Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçısının iki mühüm sosial islahat paketi 4 milyon 200 min vətəndaşı əhatə edir

Dövlət başçısının iki mühüm sosial islahat paketi 4 milyon 200 min vətəndaşı əhatə edir

Prezident İlham Əliyevin vətəndaş rifahı naminə inqilabi addımların atılmasını təmin edən iki mühüm sosial islahat paketi 4 milyon 200 min vətəndaşı əhatə edir. Sosial-iqtisadi inkişafda yeni mühüm irəliləyişlərə zəmin yaradan həmin addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat ayrılması nəzərdə tutulub ki, bu da dövlət başçısının insanların rifahına xüsusi diqqətini, qayğısını bir daha göstərir.

Əhalinin sosial şəraitinin yaxşılaşmasına xidmət edən bütün bu tədbirlər, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının dinamik inkişafı istiqamətində aparılan islahatların uğurlu nəticələri, dayanıqlı iqtisadi tərəqqi hesabına əldə edilən imkanlar hesabına reallaşdırılır. 
Cari ilin sosial inkişaf və əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını vurğulayan dövlət başçısının təqdim etdiyi yeni sosial paket bu bəyanatın daha bir real təsdiqi və sosial sahədə yeni inqilabi addımlar olmaqla əhalinin rifahının yaxşılaşdırılması istiqamətində növbəti ciddi irəliləyişlərə imkan verib. Dövlət başçısının bu il iyun ayının 18-də imzaladığı sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının artırılması təmin olunub.
“Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq ki, bununla, həm də minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faiz üstələmiş olacaq.
Bu, 2019-cu il ərzində dövlət başçısının tapşırığı ilə minimum əməkhaqqında edilən artıq ikinci ciddi artımdır. Belə ki, hələ bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial islahatlar proqramının tərkib hissəsi kimi, 2019-cu il 8 fevral tarixli sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılıb. Göründüyü kimi, cari il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılmasına nail olunur ki, bu da mühüm sosial uğur kimi əhalinin rifahına ciddi dəstək deməkdir. Digər tərəfdən, yeni artımla Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerdə qərar tutacaq. 
İyunun 18-də imzalanan digər sərəncamlarla müxtəlif qurumlarda çalışanların əməkhaqlarının cari il sentyabrın 1-dən orta hesabla 20-50 faiz artırılması tapşırılır. Onların sırasına müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri daxildir.
Ümumilikdə, 2019-cu il 18 iyun tarixli sərəncamlarla ölkədə minimum əməkhaqqının, müxtəlif sahələrdə işləyənlərin əməkhaqlarının artırılması 1 milyon 350 minədək insanın əməkhaqqı gəlirlərinin artmasına səbəb olmaqla onların rifahına ciddi dəstəkdir. Həmin insanlardan 1 milyonu dövlət, qalanları isə özəl sektorda işləyənlərdir.
Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.
Eyni zamanda, dövlət başçısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli fərmanında dəyişiklik edilməsi haqqında” bu il avqustun 14-də fərman imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir ki, Prezident İlham Əliyevin bu il təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını gerçəkləşdiriən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Belə ki, bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi.
Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min pensiyaçını əhatə edəcək.
Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək və bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin bu il iyunun 18-də imzaladığı sərəncamlarla dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq-mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və digərlərinin əməkhaqları ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən, xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əməkhaqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən, onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır.
Beləliklə, dövlət başçısı tərəfindən bu il təqdim edilən ikinci sosial paket ümumilikdə, 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasına imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm addımdır.

 

“Xalq qəzeti”

17 2019 22:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə