Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni iqtisadi modelə transformasiya inkişafı daha da sürətləndirir

Yeni iqtisadi modelə transformasiya inkişafı daha da sürətləndirir

Bu ilin ilk yarısı üzrə makroiqtisadi göstəricilərin təhlili Azərbaycan iqtisadiyyatında müsbət meyillərin getdikcə gücləndiyini göstərir. Bu meyillər sosial-iqtisadi sabitliyin təmin olunması, iqtisadi islahatların sistemli şəkildə aparılması, xarici investisiya qoyuluşlarının həcminin artması, tələb olunan miqdarda əcnəbilərə məxsus müəssisələrin yaradılması və s. amillərlə əlaqədardır.

Yeni mərhələnin əsas vəzifəsi isə milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqdan, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan ­Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiqlədiyi iqtisadi siyasət sənədlərində bu vəzifənin reallaşması üçün yerinə yetirilməsi zəruri olan tədbirlər müəyyənləşdirilib. Bunlara ölkənin mövcud iqtisadi potensialının gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən, qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun potensialından tam və səmərəli yararlanılması, habelə onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi məsələləri aid etmək olar.
Yeni iqtisadi modelə transformasiya zamanı mikro, kiçik və orta sahibkarlığın meyarları yenilənib, “Yaşıl dəhliz”in qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparılıb, həmçinin yeni sənaye, aqro və texnoparklar, həmçinin sənaye məhəllələrinin yaradılmasına başlanılıb. Vergi və gömrük islahatlarında sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılması əsas vəzifələr kimi qarşıya qoyulub. Beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlara ən yüksək qiymət Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi olub. Bundan başqa, 2017-ci il və 2018-ci ilin ilk dörd ayında təkcə “Doing Business” hesabatı üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri reallaşdırılıb. “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla MDB-də lider mövqeyinə yüksəlib. 
Yeni iqtisadi modelə transformasiya zamanı institusional və struktur islahatları diqqət mərkəzində saxlanılıb. Transformasiya çərçivəsində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” qəbul edilib, həmçinin KOB-un İnkişafı Agentliyi, “DOST” Mərkəzi, TƏBİB, DAİM təsis olunub, turizm, qida, aqrar kredit və inkişaf agentlikləri, “Aqrar tədarük və təchizat” ASC, Rəqəmsal Ticarət Qovşağı kimi qurumlar yaradılıb. Beləliklə, dövlətimizin başçısının yeni iqtisadi modellə bağlı tapşırıqlarına uyğun olaraq institusional strukturlarlar mütəmadi şəkildə yenilənib. 

 

Vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq məqsədilə dövlət informasiya ehtiyatlarının, həmçinin sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın, standartların tətbiqi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi üçün “Elektron hökumət”in əhatə dairəsi genişləndirilib, “bir pəncərə” prinsipindən 7/24/365 prinsipinə keçid sürətləndirilib.
Onu da qeyd edək ki, ölkə rəhbəri nitqlərində idarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçiriləcəyini dəfələrlə vurğulayıb, struktur islahatlarının mütəmadi davam etdirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb. 
Prezident İlham Əliyev deyib: “Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.
Dövlət başçısının bu ilin yanvarından etibarən struktur islahatları istiqamətində mühüm qərarlar qəbul etməsi də yuxarıda qeyd olunan fikrin bariz ifadəsidir.
Xatırladaq ki, ölkə rəhbəri tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında müvafiq fərman imzalanmasında məqsəd Azərbaycanda dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir.
Dövlətimizin başçısı biznes mühitini təkmilləşdirmək, davamlı iqtisadi inkişafa nail olmaq, infrastrukturu və insan kapitalını inkişaf etdirmək, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərini gücləndirmək və struktur islahatları aparmaqla ölkənin tarazlı inkişafını sürətləndirir. 
Biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı bir faktı xatırlatmaq istərdik. Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyinin yaradılması bunun bariz ifadəsidir. 
Yeri gəlmişkən, Prezident İlham Əliyevin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb. Mikro, kiçik və orta biznesin (KOB) inkişafının dəstəklənməsi, ölkə iqtisadiyyatında KOB-ların rolunun artırılması, onların maraqlarının müdafiəsi, KOB-lara vahid məkan prinsipi ilə xidmətlərin göstərilməsi, dövlət və özəl qurumların bu sahədə fəaliyyətinin əlaqələndirilməsi qurumun başlıca fəaliyyət istiqaməti kimi təsdiqlənib. 
Bir sözlə, agentlik kiçik və orta biznesin yaradılmasından başlayaraq, onun fəaliyyətinin bütün mərhələlərində mövcud dövlət dəstəyi mexanizmləri və göstərilən xidmətlər çərçivəsində KOB-lara dəstək olur, dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynayır.
Fəaliyyət göstərdiyi müddətdə agentliyin bir sıra dəstək mexanizmi sahibkarların xidmətinə verilib, müxtəlif layihələr həyata keçirilib. Hazırda ölkə üzrə yaradılmaqda olan “Kiçik və Orta Biznesin Dostu”, qısaca desək “KOB Dostu” belə mexanizmlərdəndir. 
“KOB Dostu” konsepsiyasının yaradılması birbaşa olaraq agentliyin qarşısına qoyulmuş məqsəd və vəzifələrlə bağlıdır. Belə ki, sahibkarın dostuna çevrilmək agentliyin əsas hədəflərindəndir. 
Struktur islahatları kimi mühüm bir məsələyə xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu islahatların aparılmasına ciddi ehtiyac var. Bu səbəbdən də daha çevik, operativ idarəetmə mexanizminin yaradılması bundan sonra da davam etdiriləcək. Çünki hazırda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Belə halda isə struktur islahatlarının həyata keçirilməsi zəruridir. Bu cür şəraitdə şübhəsiz ki, daha səmərəli işləmək və iqtisadi inkişaf templərini daxili resurslar hesabına reallaşdırmaq mümkündür.

 

“Xalq qəzeti”

20 2019 10:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə