Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Strateji valyuta ehtiyatları ildən-ilə artır

Strateji valyuta ehtiyatları ildən-ilə artır

Son illərdə əldə edilən bütün sosial-iqtisadi uğurlar ölkə iqtisadiyyatının dinamik inkişafı, islahatların ardıcıl xarakter daşıması ilə bağlı olub. Hazırda ölkə iqtisadiyyatının dayanıqlılığının şaxələndirilməsinin və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya iqtisadi islahatlar üzrə əsas vəzifə kimi qoyulub. Bu məqsədlə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətlərində bir sıra mühüm qərarlar qəbul edilib. Bütün bunların sayəsində Azərbaycan son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib. 
Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlətimizin başçısı çıxışında ilin əvvəlində qarşıya qoyulan vəzifələrin uğurla gerçəkləşdirildiyini, ölkəmizn inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin reallaşdırıldığını bildirib. Ölkə rəhbəri ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu və bunun özünü rəqəmlərdə də əks etdirdiyini diqqətə çatdırıb. 
Prezident İlham Əliyev nitqində, həmçinin deyib: “Bizim büdcə daxilolmalarımız artır. Eyni zamanda, valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız rekord həddə çatıb – 49 milyard dollar səviyyəsindədir. Bu, bizim böyük sərvətimizdir, böyük uğurumuzdur”.
Dövlətimizin başçısı daha sonra vurğulayıb ki, cari ilin altı ayında valyuta ehtiyatları 4 milyard dollar artıb. Bu vəsaitdən qənaətlə istifadə edilir. Məhz buna görə, hətta böhranlı illərdə, neftin qiyməti aşağı olan vaxtlarda belə Azərbaycanın valyuta resursları qorunaraq artırılıb. Məqsəd isə valyuta ehtiyatlarını ildən-ilə artırmaq və bununla paralel xarici dövlət borcunu kifayət qədər azaltmaq olub: “Bir il ərzində xarici borcumuz 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur. Çünki bəzi ölkələrdə dövlətin xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ki, ona bərabərdir. Bizdə isə bu, 19 faizdir. Biz bu sahədə bundan sonra da çox diqqətli olmalıyıq”. 
Azərbaycanın strateji valyuta ehtiyatları ildən-ilə əhəmiyyətli dərəcədə artır. Bunu son 5 ilin statistik göstəriciləri də sübut edir:
- 2015-ci il - 37 milyard;
- 2016-cı il - 39 milyard;
- 2017-ci il - 41 milyard;
- 2018-ci il - 45 milyard;
- 2019-cu il (6 ayda) - 49 milyard dollar.
Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. Hazırda, yuxarıda vurğulandığı kimi, strateji valyuta ehtiyatlarımız 49 milyard dollar təşkil edir. Belə belə bir göstərici isə ölkənin ümumi daxili məhsulundan daha çoxdur. Bu isə Azərbaycanın həm yüksək beynəlxalq ödəmə qabiliyyətini, həm də yüksək maliyyə təhlükəsizliyini ifadə edir.
Azərbaycanın strateji valyuta ehtiyatlarının artımının dinamik xarakter alması təsadüfi deyil. Bu, əsasən, dövlət başçısının uzaqgörən siyasətinin, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan uğurlu islahatların, investisiya mühitinin əlverişliliyinin nəticəsində mümkün olub. Prezident İlham Əliyev bununla bağlı deyib: “Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyat dayanıqlı surətdə inkişaf etsin, bir sektordan – neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir...”
Bütün bunlar statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, cari ilin yanvar-iyun aylarında ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artıb və nominal olaraq 37,8 milyard manat təşkil edib. ÜDM-in 44,6 faizi sənayedə istehsal olunub. Adambaşına düşən ÜDM-in həcmi 3828,1 manat təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,3 faiz artıb. Hesabat dövründə 18,8 milyon ton əmtəəlik xam neft, 12 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq neft hasilatı 3 faiz, qaz hasilatı isə 35 faiz artıb. 
İqtisadi inkişafın dinamik xarakter almasında kapital qoyuluşu mühüm rol oynayır. Reallaşdırılan investisiya yeni istehsal və xidmət sahələrinin, iş yerlərinin açılmasını şərtləndirir. Nəticədə məhsul istehsalı artır, göstərilən xidmətlərin keyfiyyəti yaxşılaşır. 
Son illər ərzində respublikamızda xarici və daxili investisiyaların iqtisadiyyata cəlb edilməsi istiqamətində müxtəlif proqramlar həyata keçirilib. Məhz elə buna görə də Azərbaycan kapital qoyuluşunda nəinki MDB məkanında, hətta bir çox Şərqi Avropa ölkələrindən öndədir. 

 

 “Xalq qəzeti”

17 2019 22:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə