Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən böyük rəğbətə layiq ölkə kimi tanınır

Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən böyük rəğbətə layiq ölkə kimi tanınır

Biz bundan sonra da beynəlxalq arenadakı rolumuzu fəal aparacağıq. Bizim bütün ölkələrlə qarşılıqlı hörmət və biri-birinin işinə qarışmamaq şərti ilə münasibətlərimiz qurulub. Bu münasibətləri biz möhkəmləndirəcəyik. Qonşu dövlətlərlə əlaqələrimiz daha da yüksək pilləyə qalxacaqdır. Mən buna əminəm. Çünki hazırda başladığımız və davam etdirdiyimiz iqtisadi və digər layihələr bunu deməyə əsas verir.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət strategiyamız öz müsbət nəticələrini verməkdədir. Belə ki, beynəlxalq aləmdəki dostlarımızın sayı artır, bizi dəstəkləyən ölkələrin sırası genişlənir. Bunu sübut etmək üçün BMT Təhlükəsizlik Şurasına üzv kimi namizədliyimizi 155 ölkənin dəstəkləməsini yada salmaq kifayətdir. Dövlət başçımızın qeyd etdiyi kimi, bu, beynəlxalq aləmin mütləq əksəriyyətidir. Təbii ki, həmin dəstəyi beynəlxalq hüquqa və ədalətə əsaslanan siyasətimizlə qazanmışıq. Azərbaycan üçün bu iki vacib prinsip həmişə bizim üçün əsas olub. Bu prinsiplər, bütövlükdə, beynəlxalq münasibətlərin tənzimlənməsində də üstünlük təşkil etməlidir.

Ümummilli lider tövsiyə edirdi ki, öncə yaxın qonşular, türk dünyası, müsəlman ölkələri, postsovet məkanındakı ənənəvi dostlarımızla əməkdaşlığı yüksək səviyyəyə qaldırmalıyıq. Bütün bunlar beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti ilə əməkdaşlığın genişləndirilməsinə stimul olacaq. İndi həmin tezislər gündəlik həyatımızın reallıqlarıdır.
Fakt ondan ibarətdir ki, işğalçı Ermənistan istisna olmaqla, yaxın qonşularımızın hamısı Azərbaycanın strateji tərəfdaşıdır. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan yeni əməkdaşlıq formatları bu münasibətlərin daha da yaxınlaşdırılması üçün stimul rolunu oynayır.
Dövlət başçımız dəfələrlə qeyd edib ki, müsəlman aləmində Azərbaycan çox böyük dəstəyə malik olan bir ölkədir. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədaləti əks etdirən qətnamələr qəbul etmişdir. Ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, “İslam Həmrəyliyi ili” elan edilməsi müsəlman aləmində çox yüksək qiymətləndirilib. Hamının qəbul etdiyi faktdır ki, Azərbaycan bu gün müsəlman aləmində müəyyən dərəcədə barışdırıcı, əlaqələndirici missiyanı uğurla icra edir. 
Ancaq təkcə qonşularımız, türk dünyası və ya müsəlman ölkələri ilə deyil, dünyanın bütün dövlətləri və beynəlxalq təşkilatları ilə qurulan əməkdaşlığımız Azərbaycanı daha da güclü, qüdrətli edir. Respublikamızın Avropa ölkələri ilə yaxın münasibətləri var. Avropa İttifaqına üzv ölkələr bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlardır. Onlarla siyasi, iqtisadi, enerji sahələrində əlaqələrimiz çox yüksək səviyyədədir. Təbii ki, həmin əməkdaşlıq bizim üçün də çox önəmlidir. Çünki müasirliyə gedən yolda olan Azərbaycan hələ inkişaf etməlidir. Bunun üçün ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. 
Hər bir azərbaycanlı fəxr etməlidir ki, dövlətimiz istənilən məsələdə prinsipial mövqedədir, müstəqil siyasət aparır. Həmin siyasət Azərbaycan xalqının maraqlarını təmin edir, bir çox tərəfdaşlar üçün də əlavə imkanlar yaradır. Dövlət başçımız xatırladır ki, biz beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizi uğurla davam etdirəcəyik. Bütün mötəbər beynəlxalq təşkilatlar Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləyir. BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı–bütün bu aparıcı təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər.
Dövlət başçımız xatırladır: “Beləliklə, münaqişənin həlli üçün siyasi əsaslar da qoyulub. Hüquqi əsaslar onsuz da var. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə bu qondarma qurumu tanımayıb və əminəm ki, heç vaxt tanımayacaq. Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir. Çünki Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri həm hüquqi, həm siyasi əsasları möhkəmləndirir. Münaqişənin həlli ilə bağlı bizim mövqeyimiz üstünlük təşkil edir, xüsusilə, indiki şəraitdə. Dünyanın müxtəlif yerlərində, eyni zamanda, Avropada separatizm meyilləri artır. Avropa da görür ki, separatizm nə dərəcədə təhlükəli meyildir. Biz isə təcavüzkar separatizmlə üzləşmişik. Ona görə bütövlükdə, münaqişələrlə bağlı dünyada gedən proseslər, yanaşma bizim mövqeyimizi daha da möhkəmləndirir”. 
Təbii ki, dünya ictimaiyyətinin Azərbaycanı dəstəkləməsini, ölkəmizdə həyata keçirilən islahatların dünyanın hər yerində dəstəklənməsini deməklə iş bitmir. Bunu əsaslandıran sənədlərə də müraciət etmək lazımdır. Ona görə də bəzi faktları yada salaq. 


Donald Tramp: Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm


Bu ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp yazırdı ki, dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur: “Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm… Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk qrupu prosesində Sizin şəxsi iştirakınızı təqdir edirik”.


Vladimir Putin: Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir


Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubu da bir sıra səmimi fikirlər və ciddi arqumentlərlə zəngin idi. Dost və qonşu ölkənin lideri yazır ki, Rusiyada Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir: “Əminəm ki, biz bütün sahələrdə səmərəli ikitərəfli əlaqələri, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsində konstruktiv qarşılıqlı fəaliyyəti birgə səylərimizlə bundan sonra da uğurla inkişaf etdirəcəyik. Heç şübhəsiz ki, bu, dost xalqlarımızın əsas mənafelərinə uyğundur".


Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts: Azərbaycanda bizim təxminən 500 şirkətimiz fəaliyyət göstərir 


Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Avropa ölkələrinin əksəriyyəti ilə sıx əməkdaşlıq edir. Böyük Britaniyanın ölkəmizdəki səfiri Kerol Krofts həmin faktı dilə gətirərkən deyib: “Azərbaycanda dörd-beş min nəfər Böyük Britaniya vətəndaşı yaşayır və işləyir. Bu rəqəm dəqiq deyil, tez-tez dəyişir. Azərbaycanda bizim təxminən 400-500 şirkətimiz fəaliyyət göstərir. Bakıda Britaniyanın böyük biznes ictimaiyyəti var. Burada artıq 20-25 ildir yaşayan vətəndaşlarımız var. Onlar həmişə Bakının günü-gündən müsbətə doğru dəyişdiyini, inkişaf ediyini deyirlər".
Yəni, Azərbaycanın tərəqqisi, beynəlxalq standartlara uyğun islahatlara imza atması təkcə ölkəmizdə deyil, dünyanın hər yerində yüksək qiymətləndirilir və təqdir olunur. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

17 2019 22:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə