Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pambıqçılığın inkişafı insanların həyat səviyyəsini daha da yaxşılaşdırır

Pambıqçılığın inkişafı insanların həyat səviyyəsini daha da yaxşılaşdırır

Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Son illər qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilməsi kənd təsərrüfatı sahəsində əsaslı dönüş yaradıb. Regionlarda iş yerlərinin sayı xeyli artıb, əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb. Çünki illərlə diqqətdən kənarda qalmış pambıqçılıq, tütünçülük, çayçılıq, baramaçılıq və daha çox valyuta gətirən digər sahələrdə böyük canlanma yaranıb. Əvvəllər regionlarda yetişdirilmiş kənd təsərrüfatı məhsullarının satışında problem olduğu halda, indi həmin məhsullar “Azərbaycan brendi” adı ilə dünya bazarlarına çıxarılır və dərhal da satılır. Digər problem fermerlərin yetişdirilən kənd təsərrüfatı məhsullarını təhvil verdikdən sonra aylarla pulunu ala bilməməsi idi. İndi isə pambıq, üzüm, barama, çayçılıqla məşğul olanlar satdıqları məhsulların pulunu yerindəcə alırlar. Bu da fermerlərə növbəti ildə daha çox məhsul yetişdirmək imkanı yaradır.

Son 5 ildə aqrar sahənin inkişafı üçün aparılan ciddi islahatlar və dövlət proqramlarının qəbulu artıq uğurlu nəticələrini göstərir. İxrac məhsullarının sırasında kənd təsərrüfatı məhsullarının həcmi sürətlə artaraq, demək olar ki, artıq neft məhsullarının ixrac həcminə yaxınlaşmaqdadır.  Kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin, əkin sahələrinin genişləndirilməsinin daim diqqət mərkəzində saxlanılması bu sahəyə daha çox işçi qüvvəsinin cəlb olunmasına əlverişli şərait yaradıb. Bu da işsizliyin aradan qaldırılması kimi ciddi problemin həllində böyük rol oynayır.
Bir vaxtlar boş qalmış, mahlıc sarıdan işini tamamilə dayandırmış pambıq emalı zavodları, tütün qəbulu məntəqələri, Şəki ipək kombinatı, fınqıqtəmizləmə zavodları, çay fabrikləri indi var gücü ilə işləyir, hətta növbəti illər üçün də xammal ehtiyatı toplayırlar. 
Pambıqçılıq həmişə ən gəlirli və daha çox işçi qüvvəsi tələb edən sahələrdən olub. Mövsümi işlərdə bu sahədə çalışanların sayı xeyli çoxalır. Azərbaycan qiymətli bitkinin əkilib – becərilməsində, toplanmasında həmişə qabaqcıl respublikalardan biri olub. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ölkəmiz bir milyon tondan artıq pambıq tədarük etmişdi. Təəssüf ki, ulu öndər Moskvaya gedəndən sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı və Azərbaycanda pambığın tədarükü 500 min tona düşdü. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi digər sahələr kimi, pambıqçılığa da öz təsirini göstərdi. Ölkədə yaranmış özbaşınalıq, kortəbii idarəçilik kənd təsərrüfatını tamamilə məhv etdi. 
Ölkəmiz iqtisadi, siyasi, mədəni və hərbi sahələrdə ciddi böhran keçirirdi. Bu sahələrin dirçəldilməsi ilə bağlı heç bir iş görülmür, proqram qəbul edilmir və qarşıya mühüm vəzifələr qoyulmurdu. Necə deyərlər, ölkəyə rəhbərlik edənlər əllərinə düşmüş bu fürsətdən istifadə edərək şəxsi işləri ilə məşğul olurdular. Ümumiyyətlə, Azərbaycanda yaşanan xaos, anarxiya, hərc-mərclik ölkəmizin inkişafına ciddi problem yaradırdı. Yalnız ­1993-cü ilin ikinci yarısından sonra vəziyyət tədricən yaxşılığa doğru dəyişdi. Dövlət idarəçiliyində zəngin təcrübəsi olan ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafında da qətyyətli addımar atdı, ciddi islahatlar aparıldı. Bu islahatlar sırasında ən önəmlisi kənd təsərrüfatında işləyənlərin vergilərdən azad edilməsi idi. 
Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində tarixən güclü ənənələrə malik olan ölkədir. Ona görə də ulu öndər bir sıra digər sahələrlə yanaşı, aqrar sektorun inkişafının təmin olunmasını prioritet istiqamət kimi bəyan etdi. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə bu sahənin geniş inkişaf imkanlarına malik olmasını şərtləndirirdi. Eyni zamanda, həyata keçirilən səmərəli siyasət sayəsində Azərbaycanın iqtisadi potensialının və maliyyə imkanlarının artması respublikamızda kənd təsərrüfatı sahəsində mövcud imkanlardan istifadə edilməsinə münbit zəmin yaratdı. Ulu öndərin rəhbərliyi ilə aparılan torpaq islahatı, torpaqların əvəzsiz olaraq kəndlilərə verilməsi kənd təsərrüfatında, eləcə də pambıqçılığın inkişafında yeni mərhələnin əsasını qoydu.
Son beş ildə pambıqçılıq, taxılçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, fındıqçılıq və digər ixrac potensialı yüksək olan məhsulların istehsalının daha da artırılmasının əsası həmin dövrdə qoyuldu. Bu gün artıq inamla demək olar ki, kənd təsərrüfatının inkişafında inqilabi dəyişikliklər baş verib. Bu qeydlərimizdə pambıqçılığın inkişafını xüsusi diqqətə çatdırmaq istərdik.
Qeyd etdiyimiz kimi, pambıqçılığın ölkə iqtisadiyyatı üçün çox böyük faydası var. İlk növbədə, çox sayda iş yerləri yaranır, ölkəmizə gətirilən valyutanın miqdarını artırır, qeyri-neft sənayesini inkişaf etdirir, yerli istehsala təkan verir. Pambıqçılıq inkişaf etdikcə, əhalinin məşğulluğu da artır. Ona görə də bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Məhz bu qayğının nəticəsidir ki, iki il ərzində pambıq tədarükü altı dəfədən çox artırılıb. 
2015-ci ildə cəmi 35 min ton pambıq toplanıldığı halda, 2016-cı ildə təqribən 90 min tona yaxın pambıq yığılmışdır. ­2017-ci ildə bu göstərici 207 min tona çatdırıldı. 2018- ci ildə isə pambıq qəbulu məntəqələrinə ölkə üzrə 232 min 231 ton məhsul təhvil verildi . Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur.
Pambığın satınalınma qiymətinin artırılması, dövlət emal müəssisələrinə təhvil verilən pambığın hər kiloqramına görə pambıqçılara 10 qəpik subsidiya verilməsi fermerləri daha da ruhlandırdı və əkin sahələri xeyli artırılıb. Həmçinin pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2018-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata, 3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən 550 manatadək artırılıb. 
Əsas pambıqçılıq rayonlarından biri olan Saatlı rayonunda İslam Qoçəliyev uzun illərdir ki, pambıq əkib-becərməklə məşğuldur. Özünün dediyinə görə, ötən il 44 hektar sahədə pambıq əkmişdi. Hər hektardan 33 sentnetr məhsul əldə etdiyini deyən fermer bu il əkin sahəsini 204 hektara çatdırıb. Kiçik fermerlər də İslam Qoçəliyevlə birləşiblər. 
Pambıqçılığın inkişafı sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin öz bəhrəsini verməkdə olduğunu vurğulayan fermer bildirdi ki, məhsulun əkilməsindən tutmuş yığımına, emal zavodlarına daşınmasına qədər bütün işlər müqavilə bağladığımız zavodun üzərinə düşür: “Lazım olan kənd təsərrüfatı texnikaları və gübrələri güzəştli şərtlərlə alırıq. Bu il kiçik fermerlər də öz istəkləri ilə bizimlə birləşiblər. Əkin sahəmiz ötən illə müqayisədə 5 dəfə artsa da, elə bir çətinliyimiz yoxdur. Bütün işlər vaxtında həyata keçirildiyindən, sahələrdə bol məhsul yetişib. Bu il məhsuldarlıq daha yaxşıdır. Güman edirik ki, ötən ildəkindən də çox məhsul toplayacağıq. Bu il pambıq əkən və əkin sahələrini genişləndirən fermerlərin sayı çoxalıb. Ötən ilin nəticələri bir daha göstərdi ki, pambıqçılıq kənd təsərrüfatında ən gəlirli sahələrdən birinə çevrilib. Bunu pambıqdan əldə etdiyimiz gəlirdən gördük. Hər hektardan 3 min manatdan çox xalis gəlirim olub. Bu il qazancımızın daha çox olacağı gözlənilir”.
Söhbətimizə fermer Ceyhun İslamov da qoşulur:
-- Ötən il 27 hektar sahəyə pambıq əkmişdim. Hər hektardan 43 sentner məhsul götürdüm. “Azərpambıq” ASC Saatlı pambıq emalı zavodu ilə bağladığım müqaviləyə əsasən, məhsulun satışına qədər bütün xərcləri zavod öz üzərinə götürmüşdü. Zavodun xərcini ödədikdən sonra özümüzə xeyli qazanc qaldı. Bundan başqa, sahələrdə çalışanların həyat səviyyəsi xeyli yüksəldi, yeni iş yerləri yaradıldı. Axı, pambıqçılıq ən gəlirli sahələrdəndir. Pambıq toxuculuq, iplik, yağ, kimya və səhiyyə sənayelərinin xammal mənbəyidir. 
Mən bu il 45 hektar sahədə pambıq əkmişəm. Ötən ildəkindən 2 dəfə çox. Sahələrdə yetişdirdiyimiz məhsul ötənildəkindən çox qazanc əldə edəcəyimizdən xəbər verir. Bu il də müqavilə bağladığımız zavod bütün xərcləri öz üzərinə götürüb. Sumqayıt şəhərində böyük gübrə zavodunun fəaliyyətə başlaması işimizi xeyli asanlaşdırıb. İndi özümüzü gübrələrlə təmin edirik. Bu sahədə heç bir çətinliyimiz yoxdur. Bütün bunlar pambıqçılığın inkişafına böyük təkan verir. Dövlətimizin başçısının hər il bir rayonda pambıqçılığa həsr olunmuş müşavirə keçirməsi, qarşıya çıxan problemlərin aradan qaldırılması üçün tapşırıqlar verməsi bizi daha da ruhlandırır. Sağ olsun dövlətimizin başçısı cənab İlham Əliyev. Bizə lazım olan hər cür şəraiti yaradıb. Güzəştli şərtlərlə texnika və gübrə alırıq, subsidiya ayrılır. Biz də çalışıb ölkə iqtisadiyyatının daha da möhkəmləndirlməsinə öz töhfəmizi verir, həm də ailəmizin həyat səviyyəsinin yüksəldilməsinə nail oluruq”. 
Pambıqçılığın inkişafı ilə əlaqədar Dövlət Proqramının qarşıya qoyduğu əsas vəzifələrdən biri 2022-ci ildə pambıq istehsalını 500 min tona çatdırmaqdır. Bununla yanaşı, emal müəssisələrinin genişləndirilməsi və yenisinin yaradılması da nəzərdə tutulur. Bu istiqamətdə işlər davam etdirilir və həyata keçirilən tədbirlər bu vəzifənin layiqincə yerinə yetiriləcəyindən xəbər verir.

 

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

 

17 2019 22:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə