Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kənd yollarının yenilənməsi uğurla həyata keçirilir

Kənd yollarının yenilənməsi uğurla həyata keçirilir

Azərbaycan Prezidenti  İlham Əliyevin son 15 ildə düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində yol təsərrüfatında  qazanılan uğurlar daha da möhkəmləndirilib, avtomobil magistrallarının tikintisi və yenidən qurulmasına, regionlarda yol şəbəkəsinin  bərpasına xüsusi önəm verilib. Bu isə ölkədə sərnişin və yükdaşımaların keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, iqtisadiyyatın inkişafını sürətləndirib, turizm potensialından səmərəli istifadəni şərtləndirib.

Azərbaycanda yol infrastrukturun inkişafı ilə bağlı tədbirlər 2019-cu ildə də uğurla həyata keçirilir. Bu məqsədlə investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulub. Belə ki, cari il ilkin mərhələdə ümumi uzunluğu 1000 kilometrdən çox olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsinin icra olunacağı nəzərdə tutulub. Bu layihələr sırasında yüzlərlə kənd yollarının, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi planlaşdırılıb.
Prezident İlham Əliyev iyulun 31-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib: “Yol tikintisi Azərbaycanda geniş vüsət alıb. Son 15 il ərzində 15 min kilometr yol çəkilib. Bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur. Təxminən min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. Məndə olan məlumata görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Bu, demək olar ki, Azərbaycanda yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxardı. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə doğrudan da çox böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq”.
Dövlət başçısının “Azərbaycan Respublikasının yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 28 dekabr 2015-ci il tarixli sərəncamı yol təsərrüfatında yeni dövrün başlanması kimi xarakterizə olunmalıdır. Bu sərəncamın imzalandığı vaxtdan keçən qısa dövr ərzində 4,1 milyon nəfər əhalinin yaşadığı və 1318 yaşayış məntəqəsini birləşdirən uzunluğu 3438,2 kilometr olan avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri başa çatdırılıb. 
Bütün bu sadalananlar onu göstərir ki, son 15 ildə ölkə rəhbəri avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına, habelə yenidən qurulmasına xüsusi diqqət yetirməklə bərabər, şəhər və rayonlarda yeni avtomobil yollarının salınmasını, nəqliyyat qovşaqlarının, körpülərin tikintisini daha da sürətləndirməyi qarşıya mühüm vəzifə kimi qoyub.   
Dövlət başçısı çıxışlarının birində deyib: “Yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır, o cümlədən xəstəxanalara insanlar daha da tez çata bilirlər. Yəni, bunun çox böyük əhəmiyyəti var”.
Bu baxımdan bu ilin ilk yarısında yol infrastrukturunun müasirləşdirilməsi prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılıb, bir sıra önəmli layihələr gerçəkləşdirilib. 
Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, hazırda İsmayıllı rayonu ərazisində 2 yol infrastrukturu layihəsinin icrası yekunlaşır. Həmin layihələrinin ümumi uzunluğu 15 kilometr təşkil edir.
Təzəkənd–Ağbulaq–Qoşakənd, həmçinin  Quşencə–Zoğallıq marşrutları üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yollarının yenidən qurulması 5 mindən artıq əhalisi olan 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdıracaq, bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək. 
Şəki rayonunda da 2 yol infrastrukturu layihəsi icra olunur. Qoxmuq–Baltalı–Babaratma–Qaradağlı–Qudula–Daşüz kəndlərini əhatə edən avtomobil yollarının yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Orta Zəyzid–Baş Zəyzid kəndlərini birləşdirən yolda isə təmir işlərinə yenicə start verilib.
Dağ turizmini inkişaf etdirmək məqsədilə dövlət başçısının tapşırığı ilə başlanğıcını Yevlax–Zaqatala–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 96-cı kilometrliyindən götürən Qax–İlisu marşrutu üzrə avtomobil yolunun yenidən qurulması da uğurla davam etdirilir.

 

V.BAYRAMOV, 
“Xalq qəzeti”

17 2019 22:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə