Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni İpək yolu layihəsi Avropa ilə Şərq arasında körpü rolu oynayacaq

Yeni İpək yolu layihəsi Avropa ilə Şərq arasında körpü rolu oynayacaq

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək yolunun bərpasına həsr olunan beynəlxalq konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa–Qafqaz–Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib.

Həmin sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı olub. Beləliklə, Azərbaycan tarixi İpək yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb.
Hazırda Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək yolu iqtisadi kəməri” layihəsinin iştirakçısıdır. Xatırladaq ki, 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “İpək yolu iqtisadi kəməri”nin yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Ötən müddətdə bu kəmərin yaradılması istiqamətində bir sıra mühüm tədbirlər reallaşdırılıb. Avropa ilə Asiyanı birləşdirən Bakı–Tbilisi–Qars nəqliyyat dəhlizi 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. Dəhliz Trans–Avropa və Trans–Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək yolunun polad magistrallar üzərində bərpasıdır.
Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir.
Sözügedən dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldır. Sabitlik və təhlükəsizliyə xidmət edən Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Bu layihənin tarixi İpək yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin–Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm önəm daşıyır.

Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi yaradır, bu isə iki qardaş dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Eyni zamanda, bu dəmir yolu Naxçıvana qədər uzanmaqla muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyət daşıyacaq. Azad Ticarət Zonası beynəlxalq yükdaşımada və Avropa–Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqində, “Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasında müstəsna xidmət göstərəcək. Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi nəzərdə tutulur. 
Hazırda nəqliyyat dəhlizləri üzrə ölkəyə daxil olan yüklər Bakı Beynəlxalq Dəniz Ticarət Limanında toplanır, Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilərlə Şərq istiqamətində daşınır. 
Bu gün limanın buraxıcılıq qabiliyyəti ildə 15 milyon ton yük və 100 min konteyner daşımağa imkan verir. Bu göstəriciləri ildə 25 milyon ton yükə və 1 milyon konteynerə çatdırmaq planlaşdırılır. 
Onu da qeyd edək ki, liman Çin hökuməti ilə yaxından əməkdaşlıq edir, keçən il 34 ədəd yükqaldırıcı və yüknəqledici avadanlıq (avtoyükləyicilər, teleskopik konteyner yükləyicisi, çətin relyefli kran və s.) quruma hədiyyə olunub. Bundan başqa, son 2 ildə 30-dək liman əməkdaşı Çində qısa və uzun müddətli təlimlərdə iştirak edib, hazırda iki əməkdaş magistratura təhsili almaqdadır.
Ölkəmizdə logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq, Azərbaycan Şimal–Cənub nəqliyyat dəhlizinin yaradılmasında da fəal iştirak edir. Bununla respublikamız hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevrilir.
Sözügedən nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək.
Şimal–Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi artıq son mərhələyə qədəm qoyub. Bu dəhlizin önəmli hissəsi olan Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. 
Azərbaycan, eyni zamanda, İran ərazisində Astara–Rəşt–Qəzvin dəmir yolunun tikintisinin maliyyələşdirilməsində də iştirak edir. 
Gələcəkdə Şimal–Cənub və Bakı–Tbilisi–Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası nəzərdə tutulur. Qeyd etdiyimiz kimi, Azərbaycan hər iki layihədə fəal iştirakçıdır. Bundan Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Avropa ölkələri, Çin, Qazaxıstan və digər Orta Asiya respublikaları istifadə edəcəklər.
Burada diqqətçəkən bir məqamı xatırlatmaq istərdik. Gələcəkdə Azərbaycan “Rəqəmsal İpək yolu” (“Digital Silk Way”) layihəsinin bir hissəsi olacaq. Məqsəd ətraf ölkələrin transit və “data” marşrutlarının ölkəmizdən keçməsini və burada kəsişməsini təmin etməklə paytaxt Bakını mübadilə mərkəzinə çevirməkdir.
Bu gün Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsi üçün “Rəqəmsal İpək yolu” proqramının icrası davam edir. Bu proqramın əsas vəzifəsi Azərbaycanın telekommunikasiya ekosisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin internetin alışında xarici ölkələrdən asılılığının minimuma endirilməsidir. 
Hazırda Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi prosesi aşağıdakı mühüm istiqamətlər üzrə gedir:
– Avropa, Qara dəniz, Qafqaz, Xəzər və Mərkəzi Asiya regionlarının arasında iqtisadi, ticari, nəqliyyat və logistika əlaqələrinin inkişafı;
– Çin və Avropa İttifaqı arasında ən qısa quru yolu üzərində qurulan multimodal dəhlizin inkişafı;
– Şimal–Cənub nəqliyyat dəhlizinin qurulması;
– Böyük İpək yolu çərçivəsində tranzit yüklərin cəlb edilməsi;
– Logistika və ticarət infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi və tənzimləyici stimullar sayəsində regionda bu sahə üzrə Azərbaycanın daha cəlbedici qovşaq olması;
– Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və TASİM layihələri vasitəsilə Böyük İpək yolunun rəqəmsallaşdırılması;
– müxtəlif nəqliyyat sahələri arasındakı əlaqələrin koordinasiya edilməsi;
– yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasət;
– çoxmodallı (birləşmiş) daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanması və s.
Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, hazırda Azərbaycan Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsi çərçivəsində çox fəal əməkdaşlıq edir. Ötən il Şərq–Qərb marşrutu üzrə ölkəmizin ərazisindən keçməklə, ümumi çəkisi 9 milyon tondan çox olan tranzit yüklərin daşınması bunun bariz ifadəsidir. Qeyri-neft məhsullarının tranzitində daha güclü artım müşahidə olunub. Bu artım 49 faizə bərabərdir. Şimal–Cənub marşrutu üzrə yüklərin tranzitinin həcmində isə 8 dəfə artım qeydə alınıb. Bu rəqəmlər bir daha göstərir ki, tranzit yolların genişlənməsi davam edir, ticarət dövriyyəsi artır, bu da son nəticədə bütövlükdə regionun sosial-iqtisadi inkişafını sürətləndirir. 

 

V.BAYRAMOV, 
“Xalq qəzeti”

 

17 2019 22:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə