Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünyada artıq sosial rifah dövləti kimi tanınır

Azərbaycan dünyada artıq sosial rifah dövləti kimi tanınır

Prezident İlham Əliyev tərəfindən son 16 ildə iqtisadi liberallaşmanı sürətləndirən, siyasi plüralizmi genişləndirən, bütövlükdə isə respublikada insan kapitalının sürətli inkişafına xidmət göstərən çoxsaylı qərarlar qəbul edilib. Bunlardan biri regionların inkişafını sürətləndirmək, bölgələrlə paytaxt arasında sosial-iqtisadi və mədəni fərqləri azaltmaq olub. Statistikaya diqqət yetirsək görərik ki, son illərdə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixracı 4,7 dəfə artıb. Ölkədə 2 milyon yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq həddi 50 faizdən 5 faizə düşüb. Bu dövr ərzində maaşlar və pensiyalar dəfələrlə artıb. Biznes mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü siyasət həyata keçirilib, təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb.

Cari ilin əvvəlində ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım, pensiya sisteminin təkmilləşdirilməsi, bu sahədə artımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 16 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir.
Azərbaycan Prezidenti İlham Əliyevin minimum əməkhaqqının məbləğinin yaşayış minimumu ilə bərabərləşdirilməsi barədə sərəncamına əsasən, cari il martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Həmin sərəncamın imzalanması ölkədə çalışan 600 min nəfərin əməkhaqqının artırılması deməkdir.
İmzalanan sonuncu 17 sərəncam isə ölkədə sosial rifahın yüksəldilməsinin dövlət başçısının uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq etdi. Bu, eyni zamanda, sözügedən istiqamətdə il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərdi. Bu sərəncamlar ümumilikdə 2,1 milyon insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağından xəbər verir. 
Həmin sərəncamlarla bağlı bəzi məqamlara diqqət yetirək. Əvvəlcə qeyd edək ki, minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb, pensiyaların minimum məbləği 160 manatdan 200 manata qaldırılıb, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz artırılıb. 
Dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları isə orta hesabla 40 faiz yüksəlib.
“Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq ki, bununla, həm də minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faiz üstələmiş olacaq.
Bu, 2019-cu il ərzində dövlət başçısının tapşırığı ilə minimum əməkhaqqında edilən artıq ikinci ciddi artımdır. Belə ki, hələ bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial islahatlar proqramının tərkib hissəsi kimi, 2019-cu il 8 fevral tarixli sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılıb. Göründüyü kimi, cari il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılmasına nail olunur ki, bu da mühüm sosial uğur kimi əhalinin rifahına ciddi dəstək deməkdir. Digər tərəfdən, yeni artımla Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerdə qərar tutacaq. 
İyunun 18-də imzalanan digər sərəncamlarla müxtəlif qurumlarda çalışanların əməkhaqlarının cari il sentyabrın 1-dən orta hesabla 20-50 faiz artırılması tapşırılır. Onların sırasına müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri daxildir.
Ümumilikdə 2019-cu il 18 iyun tarixli sərəncamlarla ölkədə minimum əməkhaqqının, müxtəlif sahələrdə işləyənlərin əməkhaqlarının artırılması 1 milyon 350 minədək insanın əməkhaqqı gəlirlərinin artmasına səbəb olmaqla onların rifahına ciddi dəstəkdir. Həmin insanlardan 1 milyonu dövlət, qalanları isə özəl sektorda işləyənlərdir.
Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.
Eyni zamanda, dövlət başçısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli fərmanında dəyişiklik edilməsi haqqında” bu il avqustun 14-də fərman imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir ki, Prezident İlham Əliyevin bu il təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını gerçəkləşdiriən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Belə ki, bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi.
Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min pensiyaçını əhatə edəcək.
Həyata keçirilən tədbirlər göstərir ki, ölkəmizin dinamik iqtisadi inkişafı, maliyyə resurslarımızın artması, dövlətimizin vətəndaş rifahına yönələn sosial siyasəti məsələlərin daha ardıcıllıqla həll edilməsinə, hökumətin sosial siyasətinin bu istiqamətdə davam etdirilməsinə imkan yaradır. Son 15 ildə maaşların 7, pensiyaların 9 dəfə artırılması deyilənlərin əyani sübutudur.
Bu siyasət təkcə maaşların, pensiyaların, təqaüd və müavinətlərin artırılması ilə ifadə olunmur. Qarşıda duran ən mühüm məsələlərdən biri yeni iş yerlərinin yaradılmasıdır və bu proses də uğurla davam etdirilir. Son 15 ildə 2 milyon yeni iş yeri yaradılıb. Prezident İlham Əliyev iş yerlərinin yaradılmasının daimi proses olmasını prioritetlərdən biri kimi elan edib.
Əhalinin rifahına yönəldilən əməli tədbirlərdən biri də məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Son illərdə ölkənin müxtəlif şəhər və bölgələrində bu insanlar üçün yüzdən çox şəhərcik salınıb. Təkcə keçən il 5800-dən çox məcburi köçkün ailəsinə yeni evlər və mənzillər verilib. Bu göstərici ondan əvvəlki illərdə verilən ev və mənzillərin sayını üstələyib. Bununla yanaşı, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 620-dən çox mənzil təqdim edilib. Bu proses də davamlıdır. Yəni cari ildə də məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdırılacaq.
Beləliklə, Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət həqiqətən də inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, Prezidentin, dövlətin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür.
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər hazırda da davam etdirilir. Ölkə rəhbərinin imzaladığı sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Bütün bu tədbirlər insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir.
Əhalinin rifahına xidmət edən bütün bu addımlar eyni zamanda dövlət başçısının rəhbərliyi ilə ölkə iqtisadiyyatının dinamik inkişafı istiqamətində aparılan islahatların uğurlu nəticələri, dayanıqlı iqtisadi tərəqqi hesabına əldə edilən imkanlar hesabına atılır. Bu inkişaf 2019-cu ildə də uğurla davam edir. Hələ 2018-ci ilin yekunları müzakirə edilərkən dövlət başçısı 2019-cu ilin ölkəmiz üçün uğurlu il olacağına əminliyini bildirmişdi. Bunun əməli təsdiqi olaraq, cari ilin ilk yarısının sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlətimizin başçısı çıxışında ilin əvvəlində qarşıya qoyulan vəzifələrin gerçəkləşdirildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin reallaşdırıldığını bildirib. Ölkə rəhbəri ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu və bunun özünü rəqəmlərdə də əks etdirdiyini diqqətə çatdırıb. 
Prezident İlham Əliyev deyib: “İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır”.

“Xalq qəzeti”

20 2019 10:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə