Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın xarici ticarət əlaqələri genişlənir

Azərbaycanın xarici ticarət əlaqələri genişlənir

Son 16 ildə Azərbaycanın iqtisadi potensialının güclənməsi, reallaşdırılan diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkəmizin xarici iqtisadi əlaqələrində də müsbət meyillərə təkan verib. Belə ki, xarici ticarət əlaqələrin coğrafiyası genişlənib, ticarətin əmtəə strukturu təkmilləşib. 
Azərbaycanın xarici ticarət sahəsindəki uğurunun bəzi səbəbləri Dünya Bankı tərəfindən hazırlanan “Doing Business-2019” hesabatında aydın şəkildə ifadə edilib. Burada ticarət sahəsi üzrə ölkəmizdə ciddi islahatlar aparıldığı, həmin islahatlar sayəsində xarici ticarət təşkilatları üçün daha əlverişli biznes mühitinin formalaşdığı, gömrük nəzarəti və rəsmiləşdirilməsinin daha operativ, şəffaf tətbiq olunması ilə fiziki gömrük yoxlamalarının minimuma endiyi, biznesin dövlət tənzimləmə mexanizminin səmərəliliyinin artdığı, mövcud resurslardan daha optimal yararlandığı diqqətə çatdırılıb. 
Azərbaycan Respublikası Mərkəzi Bankının “Pul siyasəti” icmalında (yanvar- iyun) da xarici ticarət sahəsindəki uğurlar öz ifadəsini tapıb. İcmalda bildirilir ki, 2019-cu ilin I yarısında Azərbaycanın xarici iqtisadi mövqeyi qeyri-neft ixracının genişlənməsi, neftin dünya bazarında qiymətinin əlverişli olaraq qalması və əsas ticarət tərəfdaşlarında baş verən proseslərin təsiri altında formalaşıb. 
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, hesabat dövründə xarici ticarət dövriyyəsi 27,6 faiz artaraq 17 milyard ABŞ dolları təşkil edib ki, bunun da 9,98 milyard ABŞ dolları (və ya 58,7 faizi) ixracın, 7,02 milyard ABŞ dolları (və ya 41,3 faizi) isə idxalın payına düşüb. 
Xarici ticarət balansında 2,96 milyard ABŞ dolları məbləğində müsbət saldo əmələ gəlib. 
Dövr ərzində 177 ölkə ilə ticarət əməliyyatları reallaşdırılıb. Ticarət dövriyyəsinin 38 faizi Avropa İttifaqı (Aİ) ölkələrinin payına düşüb. 
Aİ ilə ticarət əlaqələrinin 46 faizi İtaliya, 17 faizi İsveçrə, 14 faizi Almaniya, 7 faizi isə İspaniya ilə həyata keçirilib. 
MDB ölkələrinin ümumi ticarət dövriyyəsində xüsusi çəkisi 13 faiz olub. Bu istiqamətdə ticarət dövriyyəsinin 65 faizi Rusiya, 19 faizi Ukraynanın payına düşüb. 
Ticarət əlaqələrinin 49 faizi digər ölkələrlə saxlanılıb. Həmin ölkələr qrupunda əsas tərəfdaşlar Türkiyə (23 faiz), Çin (15 faiz), Hindistan (8 faiz) və İsrail (7 faiz) olub. 

Hesabat dövründə ixrac 15,2 faiz, qeyri-neft ixracı 15,7 faiz artıb. Artım əsasən ixracda əhəmiyyətli paya malik neft-qaz sektoru üzrə nəzərə çarpıb. Belə ki, ixracın dəyəri xam neft üzrə 10,4 faiz, təbii qaz üzrə 1,8 dəfə artıb. 
Dövr ərzində ixracda əsas tərəfdaşlar İtaliya (28,1), Turkiyə (12,4 faiz), Çin (6,9 faiz), Hindistan (6,3 faiz), Almaniya (5,7 faiz), İsrail (5,5 faiz) kimi ölkələr olub. 
Qeyri-neft sektoru üzrə ixracı artan əsas məhsullar pambıq lifi, pambıq iplik, meyvə-tərəvəz və kimya sənayesi məhsulları təşkil edib. 
Hesabat dövründə ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya qoyuluçunda da yüksək göstərici qeydə alınıb. Statistika Komitəsinin məlumatına görə, xarici mənbələrdən əsas kapitala yönəldilən investisiyaların həcmi 2019-cu ilin I yarımilliyində 1757,2 milyon manat ekvivalentində olub ki, bu da ümumi investisiyanın 28,7 faizini təşkil edib.
Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin çox hissəsi Böyük Britaniya, Türkiyə, Rusiya, İran, ABŞ, Yaponiya, Malaziya, İsveçrə və Çexiya sərmayədarlarına məxsus olub. 
Bütün bunlar hökumətin ölkədə investisiya fəaliyyətinin genişləndirilməsini, biznes mühitinin yaxşılaşdırılmasını, sənaye istehsalının artırılmasını və qeyri-neft sektorunun inkişaf etdirilməsini daim diqqətdə saxlamasından xəbər verir. Bununla bağlı qarşıya qoyulan əsas vəzifələr isə sahibkarların ixrac potensialının gücləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir. Məhz bunun nəticəsidir ki, hazırda respublikada qeyri-neft sektorunun şaxələndirilməsi, qeyri-neft sənayesinin inkişafı, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir, xarici ölkələrə ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur. 
Qeyri-neft ixracının stimullaşdırılması, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə indiyədək xarici ölkələrə 29 ixrac missiyası, o cümlədən bu ilin əvvəlindən 4 xarici ölkəyə (Çin, Polşa, Latviya, Qətər) 5 ixrac missiyası həyata keçirilib. Azərbaycan məhsulları 24 beynəlxalq sərgidə nümayiş olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar və sifarişlər əldə edilib, müqavilələr imzalanıb.
Bundan başqa, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi məqsədilə həyata keçirilən səmərəli tədbirlərdən biri də xarici ölkələrdə Azərbaycan ticarət və şərab evlərinin yaradılmasıdır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, 2017-ci ildə Belarusda, 2018-ci ildə Ukrayna, Latviya, Polşa və Çində, bu ilin yanvar ayında isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan ticarət evləri açılıb. Bu ticarət evlərinin hər birində müxtəlif növ Azərbaycan məhsullarının daimi sərgisi fəaliyyət göstərir. Çinin Urumçi və Şanxay şəhərlərində Azərbaycan şərab evləri uğurla fəaliyyət göstərir. Eyni zamanda, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri fəaliyyət göstərir ki, bu da ölkəmizin qeyri-neft ixracının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqi, investisiyaların cəlb olunması baxımından yeni institusional yanaşmadır.

 

“Xalq qəzeti”

 

17 2019 22:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə