Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslam dinində etnik və məzhəb zəminində qarşıdurmalara yer yoxdur

İslam dinində etnik və məzhəb zəminində qarşıdurmalara yer yoxdur

Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Orada qeyd olunur ki, bu il sentyabrın 20-si ölkəmizdə Aşura günüdür. 
Hər bir müsəlman bilir ki, Məhərrəm ayının onuncu, yəni Aşura günü İslam tarixinə Həzrəti Məhəmməd (s.) peyğəmbərin əziz nəvəsi (ə.) və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhid olduqları gün kimi düşüb. 
Təbii ki, Aşura günü bütün müsəlman dünyasında olduğu kimi, ölkəmizdə də hər bir mömin müsəlman İslam dininin təmizliyi, saflığı uğrunda canlarını fəda edən şəhidlərin ruhunu dərin ehtiram hissi ilə anacaq.  
Azərbaycan dövləti dünyəvi dövlətdir, bununla bərabər, ölkəmizdə din, vicdan azadlığı mövcuddur. Belə ki, hər bir vətəndaş mənsub olduğu dinin ayin və mərasimlərini sərbəst surətdə yerinə yetirmək hüququna malikdir. 
Lakin müəyyən pozucu qüvvələr var ki, onlar bir sıra avam, cahil insanları qızışdıraraq ölkəmizdə məzhəb və etnik qarşıdurmalar yaratmağa cəhd edirlər. Bəzi radikal qüvvələr hətta din pərdəsi altında insanları itaətsizliyə çağırırlar. 
Düşünürəm ki, belə qanunazidd hallar  yolverilməzdir. Azərbaycan dövləti kifayət qədər güclüdür. Şübhə yoxdur ki, ölkəmizdə məzhəb və etnik zəmində qarşıdurmalar yaranmasının qarşısını qətiyyətlə alacaq. 
Azərbaycan ziyalısı dini xurafata və radikalizmə biganə qala bilməz. Hər birimiz əhali, xüsusilə də gənclər  arasında İslam dininin, eləcə də digər səmavi dinlərin cəmiyyətdəki rolu və yeri barədə maarifləndirmə işi aparmalı, ölkəmizdə dini tolerantlığın, sabitliyin qorunub saxlanmasının əhəmiyyətini izah etməyə çalışmalıyıq.  
Bir məqama da toxunmaq istəyirəm. Bəllidir ki, xalqımızın hələ də ədalətli həllini tapmayan Qarabağ boyda problemi var. Bu gün hər birimiz, ilk növbədə, doğma torpaqlarımızın yağı düşməndən azad etmək barədə düşünməliyik.
Aşura günü sinələrinə, kürəklərinə zəncir vuraraq qan çıxaranlara isə sözüm budur ki, onların axıtdıqları qan Qarabağın azad olması üçün döyüşə atılacaq əsgər balalarımıza lazım olacaq.  

Hacı Oruc QULİYEV,
Cəbrayıl rayonu, el ağsaqqalı

11 2018 21:07 -

Ən son xəbərləri səhifəmizdən də izləyin