Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünyanın ən islahatçı ölkələrindəndir

Azərbaycan dünyanın ən islahatçı ölkələrindəndir

Azərbaycanda islahatlar müntəzəm olaraq keçirilir. İslahatların əsasını ulu öndər Heydər Əliyev 1993-cü ildə qoymuşdur. Məhz o ildən başlayaraq Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoymuşdur. Əgər biz o illəri xatırlasaq, görərik ki, ən böyük siyasi islahatlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. 
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın gələcək inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003 -cü ildən ölkəmizdə islahatların yeni mərhələsi başlandı. Dövlət başçımızın ölkəyə rəhbərliyinin ilk vaxtlarından start götürən ən böyük islahat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi idi. Bununla da, demək olar ki, ölkəmizdə əsaslı inkişaf yeni mərhələyə qədəm qoydu. Çünki bu proqram ölkəmizin müxtəlif istiqamətlər üzrə inkişaf strategiyasının müəyyənləşdirilməsinin və qısa müddət ərzində çox güclü infrastruktur bazasının yaradılmasının əsasını qoydu.

İldən – ilə qazanılan uğurlar sayəsində respublikamız yeni inkişaf mərhələsinə qədəm qoyub. Müasir dövrün tələblərinə uyğun şəkildə aparılan dövlət siyasəti bütün sahələri əhatə edən islahatlar nəticəsində Azərbaycan dünyaya yeni və nümunəvi inkişaf modeli təqdim edir. Konkret hədəflərə və məqsədlərə hesablanan islahatların və inkişaf modelinin əsas komponentləri ölkəmizin dünya birliyinin layiqli üzvləri sırasında yer tutmasından, beynəlxalq aləmdə söz sahibinə çevrilməsindən və sosial inkişafa nail olmasından ibarətdir. Azərbaycan Prezidentinin sosialyönümlü son sərəncam və fərmanları vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların növbəti mərhələsi kimi dəyərləndirilir. 
İctimai-siyasi xadimlər və beynəlxalq ekspertlər tərəfindən də yüksək dəyərləndirilən tədbirlər 2003-cü ildən etibarən həyata keçirilən islahatların məntiqi davamı hesab edilir. Prezident seçkilərindən sonra ölkəmizdə islahatların yeni mərhələsinə keçidin anonsu hələ keçən il verilmişdi. Yəni, bu vaxta qədər aparılan islahatlar da beynəlxalq aləmin diqqətindən yayınmamışdı. “Doing Business 2019” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan ölkəsi elan olunması da bunun məntiqi nəticəsi idi. Belə bir nüfuzlu təşkilatın ölkəmizi dünyanın 10 ən islahatçı ölkəsi sırasına daxil etməsi təsadüfi deyil. Bu, uzun illər həyata keçirlimiş məqsədyönlü siyasi kursun uğurlu nəticəsidir. Son dörd ildən başlayaraq, dünya bazarlarında, birjalarda neftin qiymətlərinin sürətlə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda çox cəsarətlə aparılan islahatlar ölkə iqtisadiyyatının zəifləməsinin qarşısını aldı və mahiyyətcə yeni xarakter kəsb etdi. Aparılan islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım tədricən bərpa olundu, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və əhalinin rifah halının daha da yaxşılaşdırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və digər sahələrdə əhəmiyyətli irəliləyişə nail olundu. Bu islahatlar sırasında sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin yer alması ölkə iqtisadiyyatının daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. 

Azərbaycanın adı Dünya Bankının “Doing Business” hesabatına 2006-cı ildə düşüb. O vaxt ölkəmiz 90-cı, 95-ci və ya 96-cı yerlərdə qərarlaşmışdı. Hazırda isə bu nüfuzlu təşkilatın hesabatında ölkəmiz 25-ci yerdədir. Bu, respublikamızda aparılan ciddi islahata verilən yüksək dəyərin bariz nümunəsidir. Təbii ki, görkəmli islahatçılar da bu sürətli irəliləyişi biznes mühitinin yaxşılaşdırılması və sərmayə qoyuluşu üçün yeni imkanların yaradılması istiqamətində inqilabi islahat hesab edirlər. Müstəqilliyinin 28- ci ilini yaşayan bir ölkənin bir çox inkişaf etmiş dövlətləri geridə qoyması, təbii ki, yüksək dəyərə malikdir. Məhz bu baxımdan, islahatların bugünkü mərhələsi əvvəlki dövrlərdə aparılmış islahatların məntiqi nəticəsi hesab olunur. 
Ölkəmizin adının dünyanın on ən islahatçı ölkələr sırasında yer almasında Prezident İlham Əliyevin güclü siyasi iradəsi və davamlı dəstəyi dayanır. Bu müddət ərzində aparılan kompleks iqtisadi islahatlar digər nüfuzlu beynəlxalq reytinqlərlə yanaşı, “Doing Business 2019” hesabatının da bütün indikatorlarını əhatə edib. Bunu nəticə də təsdiqləyir. Bütövlükdə, 2017-ci il və 2018-ci ilin ilk 4 ayında təkcə bu hesabat üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri həyata keçirilib. “Doing Business 2019” hesabatında deyilir: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib”.
Aparılan islahatlar nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmin olunması ilə yanaşı, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsi, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəlməsinə nail olunub. Dövlət başçısı bu uğurları qiymətləndirərkən deyib ki, əslində, biz bu siyasəti uzun illərdir ki, aparırdıq: “Əsas hədəf ondan ibarət idi ki, biz iqtisadi cəhətdən heç kimdən asılı olmayaq. Biz iqtisadi müstəqilliyi əldə edəndən sonra əlbəttə ki, öz siyasi addımlarımızı daha inamla atırıq və ölkəmizin maraqlarını daha böyük dərəcədə qoruyuruq. Bu gün isə qarşımızda yeni vəzifələr durur, yeni çağırışlar dayanır. Dünya dəyişir, dünyada gedən proseslər narahatlıq doğurur. Beynəlxalq hüquq prinsipləri artıq belə görünür ki, o qədər də böyük rol oynamır. Ona görə, hər bir ölkə çalışmalıdır ki, maksimum öz daxili resurslarına arxalansın”.
Prezident İlham Əliyevin 16 il ərzində davamlı olaraq həyata keçirdiyi islahatlar kursu son bir il ərzində yeni mərhələyə daxil olmaqla, ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi sabitliyi daha da möhkəmləndirib. Dünyada baş verən hadisələrlə müqayisədə ölkəmizdə həmrəyliyin şərtləndiyinin, “iqtidar – xalq” hakimiyyətinin monolit birliyinin şahidi oluruq. Bu reallıqları dünyanın ən nüfuzlu reytinq agentlikləri, QHT-lər də təsdiqləyir. Yəqin ki, bir neçə ay əvvəl Fransanın tanınmış “Opinion Way” sosial tədqiqatlar şirkətinin Azərbaycan ərazisində keçirdiyi sorğunun nəticələri unudulmayıb. Bu nüfuzlu şirkətin rəy sorğusunda ölkədə ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunmasında Prezident İlham Əliyevin rolu, həyata keçirdiyi sosial-iqtisadi islahatlar kursu, kadr islahatları, regionların inkişafı istiqamətində atdığı addımlar, xarici siyasət kursu ilə bağlı respondentlərə suallar ünvanlanmışdı. Həmin suallardan biri belə idi: “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz?” Sorğuda iştirak edənlərin 90,5 faizi bu suala müsbət cavab vermişdi. Bu, ölkədə aparılan islahatların əhali tərəfindən yüksək qarşılandığını təsdiqləyən təkzibolunmaz faktdır. 
2019-cu il Azərbaycanda islahatların yeni və daha genişmiqyaslı dalğası ilə başlandı. Biz islahatların əhatə dairəsini və əsas hədəflərini mahiyyət etibarilə inqilabi dəyişikliklər də adlandırırıq. Bu ilin əvvəlindən başlayaraq sosial-iqtisadi sferada köklü və sistemli dəyişikliklərə başlanılıb. Bu islahatlar, əsasən, xalqımızın sosial rifahının yüksəlməsi mənafeyinə xidmət göstərir. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, bütün siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Sözü ilə əməli hər zaman üst-üstə düşən dövlət başçısı sosial paketdən olan yeni islahatlar kursu ilə növbəti dəfə təsdiqlədi ki, o, Azərbaycanın hər bir vətəndaşının Prezidentidir.
Prezident İlham Əliyev bu ilin əvvəlində REAL televiziyasına verdiyi müsabibəsində Azərbaycanda 2019-cu ilin islahatların yeni və daha genişmiqyaslı dalğası ilə başlandığını diqqətə çatdırdı: “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Yəni, nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaratdıq. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır”.
Həyata keçirilən islahatların mərkəzində insan amilinin, sadə azərbaycanlıların -- şəhid ailələrinin, təqaüdçülərin, aztəminatlı ailələrin, məcburi köçkünlərin, əlillərin dayanması vətəndaş -- dövlət təmasının yeni formatına keçiddən xəbər verir. Dövlətimizin başçısı da dəfələrlə bu məsələlərin dövlət siyasətinin prioritetini təşkil etdiyini vurğulayıb və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bəyan edib. Həyata keçirilən islahatlar da bundan xəbər verir. Ölkə başçısı qeyd edib ki, imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər görüldüyünü xatırladan Prezident İlham Əliyev məcburi köçkünlər üçün 100-dən çox şəhərcik tikildiyni, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verildiyini, ərazi bütövlüyümüz uğrunda şəhid olanların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım ödənildiyini, pensiyaların, minimum əmək haqqının artırıldığını deyib. 
Ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirən bu islahatlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi, diplomatik fəaliyyətdə və mədəni sahələrdə siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinə şamil edildiyini göstərir.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

 

20 2019 10:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə