Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Turizmə dövlət dəstəyi öz bəhrəsini verir

Turizmə dövlət dəstəyi öz bəhrəsini verir

Turizm sektorunun inkişafı prioritetlər sırasındadır. Mənim qərarımla Dövlət Turizm Agentliyi yaradıldı. Məhz o məqsədlə ki, bu sahəyə daha böyük dövlət dəstəyi göstərilsin. Son illərdə turistlərin sayının artması çox müsbət haldır. …Mən bunu demişəm, bir daha demək istəyirəm ki, turizm ixrac sahəsidir. Çünki bu, ölkəmizə valyuta gətirir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev tərəfindən ölkəmizdə turizmin inkişafına böyük diqqət və qayğı göstərilir. Son illər bu sahədə atılan davamlı, düşünülmüş addımlar, görülən uğurlu işlər öz real bəhrəsini verir. Görünən budur ki, Azərbaycan bu gün dünyanın ən cəlbedici turizm məkanlarından birinə çevrilir. 
Məlumdur ki, turizmin faydaları çoxdur. Belə ki, bu sahənin inkişafı əhalinin məşğulluğunu artırır, dövlət xəzinəsinə valyuta gətirir. Elə ölkələr var ki, gəlirlərinin böyük bir qismi məhz turizmin hesabına əldə olunur. Təqdirəlayiq haldır ki, Azərbaycanda da qeyri-neft sektorundan, o cümlədən turizmdən əldə olunan gəlirlər ilbəil artır.  

Təbii ki, iş təkcə maliyyə gəlirləri, mənfəətlə bitmir. Turizm, həm də xalqımızın yüksək millli-mənəvi, əxlaqi dəyərlərinin, sivil, mədəni həyat  tərzinin təbliği deməkdir. Respublikamıza ən müxtəlif ölkələrdən gələn insanlar Azərbaycan xalqının şanlı tarixi, zəngin mədəniyyəti ilə yaxından tanış olurlar.  Beləcə, xalqımızın, dövlətimizin bütün dünyada dostlarının sayı artır. 
Xoşbəxtlikdən, Azərbaycanda turizmin inkişafı üçün imkanlar böyükdür. Ölkəmizin əlverişli coğrafi mövqeyi, təbii gözəllikləri, modern otel, mehmanxana şəbəkələri, müasir infrastruktur, ən başlıcası xalqımızın qonaqpərvərliyi yaxın- uzaq ölkələrdən yurdumuza gələnləri razı salır. Turistlər həm də öz təhlükəsizlikləri üçün arxayındırlar. Bilirlər ki, Azərbaycanda sabitlik hökm sürür, ictimai asayiş yüksək səviyyədə qorunur. 
Azərbaycan dövləti son illər bu mühüm sahənin inkişafını sürətləndirməyə çalışır və buna müvəffəq olur. Ölkəmizdə “Turizm haqqında” Qanun qəbul edilib, sahənin inkişafının prioritet istiqamətləri işlənərək hazırlanıb. Azərbaycanda Dövlət Turizm və Menecment Universiteti yaradılıb və burada yüksək peşəkar kadrlar hazırlanır. 
Azərbaycan dövləti bu sahədə idarəetmə mexanizmini daim təkmilləşdirir. Təsadüfi deyil ki, ötən il Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi (DTA) yaradılıb. DTA-nın əsas məqsədi dövlətin turizm siyasətini uğurla həyata keçirməkdir. Mütəxəssislər hesab edirlər ki, müstəqil icra strukturunun təşkili sahənin çevik və peşəkar idarə olunması üçün zəmin yaradır. 
Qeyd etmək lazımdır ki, son illər istər regionda, istərsə də  daha böyük coğrafi məkanda turizm sahəsində rəqabət durmadan yüksəlir. DTA rəhbərliyi qarşıda duran vəzifələrin öhdəsindən gəlmək üçün qabaqcıl beynəlxalq təcrübədən bəhrələnməyə çalışır. Agentlikdən redaksiyamıza verilən məlumatda qeyd olunur ki, ölkəmizdə turizm strategiyasına uyğun olaraq, 2018-ci ilin sonlarında 6 ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri fəaliyyətə başlamışdır. Hazırda Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin, Hindistan və Rusiyada açılmış nümayəndəliklər uğurla fəaliyyət göstərirlər. Bu qurumlar Azərbaycanın turizm potensialını təbliğ edir, marketinq araşdırmaları aparır, təbliğat materialları hazırlayaraq yayımlayır və s. istiqamətlər üzrə vacib işlər görürlər. Yaxın gələcəkdə  belə nümayəndəliklərin sayının artırılması nəzərdə tutulub.  
DTA hazırda bir çox beynəlxalq təşkilatlarla, o cümlədən  Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat (GUAM), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və digər qurumlarla turizm sahəsində sıx əlaqələr qurur. 
Agentliyin Avropanın aparıcı dövlətləri ilə də əlaqələri genişlənir. Bu il fevralın 20-də DTA-nın sədri Fuad Nağıyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də iştirak ediblər. 
Görüş zamanı Azərbaycan ilə Böyük Britaniya arasında turizm sahəsində əməkdaşlığın önəmi qeyd olunub, təcrübə mübadiləsi, inkişaf perspektivləri müzakirə edilib. F.Nağıyev Azərbaycanın yeni milli turizm brendinin beynəlxalq təqdimatının ilk dəfə Londonda keçirilən 2018-ci ilin noyabrında Dünya Səyahət Bazarı Sərgisində (“World Travel Market-2018”) təqdim olunduğunu diqqətə çatdırıb. Qeyd edək ki, 2018-ci ildə Böyük Britaniyadan Azərbaycana gələn səyahət edənlərin sayı 29399 nəfər olub.

 

Turizmin inkişafında bacarıqlı kadrların böyük rolu vardır. Bunu nəzərə alaraq, DTA rəhbərliyi bu yaxınlarda Şəmkir rayonunda turizm bələdçiləri üçün təlim keçirib. Tədbir Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən təşkil olunub.
Belə ki, bu tədbirlərə ölkəmizdə turizm sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da cəlb olunur. Belə ki, təlim Avropa İttifaqı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən maliyyələşdirilən "Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək (SLRD)" layihəsi çərçivəsində keçirilib. “Gəncə-Qazax iqtisadi rayonunda tematik marşrutlar üzrə turizm bələdçilərinin hazırlığı” mövzusunu əhatə edən təlimlərdə iki qrupa bölünməklə regiondan olan 30 nəfər iştirak edib. İştirakçılar üçün şərabçılıq turizmi, təbiət turizmi, gəzinti və məkan turu kimi praktiki hissə də təşkil olunub və kreativ ideyaların aşılanması məqsədilə tematik marşrutların tərtibatı istiqamətində dərslər keçirilib. 
Beynəlxalq təlimçi Səkinə Əsgərova tərəfindən tədris olunan təlim proqramı çərçivəsində iştirakçılar “Alman irsi mədəniyyət evi”ni ziyarət edib və oradakı materiallarla tanış olublar. Sonda təlimə cəlb olunanların bilik səviyyəsinin müəyyən edilməsi məqsədilə nəzəri attestasiya təşkil olunub. 
Sonra imtahanın nəticələri açıqlanıb və uğur qazanan şəxslər Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının “Regional turizm bələdçisi” şəhadətnaməsi ilə təltif ediliblər. Qeyd edək ki, daha əvvəl Şəki-Zaqatala regionunu əhatə etmiş müvafiq təlimlərin ölkəmizin digər bölgələrində də keçirilməsi planlaşdırılır. 
DTA rəhbərliyi Azərbaycanın bölgələrində turizmin inkişafı ilə bağlı vaxtaşırı tədbirlər keçirir. Bu il iyulun 27-də Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba şəhərində “Regional Mətbəx Festivalı” adlı tədbir keçirilib. Festivalda çıxış edən RİH başcısı Ziyəddin Əliyev belə tədbirlərin rayonun milli mətbəx nümunələrinin nümayişi baxımından, ümumilkdə isə Azərbaycanda son zamanlar turizmin əsas istiqamətlərindən biri sayılan qastroturizmin inkişafı cəhətdən mühüm olduğunu bildirib. 
F.Nağıyev isə öz növbəsində Quba, Qusar və Xaçmaz kimi şəhərlərin yerləşdiyi şimal-şərq regionunun turistlərin ən çox üz tutduğu bölgələrdən biri sayıldığını və bu regionda xarici turistlərə təqdim etmək üçün çox sayda turizm məhsulunun olduğunu deyib. 
Festival çərçivəsində “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar yaradılıb. Eyni zamanda, qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçirilməsi üçün “Əsas səhnə” və “Əyləncə parkı" zonası quraşdırılıb. Tədbirdə milli musiqi nümunələri, rəqslər, tanınmış müğənnilərin ifaları, müxtəlif tamaşalar, uşaqlar üçün proqramlar qonaqlara təqdim olunub. Festivalın son günü -- 28 iyulda Şahdağ Quba Otelində məşhur aşpazlar tərəfindən regional qida sənayesinin aşpaz və mütəxəssisləri üçün ustad dərsləri keçirilib. 
Bugünlərdə Quba rayonunda hara getsən, hansı istirahət mərkəzinə baş çəksən, orada çox sayda əcnəbi və yerli turistlərlə rastlaşmaq mümkündür. Qubanın qədim Amsar kəndinin üst tərəfində  -- Bəhyə dağın ətəklərindən axan Qaraçayın sol sahilində yerləşən məşhur “Cənnət bağı”nda Küveytdən həyat yoldaşı və beş övladı ilə Bakıya, oradan Qubanın bu səfalı məkanına gəlmiş Badi adlı ərəb turisti buraların gözəlliklərini o ki var tərifləyərək dedi: 
– Sizin Vətəniniz Azərbaycan əsl cənnətdir. Mən əvvəllər bir neçə dəfə Qəbələdə, Göygöldə olmuşam. Oralar kimi, Quba da çox gözəldir. Ən başlıcası, insanlar çox mehriban və səmimidir. 
Söhbətdə Amsar kənd sakini, köhnə tanışım Məmmədqulu kişi də iştirak edirdi. O, məndən onun ürək sözlərini ingilis dilinə tərcümə edərək Badiyə çatdırmağımı  xahiş etdi. O dedi: 
--Son illər bizim Amsar kəndinə, başqa kəndlərə çoxlu sayda turist gəlir. Onların hər biri bizim üçün əziz qonaqdır. Xoş gəlib, səfa gətiriblər!  
Ərəb turist ağsaqqalın sözlərindən çox məmnun qaldı, bir neçə də “şükran”, “şükran” sözlərini ucadan dilə gətirdi. 
Məmmədqulu kişi sonra dedi ki, Azərbaycanda turizmin sürətli inkişafı möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub. Turizmdən çox adam, bütün xalqımız bəhrələnir. Mənim nəvələrimdən biri də buradakı mehmanxanada çalışır, yaxşı da əməkhaqqı alır. 
...Bir neçə dəqiqədən sonra Badi ailəsi ilə birlikdə yaxındakı bulaqdan sərin su içməyə getdi. Dağlardan əsən sərin meh çayın səsinə qarışıb ətrafa yayılırdı. 

 

Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti” 

20 2019 10:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə