Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Günay” teatr-studiyası Latviya müsabiqəsində iştirak edib

“Günay” teatr-studiyası Latviya müsabiqəsində iştirak edib

Bakı Uşaq Teatrının “Günay” teatr-studiyası avqustun 18-19-da Latviyada keçirilən “AMBERSTAR 2019” beynəlxalq incəsənət müsabiqəsində iştirak edib. Müsabiqə müxtəlif ölkələrdən gənc istedadların iştirakı ilə Riqa-Stokholm-Riqa kruiz turu ilə səyahət edən gəmidə keçirilib.
Müsabiqədən əvvəl “Günay” studiyasının gənc artistləri Riqa şəhərində tamaşa-konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi və Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təşkilatçılığı ilə Latviya Universitetində baş tutmuş tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə Azərbaycanın zəngin teatr ənənələri və musiqi mədəniyyəti barədə tamaşaçılara məlumat verib, teatr sənətinin gənclərin estetik tərbiyəsinin formalaşmasındakı rolundan bəhs edib. Bu istiqamətdə “Günay” teatr-studiyasının fəaliyyətini yüksək qiymətləndirən Z.Dadaşzadə Azərbaycan teatr sənəti ənənələrinin təbliğində onlara uğurlar arzulayıb.
Konsert zamanı Azərbaycanın milli rəqs və musiqi nümunələri ifa edilib, şeirlər səsləndirilib. Xüsusilə "Kitabi-Dədə Qorqud" eposunun motivləri əsasında səhnələşdirilmiş “Üç tonqal” tamaşası və "Arşın mal alan" operettasından qızların yaylıqla rəqsi tamaşaçıların rəğbəti ilə qarşılanıb.
Proqramın yekununda çıxış edən tədbirin əsas təşkilatçısı, Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviyadan olan üzvü Elnur Rəhimov “Günay” studiyasının gənc istedadlarına öz təşəkkürünü bildirib, xalqımızın tarixi, milli və mənəvi dəyərlərinin təbliğində bütün soydaşlarımıza uğurlar arzulayıb.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

20 2019 10:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə