Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 360 Bakı şəhəri, 16 avqust 2019-cu il
 
“Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 
“Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanının 1.11-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
 

                                                                         Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il  16 avqust

tarixli 360 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti

hesabına ödənilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Mediasiya haqqında” Azərbaycan Respublika-sının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun 36.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstə-rilməsinə görə ödənilən haqqın və digər mediasiya xərclərinin (bundan sonra – mediasiya xərcləri) dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləş-dirilmiş mənaları ifadə edir.

 

2. Mediasiya xərclərinin dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi

 

2.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu-nun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərcləri dövlət büdcəsində bu məqsədlər üçün Mediasiya Şurasına nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

2.2. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəf fiziki şəxs olduqda mediasiya xərcləri dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir, hüquqi şəxs olduqda isə həmin şəxslərin üzərinə qoyulur.

2.3. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərcləri həmin şəxslərlə ilkin mediasiya sessiyası həyata keçirən və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış mediatorun və ya mediasiya təşkilatının təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında Mediasiya Şurası tərəfindən həmin mediatora və ya mediasiya təşkilatına nağdsız qaydada ödənilir. 

2.4. Mediator və ya mediasiya təşkilatı mediasiya xərclərini dövlət büdcəsi vəsaitləri hesabına almaq üçün aşağıdakı sənədləri Mediasiya Şurasına təqdim edir:

2.4.1. mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin bu barədə ərizəsinin surəti;

2.4.2. mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin həmin xərcləri ödəmək üçün vəsaitinin olmamasını təsdiqləyən sənədin surəti;

2.4.3. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışın və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin surəti;

2.4.4. çəkilmiş xərclər barədə hesabat.

2.5. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin həmin xərcləri ödəmək üçün vəsaitinin olmamasını təsdiqləyən sənəd fiziki şəxsin müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

2.6. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərclərinin ödənilməsi üçün mediator və ya mediasiya təşkilatına ödənilən vəsaitin məbləği “Mediasiya haqqında” Qanunun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğindən artıq olmamalıdır.

2.7. Mediasiya Şurası bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulmuş sənədlərə Şuraya daxil olduğu tarixdən 10 iş günü müddətində baxır.

2.8. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə mediatora və ya mediasiya təşkilatına 5 (beş) iş günü müddətində yazılı bildiriş göndərilir. Çatışmazlıqlar mediator və ya mediasiya təşkilatı tərəfindən bildirişin alındığı tarixdən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır.

2.9. Mediasiya xərclərinin  ödənilməsindən imtina etmək üçün əsaslar olmadıqda, mediasiya xərcləri Mediasiya Şurası tərəfindən müvafiq mediatora və ya mediasiya təşkilatına ödənilir.

2.10. Mediasiya xərclərinin ödənilməsindən aşağıdakı hallarda imtina edilir və bu barədə mediatora və ya mediasiya təşkilatına imtinanın səbəbləri göstərilməklə, 5 (beş) iş günü müddətində yazılı məlumat verilir:

2.10.1. tələb olunan sənədlər tam olmadıqda;

2.10.2. təqdim edilmiş sənədlərdə təhrif olunmuş məlumatlar olduqda.

 

3. Mediasiya xərclərinin ödənilməsi üçün nəzərdə tutulan vəsaitin istifadəsinə dair tələblər

 

3.1. Mediasiya xərclərinin ödənilməsinə ayrılan vəsait bu Qaydada nəzərdə tutulmayan digər məqsədlər üçün istifadə edilə bilməz.

3.2. Mediasiya xərclərinin ödənilməsinə ayrılan vəsaitin il ərzində istifadə edilməyən hissəsi ilin sonunda dövlət büdcəsinə geri qaytarılır.

3.3. Mediasiya Şurası hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, bu Qaydaya uyğun olaraq rüb ərzində faktiki mediasiya xərcləri ödənilən fiziki şəxslərin sayı (adı, soyadı və ünvanı göstərilməklə) və ödənilmiş vəsaitlərin məbləği barədə məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə