• RUB: 0.0255
  • TRY: 0.2716
  • EUR: 1.9852
  • USD: 1.7000
  • Bakı + 23.9 ° C / 44%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda prokurorluq orqanlarının fəaliyyəti demokratik standartlara uyğundur

Azərbaycan Prokurorluğu – 100

Azərbaycanda prokurorluq orqanlarının fəaliyyəti demokratik standartlara uyğundur

Əsas məqsədimiz – prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

 

 

İyirminci əsrin son onilliyində öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və mükəmməl idarəçilik təcrübəsi sayəsində müasir dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Məhz ümummilli liderin təşəbbüsü ilə ölkədə aparılan islahatlar nəticəsində cəmiyyət həyatının bütün sahələri kimi, prokurorluq orqanlarının  fəaliyyət istiqaməti də dəyişdirilmiş və müasirləşdirilmişdir. 
Bu gün  fəxrlə deyə bilərik ki, 1993-cü ilin yayından etibarən ölkədə qazanılan titanik nailiyyətlərdə hüquq-mühafizə orqanlarının, xüsusən prokurorluq orqanlarının da özünəməxsus töhfəsi vardır. Məhz elə ona görə də hər il öz peşə bayramımıza böyük şövqlə hazırlaşır, onu yüksək səviyyədə qeyd edirik. Ancaq builki peşə bayramımızın xüsusi özəlliyi vardır. Çünki bu il Azərbaycan Prokurorluğunun 100 yaşı tamam olur.
Əslində, bu bayrama biz hələ ötən il may ayının 16-dan etibarən hazırlaşırıq. Çünki həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında”  sərəncam imzalamışdı. Sənəddə qeyd edilirdi ki, 1918-ci ilin may ayından sonra Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilmiş, ölkənin sərhədləri müəyyənləşdirilmiş, bayrağı, himni və gerbi yaradılmış, ana dili dövlət dili elan edilmiş, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilmişdi. Parlament çoxsaylı qanunlar qəbul etmiş, hüquq-mühafizə orqanları formalaşdırılmışdı. Biz prokurorluq orqanlarımızın yarandığı tarixə ən incə detallarına qədər yaxından tanış olsaq da, həmin sərəncamın imzalandığı günlərdə daha böyük fəxrlə deyirdik ki, gələn il bizim də 100 yaşımız tamam olur. 
Bu il yanvarın 10-da  2018-ci ilin  Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Prezident sərəncamı imzalananda da biz həmin sevinc hisslərini yaşamışdıq. Bir qədər sonra – mayın 31-də isə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edildi və biz dövlətin  peşə bayramımıza verdiyi önəmin məmnunluğunu həmkarlarımızla bölüşdük.  İstənilən müzakirədə ilk sözümüz belə oldu: “Azərbaycan Prokurorluğu dövlətçiliyin və qanunçuluğun keşiyindədir.”
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Prokurorluğu formalaşdırıldığı ilk illərdə müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin qanunlarının keşiyində dayanmış, sonra 70 ildən çox bir müddətdə tamamilə fərqli ideologiyası olan bir dövlətin tərkibində fəaliyyət göstərmiş və ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən yenə də öz xalqımıza və milli dövlətçiliyimizə xidmət etmişdir. Keçdiyimiz yolun bütün mərhələləri bizim üçün dəyərli olsa da, milli dövlətçiliyin bərpasından sonrakı tariximizin daha qiymətli olduğu qənaətindəyik. Çünki biz bu dövrdə məhz 1918-20-ci illərdə yaratdığımız dəyərlərə qayıtmağa nail olmuşuq. 
Yaxın tarix olduğuna görə heç kəsin yadından çıxmayıb. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilmişdi. Ölkədə  daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. 
O da hamının yadındadır ki, 1993-cü ilin iyununda kifayət qədər mürəkkəb siyasi şəraitdə xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dönən, vəziyyəti sabitləşdirərək ölkəyə rəhbərlik missiyasını inamla həyata keçirməyə başlayan ulu öndər Heydər Əliyev qısa müddətdə ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə nail olmuş, sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti istiqamətində mühüm addımlar atmış, ölkədə qanunçuluğun təmin olunmasının milli mexanizmlərini formalaşdırmışdır.
Bu il  100 illiyini təntənə ilə qeyd etməyə hazırlaşdığımız  Azərbaycan prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq qurumunun təsis edilməsindən və məhkəmə orqanları sistemində fəaliyyətə başlamasından hesablanır. Məhz bu mühüm hadisəni nəzərə alaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər il oktyabr ayının 1-nin Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair 17 iyul 1998-ci il tarixli sərəncam imzalamaqla bu əlamətdar tarixi əbədiləşdirmişdir.
Ümummilli liderimizin şəxsi rəhbərliyi ilə hazırlanmış ilk müstəqil Konstitusiyamızın 1995-ci il tarixdə ümumxalq səsverməsi ilə qəbul olunmasından sonra ölkəmizdə hüquqi islahatların yeni mərhələsi başlamış, dövrün tələblərinə cavab verən və keyfiyyətcə diqqət çəkən qanunvericilik aktları hazırlanaraq qəbul olunmuşdur. Həmin Əsas Qanunumuz hakimiyyətin və dövlətin, idarəetmənin əsaslarını formalaşdıraraq respublikamızda hüquq sisteminin bünövrəsini yaratmış, qanunvericilik sisteminin əsasını təşkil etmişdir. Konstitusiyanın qəbulundan təxminən beş il sonra -- 2001-ci il yanvarın 25- də müstəqil Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi qanunvericiliyimizin Avropa standartlarına uyğunlaşdırılması, mütərəqqi məhkəmə hüquq islahatlarının davam etdirilməsinə təkan vermişdir.
Milli tariximizə Heydər Əliyev Konstitusiyası kimi düşən  Əsas Qanunumuzda prokurorluğun fəaliyyətinə xüsusi bir maddə həsr edilmişdir. Oonun yeri məhkəmə hakimiyyəti sistemində müəyyənləşdirilmiş, statusu, təşkili, fəaliyyət prinsipləri, səlahiyyətləri və vəzifələri dəqiqləşdirilmişdir. Prokurorluğun əvvəlki statusu ölkənin gələcək inkişafı, yeni sosial-iqtisadi, ictimai-siyasi münasibətlərlə və beynəlxalq standartlarla uzlaşmadığından ulu öndər  Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır.
Ölkənin prokurorluq orqanlarının əməkdaşları ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən də daim qayğı və diqqətlə əhatə olunmuşlar. Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın  xüsusi əhəmiyyəti var idi. 
Hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran haldır ki, Heydər Əliyev siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyətinin dünya standartları səviyyəsində təkmilləşdirilərək, ən yüksək beynəlxalq tələblərə uyğun formalaşdırılması prosesi həyata keçirilməklə, prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir. 
Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malik olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan dövlət proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır. 
Ölkədə hüquqi sistemin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirməklə dövlət idarəetmə strukturlarının təkmilləşdirilməsi və dövlət orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması üçün böyük işlər görən Azərbaycan Prezidenti İlham Əliyev prokurorluğun fəaliyyətinə daim diqqət göstərərək prokurorluq əməkdaşları və veteranlarının 2008-ci ildə 90 illik yubiley münasibətilə təbrikində son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlərin görüldüyünü, dövlətçilik, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinin ön plana çəkildiyini, cəmiyyətdə prokurorluğa ictimai etimadın artdığı və onun nüfuzunun yüksəldiyini, prokurorların cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirmələrini, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynadıqlarını qeyd etmişdir. 
Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq,  ölkədə ümummilli liderin hələ 1969-cu ildə respublikaya ilk dəfə rəhbər seçildikdən sonra amansız mübarizə aparmağa başladığı rüşvətxorluğa və korrupsiyaya qarşı kompleks tədbirlərin görülməsi, demokratik hüquqi dövlətin əsasları möhkəmləndikcə daha çox dözülməz olan bu ümumbəşəri bəlanın ölkəmizdə aradan qaldırılması istiqamətində ciddi işlər görülür. Dövlət başçısının “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 3 mart tarixli sərəncamı ilə korrupsiya cinayətləri üzrə ixtisaslaşmış dövlət antikorrupsiya orqanının -- Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Azərbaycan Respublikasının Baş prokuroru yanında yaradılması prokurorluğa olan inam və etimadın təzahürü olmaqla, bu mühüm dövlət təsisatının hüquqi sistemin formalaşdırılmasında rolunu daha da möhkəmləndirmişdir. Prezidentin bu sərəncamı korrupsiyaya qarşı mübarizənin aparılmasını Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin ən önəmli istiqaməti kimi müəyyən edilməsini şərtləndirməklə bu qəbildən olan cinayətlərə qarşı səmərəli mübarizənin aparılmasına zəmin yaratmışdır. Ölkə başçısının siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə işinin təşkilində prokurorluq orqanlarının məsuliyyətinin daha da artırılması, ixtisaslaşmış cinayət təqibi orqanı kimi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət səviyyəsində mütəmadi tədbirlərin həyata keçirilməsi yüksək etimadın təzahürü kimi müstəsna əhəmiyyət kəsb edir.
Fəxrlə deyilməli məqamdır ki, dövlət başçısı tərəfindən prokurorluq orqanlarına diqqət, qayğı və dəstək bu gün də davam etdirilir. Buna görə də prokurorluq işçiləri üzərinə düşən məsuliyyəti, dövlət başçısının yüksək etimadını dövlətçilik ideyalarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa çalışırlar. Belə ki, prokurorluqda obyektivlik və ədalətlilik meyarlarına əsaslanaraq həyata keçirilən, yüksək peşəkarlığa və nəzəri biliklərə malik, sağlam mənəviyyatlı, dövlətçiliyə, xalqına və Vətəninə sadiq, qanunun aliliyinə, hüquqi dövlət prinsiplərinə və milli dəyərlərə hörmətlə yanaşan, müasir dünyagörüşlü işçilərlə komplektləşdirilmə prosesi uğurla aparılır.
Təbii ki, Azərbaycan Prokurorluğunun  mühüm qanadlarından biri də hərbi prokurorluqdur.  Bu sahəni mühüm edən səbəblər ölkəmizin müharibə şəraitində olması və işğal edilmiş ərazilərimizin hələ də düşmən tapdağı altında qalmasıdır.  Mülki həyatdakı cinayətlərin dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunması hərbi prokurorluq orqanlarında da məhz eyni səviyyədə qeydə alınmaqdadır. 
Hərbi prokurorluq orqanları  tərəfindən Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qanunların icrasına nəzarət və hərbi qulluqçular tərəfindən qanunazidd hərəkətlərin törədilməsinin qarşısının alınması sahəsində görülmüş çoxşaxəli tədbirlərin, eləcə də cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin və istintaq olunan cinayət işlərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində mümkün olmuşdur.
Təqdir edilməli faktdır ki, Respublika Hərbi Prokurorluğunda istintaqın keyfiyyətinin əsaslı surətdə yaxşılaşdırılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin kriminalistika şöbəsinin işinin səmərəliliyini artırmaq məqsədilə şöbəyə müasir standartlara cavab verən xarici ölkə istehsalı olan xeyli avadanlıq alınmışdır. Həmin avadanlıqlar da baş vermiş qəsdən adamöldürmə və digər ağır və xüsusilə ağır cinayətlərin istintaqı zamanı tətbiq olunmuşdur. Ərazi hərbi prokurorluqlarının hər biri baş vermiş cinayət hadisələri zamanı hadisə yerinin ixtisaslı baxışını təşkil etmək üçün zəruri kriminalistik avadanlıqlarla, xüsusi nəqliyyat vasitələri ilə təchiz olunmuşdur. 
Zaman Azərbaycan  Hərbi Prokurorluğunun qarşısında başqa vəzifələr də qoymuşdur. Həmin vəzifələrin icrası zamanı Hərbi Prokurorluğun  xüsusi istintaq şöbəsi tərəfindən erməni təcavüzkarlarının xalqımıza qarşı törətdikləri cinayətlərin istintaqı da təmin edilir. Xatırladaq ki, həmin istintaqla  əlaqədar məqsədyönlü və səmərəli tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.  1990-cı il matrtın 24-də Qazax rayonunun Bağanis-Ayrım kəndində, 1991-ci il dekabrın 22-də keçmiş Əsgəran rayonunun Qaradağlı kəndində, 1992-ci il fevralın 17-də keçmiş Ağdərə rayonunun Meşəli kəndində, 1992-ci il fevralın 25-dən  26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən soyqırımı cinayətləri, habelə ermənilər tərəfindən törədilmiş terror aktları və digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  soyqrımına görə məsuliyyət nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilmiş, iş üzrə təqsirləndirilən şəxslər barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilməklə, axtarış elan edilməsi təmin olunmuşdur.
Bundan başqa, erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə soyqırımı cinayətlərinin tarixin yaddaşına həkk olunması, bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və zəngin faktik materialların verilməsi mühüm elmi-siyasi və praktiki əhəmiyyətə malikdir.
O ki qaldı bilavasitə özümün çalışdığım qurumun, yəni Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin fəaliyyətinə, qeyd etməliyəm ki, ötən əsrin sonlarından ölkəmizdə həyata keçirilən, demokratik prinsiplərə və ümumbəşəri dəyərlərə əsaslanan məhkəmə-hüquq islahatları Azərbaycan Respublikasıda insan hüquq və əsas azadlıqlarının təminatlı müdafiəsi mexanizminin əsasını qoymuşdur. Bu islahatların fonunda  2000-ci il sentyabrın 1-də qüvvəyə minmiş Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən dövlət ittihamının məhkəmələrdə müdafiəsinin yeni mexanizmi müəyyənləşdirilmişdir. Məhz bu səbəbdən prokurorluq orqanlarında zəruri struktur dəyişiklikləri baş verdi ki, bunlardan biri də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbənin yaradılması oldu. 
Şöbə fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual Məcəllələrini, digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası baş prokurorunun və baş prokurorunun müavini – Azərbaycan Respublikası hərbi prokurorunun əmr, sərəncam və göstərişlərini rəhbər tutur.
Şöbənin əsas vəzifəsi xüsusi ittiham qaydasında cinayət təqibi halları istisna olunmaqla, məhkəmə baxışında dövlət ittihamçısı qismində və məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında prokurorun iştirakını təmin etməkdən ibarətdir. Bu məqsədlə, şöbə cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri əsasında Azərbaycan Respublikası prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada və hallarda hərbi məhkəmələrdə cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına birinci instansiya hərbi məhkəmələrində baxılmasında ictimai, ictimai-xüsusi ittihamın müdafiə olunmasını, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə hökmdən və ya məhkəmənin digər qərarından yuxarı məhkəməyə protest verilməsini, məhkum edilmiş hərbi qulluqçuların, məhkəmə icracılarının, cəzaçəkmə müəssisələrinin müdiriyyətinin, hərbi hissə komandirlərinin və cəzanı icra edən digər müəssisə və orqanların hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında icraat üzrə müraciətlərinə hərbi məhkəmələrdə baxılmasında prokuorun iştirakını təmin edir. 
Çalışdığımız şöbə   bir nəfər  şöbə rəisi, bir nəfər  böyük-prokuror metodist, bir nəfər  böyük prokuror və 14 prokurordan ibarət sturktura malik olmaqla, müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə birinci instansiya məhkəməsi qismində baxan hərbi məhkəmələrdə dövlət ittihamının müdafiəsini təmin edir. Azərbaycan Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası, Bakı, Gəncə, Tərtər, Cəlilabad və Füzuli hərbi məhkəmələri fəaliyyət göstərir. 
Şöbəmiz tərəfindən indiyədək  bir sıra ağır və çoxepizodlu, eləcə də ictimai maraq doğuran cinayət işlərinin məhkəmələrdə baxılmasında dövlət ittihamının müdafiəsi təmin olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı və daha 24 nəfər mülkü şəxs və hərbi qulluqçuların təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilmiş külli miqdarda mənimsəmə yolu ilə talamış, təkrarən rüşvət almış, dövlət vəsaitini israf etmiş, rəsmi sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə vəzifə saxtakarlığı etmələri faktları üzrə CM-nin  müvafiq  maddələri ilə təqsirləndirilmələrinə dair, eləcə də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin mütəşəkkil dəstə tərkibində hakimiyyətdən və öz qulluq mövqelərindən müntəzəm surətdə, tamahkarlıq məqsədilə sui-istifadə etmə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaları, külli miqdarda pul vəsaitləri və əmlakların ələ keçirilməsi faktına dair yüksək rütbəli zabitlərinin CM-nin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işlərinə hərbi məhkəmələr tərəfindən baxılarkən, həmin işlərdə dövlət ittihamı yüksək keyfiyyətlə müdafiə edilmiş, verilmiş ittiham üzrə şəxslər tam təqsirli bilinərək, barələrində ittiham hökmləri çıxarılmışdır. 
Məhkəmə səhvlərinin aradan qaldırılması məqsədilə birinci instansiya hərbi məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan şöbə prokurorları mütəmadi olaraq apellyasiya protestləri vermiş, apellyasiya məhkəmələrinin müvafiq qərarları ilə həmin protestlərin tam əksəriyyəti təmin edilmişdir.  
Məlum olduğu kimi, cəmiyyətin inkişafı ictimai münasibətlərin buna müvafiq surətdə  tədricən dəyişməsinə səbəb olur. Yenilənən ictimai münasibətlər isə onları tənzimləyən normaların təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan, şöbə prokurorları mövcud qanunvericiliyə, xüsusən də CM-nə dəyişikliyin edilməsi ilə bağlı qanun layihələrinin hazırlanmasında fəal iştirak etmişlər. Belə ki, CM-nin 50-ci maddəsinin keçmiş redaksiyasına əsasən, cəzanın məqsədlərinə nail olunmasında xüsusi əhəmiyyətə malik “hərbi xildmət üzrə məhdudlaşdırma cəzası”nın tətbiqi qeyri-mümkün idi. Çünki, qeyd olunan redaksiyada həmin cəzanın yalnız kontrakt (bağlaşma) əsasında xidmət keçən hərbi qulluqçulara təyin edilməsi nəzərdə tutulmuşdu. 
Lakin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində  kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçmə nəzərdə tutulmamışdı. Hazırlanmasında şöbə əməkdaşlarının yaxından iştirak etdiyi qanun layihəsi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edildikdən sonra, həmin cəza artıq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla, hərbi qulluqçulara geniş tətbiq edilir. Həmin dəyişiklik qüvvəyə mindiyi  2017-ci il 1 dekabr  tarixdən bu günədək 200-dən çox şəxsə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının tətbiq edilməsi nəticəsində Silahlı Qüvvələrdə ilk dəfə böyük ictimai təhlükə törətməyən ixtisaslı və hərbi təhsilli zabitlərin hərbi xidmətlərini davam etdirməklə cinayətə görə cəzalandırılması mümkün olmuşdur.   
Bununla yanaşı, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş bir sıra amnistiya aktlarının hərbi qulluqçulara tətbiq edilməsində şöbə prokurorları bilavasitə iştirak etmişlər. Belə ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş” 8 may 2007-ci il, “Novruz bayramı münasibəti ilə” 17 mart 2009-cu il, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə” 7 may 2013-cü il  və “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 20 may 2016-cı il tarixli amnistiya qərarların tətbiqi nəticəsində 500-dən çox hərbi qulluqçu cəzadan azad olunmaqla, hərbi xidmət yerlərinə qaytarılmışdır. 
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində cinayətkarlığa qarşı  mübarizədə məhkəmənin hökm və qərarlarının rolunun artırılması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, cinayət təqibi üzrə icraatın tezliyinin və operativliyinin təmin edilməsi, eləcə də məhkəmə prosesində iştirak edəcək hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından ayrılmaması, onlara əlavə ezamiyyət xərclərinin verilməməsi məqsədilə məhkəmə baxışlarının hərbi hissələrdə səyyar qaydada keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu istiqamətdə görülən işlərin səmərəliliyini daha da artırmaq üçün şöbə tərəfindən müəyyən tədbirlər  görülmüşdür. Məhz dövlət ittihamçılarının vəsatətləri əsasında hərbi məhkəmələr tərəfindən hərbi hissələrdə səyyar məhkəmə iclaslarının keçirilməsinin nəticəsi olaraq, son illər ərzində məsuliyyətə cəlb edilmiş hərbi qulluqçuların sayında, eləcə də qəsdən adam öldürmə və özünü öldürmə cinayət hadisələrinin sayında azalma müşahidə edilmişdir.
Sonda qeyd edim ki, xatırlatdığım tarixi faktlar bizim fəxr və iftixar mənbəyimiz olmaqla yanaşı, həm də məsuliyyətimizin qat-qat artmasını zəruri edən amilə çevrilir. Təmsilçisi olduğum qurumun fəaliyyəti barədə qələmə aldığım sətirlər isə sübut edir ki, Azərbaycan Prokurorluğu, eləcə də onun mühüm strukturlarından biri olan Hərbi Prokurorluq milli dövlətçiliyimizin keşiyində, ölkə vətəndaşlarının isə xidmətindədir. Biz həmişə olduğu kimi, bu gün də Heydər Əliyev siyasətini dəstəkləyirik və bundan sonra da daim həmin siyasətin əsgəri olaraq qalacağıq. 

Aydın ƏLƏSGƏROV, 
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda dövlət ittihamının müdafiəsi  şöbəsinin rəisi, ədliyyə polkovniki

11 2018 21:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin