Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polis sabitliyin qarantıdır

Polis sabitliyin qarantıdır

Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük uğurlardan biri də ölkəmizdəki sabitlikdir. Zaman-zaman bu sabitlik və əmin-amanlığı pozmağa çalışan xəyanətkar və satqınların qarşısı ölkəmizin xoş gələcəyi və xalqımızın işıqlı sabahı naminə polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb. Hazırda 101-ci ilini yaşayan Azərbaycan polisi bu illər ərzində şərəfli yol keçərək və dövlətin mühüm qurumlarından birinə çevrilərək böyük təcrübə qazanıb. Polis əməkdaşları sabitliyin, əmin-amanlığın qorunması, hüquq pozuntularının qarşısının alınması kimi çətin və mürəkkəb işi özləri üçün şərəfli peşə hesab edirlər.

Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Daxili İşlər Nazirliyinin inkişafı və fəaliyyətinin məzmunu baxımından ən mühüm mərhələ olub. Hələ 1969-1982-ci illərdə dahi şəxsiyyət böyük uzaqgörənliklə daxili işlər orqanlarının milliləşdirilməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi, bütövlükdə təşkilati cəhətdən möhkəmləndirilməsi üçün mühüm qərarlar qəbul edib. Şəxsi heyətin dövlətçilik ideologiyası ruhunda formalaşmasının nəticəsi idi ki, erməni separatçıları baş qaldıran gündən polis əməkdaşları onlara qarşı amansız olmuş, cinayətkarlığa qarşı mübarizə aparmaqla yanaşı, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə də mərdlik və şücaət göstərmiş, çoxlu sayda şəhid vermişdir.
 1988-ci ildə Ermənistanın hərbi təcavüzünə qarşı ilk olaraq rəşadətlə döyüşən yeganə nizami qüvvə milis, sonrakı illərdə isə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə Daxili İşlər Nazirliyinin 1700-ə yaxın əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfəri isə yaralanıb. Göstərdikləri şücaət və igidliyə görə 67 nəfər “Milli Qəhrəman” adına, 1143 nəfər orden və medallara layiq görülüb. Ölkə polisi cinayətkarlığa qarşı mübarizə aparmaqla yanaşı, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə də mərdlik və şücaət göstərmiş, çoxlu sayda şəhid vermişdir.
Müstəqilliyimizin qorunmasında və əbədi olmasında polis əməkdaşlarının danılmaz xidmətləri var. Dövlətçilik, müstəqillik, sabitlik və inkişaf ideyalarına sadiq olan dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və qayğısını gündəlik həyatlarında hiss edən polis əməkdaşları fəaliyyətlərini qarşıya qoyulan tələblər səviyyəsində quraraq, qanunvericiliklə müəyyən edilmiş vəzifələrini əzm və qətiyyətlə yerinə yetirir, hər bir vətəndaşın hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanırlar.
Ölkəmizin inkişafını, dünya birliyinə inteqrasiyasını gözü götürməyənlər son vaxtlar polislə xalq arasında nifaq salmaq, çaşqınlıq yaratmaq üçün müxtəlif çirkin vasitələrə atır, guya polisin insanlara qarşı qanunsuz rəftarı, kobudluğu barədə müxtəlif şayiələr yayırlar. Belə riyakarlar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar edir, qanun pozuntusuna görə polis tərəfindən saxlanılan şəxslərin günahsız olduğunu “sübut etməyə” çalışırlar. Sosial şəbəkələrdə yalan və böhtanla dolu məlumatlar yayanlar, əslində, polisi nüfuzdan salmağa, vətəndaşlarla qarşıdurma yaratmağa cəhd edirlər. Müxtəlif məzmunlu paylaşmalar etməklə, insanları qanunsuz aksiyalara təhrik edən, hakimiyyətə qarşı itaətsizliyə çağıran belə satqınların antiazərbaycan qüvvələrin sifarişlərini yerinə yetirdiyi hər birimizə məlumdur. 
Sosial şəbəkənin mahiyyətini və məqsədini hələ də dərk edə bilməyən belə “yalançı vətənpərvərlər” çirkli pullar müqabilində xalqı, Vətəni satmağa hər an hazır olduqlarını nümayiş etdirirlər. Polis əməkdaşını hədəfə alan hansısa xarici qüvvənin çirkin niyyətinin aləti olan bu xainlərin cinayətkarı, terrorçunu müdafiə etməklə, qanunsuz ixtişaş törətməyə çağırışları demokratik prinsiplərin inkişafına böyük önəm verən, insan hüquq və azadlıqlarının müdafiəsini dövlət siyasətinin prioritetinə çevirən Azərbaycanın bugünkü reallıqları ilə heç cür uzlaşmır. Möhtərəm ­Prezidentimizin polisin əməyinə verdiyi dəyəri belə xəyanətkarların diqqətinə çatdırmaq yerinə düşərdi: ”Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar. Cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Onların çox böyük funksiyaları, çox böyük zəhmətləri vardır. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm”.

 

Rüstəm XƏLİLOV, 
Milli Məclisin deputatı

20 2019 10:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə