inşa olunmuş "Yaşıl teatr"ın, Gədəbəy Aşıq Musiqisi Məktəbinin, Balakən

Rayon Mədəniyyət Mərkəzinin və digər rayonlarda yeni mədəniyyət  ocaqlarının açılışlarını buna misal göstərmək olar.

Bu inkişafın nəticəsidir ki, mədəniyyət sahəsində də regionlarımızda son vaxtlar ciddi irəliləyişə nail olunmuşdur. Regionlarımızda 50-dən artıq mədəniyyət müəssisəsi inşa olunmuşdur. Artıq rayonlarımızın əksəriyyətində  kitabxana-informasiya mərkəzləri yaradılıb. Bu mərkəzlər region oxucularının istənilən informasiyanı asanlıqla əldə etməsinə imkan yaratmışdır. Eyni zamanda, rayonlarda müxtəlif xidmətlərin təmin edilməsi üçün yeni pilot layihələr həyata keçirilir. Bu layihələrin reallaşdırılması nəticəsində mədəniyyətin bütün sahələrini əhatə edən xidmətlər göstəriləcək. Artıq bir neçə rayonda bu işə başlanılıb. Bu gün Qəbələ rayonu ölkənin mədəni tədbirlər keçirilən mərkəzlərindən birinə çevrilmişdir. Burada hər il keçirilən

Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqi sənətinin dünyaya inteqrasiyası prosesində əhəmiyyətli rol oynayır.

Regionlarda milli-mənəvi dəyərlərimizin təbliğinə və qorunmasına xüsusi diqqət yetirilir. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq   həyata keçirilir.  Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən  "Xalq yaradıcılığı paytaxtları" adlı layihə artıq neçə ildir ki, uğurla reallaşır.

Azərbaycan ictimaiyyəti hər zaman mədəniyyətin dirçəlişinə, tərəqqisinə böyük önəm verib. Bu gün regionlarda kitabxana, muzey işlərinin genişləndirilməsi, folklor kollektivlərinin, xalq teatrlarının dirçəldilməsi, eləcə də müxtəlif festivalların keçirilməsinə xüsusi diqqət yetirilir.

Son illər mədəniyyətin inkişafından danışanda kadr hazırlığını da nəzərdən qaçırmaq olmaz. Bilirik ki, son zamanlara qədər mədəniyyət sahəsində yüksək hazırlıqlı kadrların azlığı müşahidə edilirdi. Bu da, sözsüz ki, həmin sahələrdə xeyli problem yaradırdı. Kitabxanalarda, muzeylərdə, teatrlarda yüksək ixtisaslı kadrların hazırlığı prosesinə dövlət böyük dəstək verdi.

Bu gün paytaxtda olduğu kimi, regionlarda da ixtisaslı kadrlar yetərincədir.

Regionlarda da maddi mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində davamlı iş aparılmışdır. Şəki rayonunda Şəki Xan Sarayı, qala divarları,  Kiş  alban məbədi, Aşağı Karvansaray, Şəkixanovların evi, Quba rayonunun Xınalıq kəndində Əbu-Müslüm və Xıdır Nəbi məscidləri, Naxçıvan şəhərində  Möminə Xatun, Şərur rayonunda  Qudi-Xatun türbələri, Culfa rayonunda Xanəgah memarlıq kompleksi, Babək rayonunda "Əshabi-Kəhf" Ziyarətgahı Dini Mədəni abidə kompleksi, Qusar rayonunda Şeyx Cüneyd türbəsi, Qax rayonunda Kürmük məbədi, Sumuqqala abidəsi, Gəncə şəhərində Qala divarı, Nizami Gəncəvi məqbərəsi, Hacıqabul rayonunda "Pir Hüseyn" xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri  aparılmış, bəzi abidələrin ətrafında sel sularından mühafizə üçün drenaj sistemi qurulmuş, ərazisi işıqlandırılmış, qoruqlara gedən magistral yollarda informasiya lövhələri və yol nişanları quraşdırılmışdır.

Artıq  regionlarımızın tarixi- mədəniyyət abidələri beynəlxalq  təşkilatların da   diqqətini  cəlb etməkdədir. Bu yaxınlarda  Şəki  Xan Sarayının  şəhərin tarixi mərkəzi ilə birgə UNESKO-nun  Mədəni İrs Siyahısına daxil edilməsi bunu bir daha təsdiq edir. 

Regionlarımızda milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəslə çatdırılması üçün də mühüm tədbirlər həyata keçirilmişdir ki, bunlar da öz müsbət nəticəsini vermişdir.
Yeni komplekslərin, mərkəzlərin yaradılması Azərbaycanda ümumi mədəniyyət xidmətlərinin səviyyəsinin artırılması ilə yanaşı, mədəniyyət şöbələrinin imkanlarını  daha da genişləndirmişdir.  Ona görə dövlət tərəfindən qəbul edilən yeni proqramlar istiqamətverici sənəd hesab edilməlidir. 

 

M.MÜKƏRRƏMOĞLU,
 "Xalq qəzeti"

 

 

21 2019 10:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə