Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sitrus meyvəçiliyinin inkişafı xüsusi diqqət mərkəzindədir

Sitrus meyvəçiliyinin inkişafı xüsusi diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi sahə ilə bağlı 31 iyul 2019-cu il tarixli müşavirədə aqrar islahatlar üzrə görülmüş tədbirlərin nəticəsində bütün sahələrdə irəliləyiş olduğu xüsusi qeyd edilmışdır. Dövlətimizin başçısı ərzaq təhlükəsizliyinin əsas vəzifə olduğunu vurğulamış, bundan sonra kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişafına daha böyük diqqət yetirilməsinin vacibliyini önə çəkmişdir. 

Ölkəmizin aqrar sektorunda inkişafda olan sahələrdən biri sitrus meyvəçiliyidir. “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 12 sentyabr tarixli sərəncamı sitrusçuluğun da genişləndirilməsi üçün əlverişli mühit yaratmışdır. Sərəncamın imzalanmasından bir neçə ay sonra, 2018-ci il fevralın 13-də bu sahənin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Proqram sitrus meyvəçiliyinin inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, sahənin potensial imkanlarından daha səmərəli istifadə edilməsinə yönəldilib. Başlıca hədəf əhalinin sitrus meyvələrinə tələbatının daha dolğun ödənilməsi, bu məhsulların ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin, habelə maddi rifahının yüksəldilməsinə əlverişli şərait yaratmaqdır. 
Vətəni Şərqi Asiya olan sitrus meyvələrinin (portağal, limon, naringi, qreypfrut və s.) istehsalına XIX əsrdə ABŞ-da başlanılmış və sürətlə digər ölkələrə də yayılmışdır. Sitrus meyvələri dünyada ən çox yetişdirilən meyvə qrupuna daxil olmaqla, əsasən tropik və subtropik iqlimə malik yerlərdə becərilir. Bu bitkilərin meyvələrindən qida məhsulları kimi, qabıqlarından, yarpaqlarından və çiçəklərindən alınan uçucu efir yağlarından isə ətriyyat istehsalında geniş istifadə edilir. 
Azərbaycanın cənub bölgəsində sitrus meyvə bitkilərinin becərilməsi üçün əlverişli təbii iqlim şəraiti var. Bu sahə yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malikdir. Astara və Lənkəranda əhali sitrusçuluğu ata-babadan özünün əsas məşğuliyyətinə çevirib. Bu bölgə sitrus bitkiləri qrupuna aid olan naringi, portağal və limonu ilə dünyada tanınır. Ölkəmizdə sitrus meyvəçiliyinin inkişafının əsası 1930-cu ildə Astara rayonunda ümumi sahəsi 800 hektar olan Subtropik Bitkilər Sovxozunun yaradılması ilə qoyulmuş və onun 500 hektara yaxın ərazisində limon, naringi, portağal, feyxoa, çay, nəcib dəfnə və s. bitkilərin becərilməsinə başlanılmışdır. Həmin dövrdən etibarən ölkədə sitrus meyvə bağları planlı şəkildə artırılmış, inkişaf 70–80-ci illərdə daha da sürətlənmişdir. Aqrar sənaye kompleksinin inkişafı ilə bağlı həyata keçirilən uğurlu siyasət nəticəsində bölgədə digər subtropik bitkilərlə yanaşı, sitrus bitkilərinin sahələri də əhəmiyyətli dərəcədə genişləndirilmişdir.
Doxsanıncı illərin əvvəllərində kənd təsərrüfatının digər sahələrində olduğu kimi, sitrus meyvəçiliyi sahəsində də tənəzzül yaşanmış, sitrus meyvə bağlarının bir qismi ləğv edilərək yerində dənli-taxıl, tərəvəz və digər bitkilərin becərilməsinə başlanılmışdır. Sonralar azalma nisbətən səngimiş, 2009-cu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin daha da gücləndirilməsi sitrus meyvə bağlarının da sürətlə genişlənməsinə səbəb olmuşdur. Hazırda 5000 hektara qədər sitrus bağları var. 
Yeddiillik Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin reallaşdırılması üçün sitrus meyvəçiliyi üzrə institusional tədbirlərin həyata keçirilməsi, standartların təkmilləşdirilməsi, infrastruktur təminatı, innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi, yerli və xarici investisiyaların cəlb edilməsi, idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi, kiçik ailə-kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqi nəzərdə tutulur. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək sitrus meyvələri istehsalı həcminin 100 min tona çatdırılması nəzərdə tutulur. 
Dövlət başçısı ölkədə sitrus meyvələri əkininin genişləndirilməsinin vacibliyini vurğulayıb: “Deyə bilərəm ki, bu sahədə də artım var. Misal üçün, 2000-ci ildə 1700 hektarda sitrus meyvələri əkilmişdisə, hazırda 2500 hektarda əkilir. Artım var, ancaq artım daha da sürətli ola bilər. Qeyd etməliyəm ki, dağətəyi ərazilərdə, yamaclarda terras üsulu ilə sitrus bağlarının salınması məsələlərinə baxmaq lazımdır. Yeni soyuducu kameralar yaradılmalıdır və sitrusçuluq üçün kiçik qabaritli xüsusi texnikanın gətirilməsi də mütləq lazımdır. Bu sahədə olan problemlərdən biri də mütəxəssis çatışmazlığıdır. Bizim Aqrar Elm Mərkəzində bu məsələyə baxılmalıdır, lazım olarsa ilkin mərhələdə xaricdən də mütəxəssislər cəlb edilməlidir ki, bu sahə sürətlə inkişaf etdirilsin. Beləliklə, əgər bu üç sahənin ümumi idxal həcmini götürsək görərik ki, hər il ölkəmizə 17 milyon dollarlıq sitrus meyvələri idxal olunur. Biz bu ənənəvi sahələri daxili istehsal hesabına inkişaf etdirsək, özümüzü təmin etsək, bu məbləğə qənaət etmiş olarıq”.
Lənkərandan kənd təsərrüfatı üzrə mütəxəssis ­Ramiz Hacıyev bizimlə söhbətində rayonda bu sahənin təşəkkülü və inkişafı barədə ətraflı məlumat verdi:
– Çay, çəltik və sitrusçuluğa geniş meydan verilməsi fərəh doğuran haldır. Sözügedən müşavirədə dövlət başçısı cənab İlham Əliyev əmtəəlik xüsusiyyətlərinə malik olan bu sahələrin inkişaf perspektivlərini konkret faktlarla dolğun şəkildə əsaslandırdı. Bu gün ölkədə bol sitrus meyvələri, o cümlədən limon yetişdirilir ki, iqtisadi rayonlar sırasında Lənkəran zonası limon istehsalının 98 faizini təmin edir. Hektardan orta hesabla 240-250 sentner məhsul alınarsa, həmin sahədən 6000 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 97 faiz təşkil edir. Sitrusçuluq isə bizim rayonda 22 ildir ki, genişləndirilir. 1997-ci ildə sitrus bağlarımız 1154 hektara çatdırılıb, 6616 ton məhsul yığılıb. 2018-ci ildə isə 1374 hektarlıq sitrus bağlarından 15 495 ton meyvə toplanıb. 
Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədəki çıxışında bildirib ki, dövlət tərəfindən güzəşt və subsidiyaların hərtərəfli tətbiqi, gübrələrlə əlaqədar liberallaşmanın genişləndirilməsi və səyyar satışının təşkili, elmi proqnozlaşma müsbət nəticələr vermişdir. Eyni zamanda minbir əziyyətlə başa gələn məhsulun axlanılması, çeşidlənməsi və qablaşdırılması, eləcə də emalı üzrə fəaliyyət göstərən müəssisələr yaradılmalıdır. Bütün bunlar fermerləri nikbin ovqata kökləyir. 
Bir neçə il əvvəl rayonun Sütəmurdov kəndi ərazisindəki 15 hektar sahədə “Gilan Aqro” MMC tərəfindən Cənubi Koreyadan gətirilərək əkilmiş 20 min ədəd hallabong növlü sitrus bitkiləri bağları artıq xeyli genişlənib. Xatırladaq ki, dörd il əvvəl Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində bu bağlara da baş çəkib. O zaman bildirilib ki, gələcəkdə təsərrüfat genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcək. Becərilən məhsuldar “Shiranuhi” (Hallabong) və “Kanpei” (Red Hyaang) sitrus növlərindən yüksək dad keyfiyyətlərinə malik meyvələr əldə edilir. Bu növlərin məhsuldarlığı hektarda orta hesabla 35-45 tona çatır ki, bu da yerli növlərdən 2-3 dəfə çoxdur. İstehsal olunmuş meyvələrdən təzə halda və qida, qənnadı, kosmetik, ətriyyat və digər sənaye sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi nəzərdə tutulur. 
“Fruit Garden” şirkəti isə Separadi kəndi ərazisində istifadəsiz qalmış torpaq sahəsində ümumi həcmi 7,7 milyon manat olan layihə çərçivəsində limon, mandarin və greypfrut bitkilərindən ibarət sitrus plantasiyası salıb. Əkin üçün buraya Türkiyədən 92 min ədəd ting gətirilib. Rayon rəhbərliyi iş adamlarının təşəbbüslərini dəstəkləyib və hər vasitə ilə onlara köməklik göstərib. Artıq 150 hektara çatan torpaq sahəsində əkinlər yaxşı məhsul verir. Yeni əkilən ağacların damcı üsulu ilə suvarılmasından ötrü Türkiyə şirkəti tərəfindən təsərrüfatda suvarma qurğuları quraşdırılıb. Respublikada ilk dəfə olaraq qış mövsümündə sitrus plantasiyası ərazisində şaxtanı 10 dərəcə aşağı salan “Donqoruyan Pərvanə” (“Frost Guard”) tipli xüsusi avadanlıq işlərin səmərəliliyini xeyli artırır. 
Lənkəranın Hirkan, Osaküçə, Havzava, Bürcəli və Xanbulan kəndlərində sitrus meyvəçiliyi daha geniş yayılıb. İlham Əkbərov Hirkanda 3 hektarda, Ceyhun Səfərov Şıxəkəranda 1,2 hektarda yaratdıqları yeni sitrus bağlarından yaxşı gəlir götürdüklərini qeyd edirlər. Ümumiyyətlə, sitrus bağlarının genişləndirilməsi üzrə hədəf 2000 hektardır. 
Respublikamızda sitrusçuluğun məskəni kimi tanınan Lənkəran zonasında nadir subtropik bitki olan kinkan meyvəsi də yetişdirilir. Kinkanın orqanizm üçün saysız faydaları var. Ağacında bar ildə üç dəfə çiçəkləyir. Onu ilboyu dərib yemək olur. 
Son illər Astarada 715 hektarda yeni sitrus meyvə ağacları əkilib, meyvə bağlarının ümumi sahəsi 3830 hektara çatdırılıb. Bu işlərin görülməsinə 3400 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Son yığım mövsümündə sitrus və subtropik meyvə bağlarından 41 min ton məhsul tədarük edilib.
Rayonda sitrusçuluğun inkişaf etdiyi ölkələrin təcrübəsi öyrənilir, müasir üsullardan istifadə edilir. Bu məqsədlə sitrus bağlarının yerli iqlim şəraitinə uyğun, yeni texnologiya əsasında əkilməsindən ötrü mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlər keçirilir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən nümayəndə heyət ötən ilin payızında Türkiyənin Adana və Hatay şəhərlərinə səfər edərək, intensiv sitrus bağlarının salınması, tinglik təsərrüfatlarının yaradılması, müasir qulluq qaydaları ilə bağlı qabaqcıl təcrübəni öyrəniblər. Astarada sitrus və subtropik meyvə bağları sahəsinin 4000 hektara çatdırılması nəzərdə tutulub. 
Rayonun Kijəbə qəsəbəsi ölkəmizdə yüksək keyfiyyətli sitrus məhsullarının yetişdirildiyi ərazi kimi tanınır. Sovetlər dönəmində burada geniş sitrus meyvə bağları salınıb. Bu inzibati ərazi vahidinin Tüləgüvan kəndindəki təsərrüfatlardan birində – beş ailəni birləşdirən kəndli fermer təsərrüfatında bol və keyfiyyətli meyvələrin yetişdirilməsi üçün sitrusçular gərgin əmək sərf edirlər.
Həmin təsərrüfatın rəhbəri Rafiq Ağayev bol məhsulun yetişdirilməsi üçün həyata keçirilən tədbirlərdən danışaraq dedi: 
– Prezidentimiz kənd təsərrüfatının inkişafına, o cümlədən sitrus meyvəçiliyinə ciddi diqqət yetirir. Bu isə bizə qol-qanad verir. Təkcə bizim Tüləgüvan kəndində sitrusçuluqla məşğul olanların sayı 250-dən çoxdur. Hər bir ailə öz büdcəsini bu sahədən əldə etdiyi gəlirlə təmin edir. Mənim ailəmin üzvləri bir hektardan çox ərazini əhatə edən meyvə bağında qış-yay çalışaraq ağacların suvarılması, zərərvericilərdən qorunması üçün lazımı tədbirləri vaxtında həyata keçirir. Bilirik ki, zəhmətimiz hədər getməyəcək. Yığım mövsümündə 15-20 ton naringi toplamaq əzmindəyik. Yığdığımız narıngi meyvəsinin kiloqramı 1 manat və ya 1 manat 50 qəpiyə alınır. 
Artıq rayonun sitrus və subtropik meyvə bağlarında məhsul yığımına hazırlıq gedir. Hər yerdə bol məhsul yetişdirilib. Qeyd edək ki, bu il Astara rayonunda 45 min tona yaxın sitrus və subtropik meyvə istehsalı nəzərdə tutulub. 
Sitrus meyvə bağlarının su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün su təsərrüfatı obyektlərinin təmiri, bərpası, yenidən qurulması və tikintisi vacibdir. Bundan ötrü də rayonlarda məqsədyönlü tədbirlər həyata keçirilir. Sututarlardan səmərəli istifadə olunur. 
Bir daha qeyd edək ki, sitrusçuluğa dair Dövlət Proqramı ölkədə bu sahənin inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, potensial imkanlardan səmərəli istifadəyə, istehsalın stimullaşdırılmasına yönəldilib. Mütəxəssislər hesab edir ki, aztorpaqlı olan cənub rayonlarında intensiv bağçılığı inkişaf etdirməklə daha uğurlu nəticələr qazanmaq olar. 
Bəli, dövlət başçısının tapşırıqlarını torpaq adamları özlərinin əməli fəaliyyət proqramına çeviriblər. Bu isə Azərbaycanda aqrar sahənin, o cümlədən də sitrus meyvəçiliyi ənənələrinin inkişafına, daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına müsbət təsir göstərəcək. 

 

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin bölgə müxbiri

20 2019 10:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə