Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Erməni əsgərinin ağ bayrağı: işğalçı ordunun fərarilik və təslimolma simvolu

Erməni əsgərinin ağ bayrağı: işğalçı ordunun fərarilik və təslimolma simvolu

İşğalçı Ermənistan ordusunda özbaşınalıq və qeyri-insani rəftar, sui-qəsd halları yeni mövzu deyil. Ara-sıra bu barədə Ermənistan KİV-i də oxucuları məlumatlandırır. Özbaşınalıqlardan və işgəncələrdən bezmiş hərbi qulluqçular çarəni ya intihar etməkdə, ya da qarşı tərəfə – Azərbaycana keçməkdə görürlər. Bunları görən gənclərin bir çoxu müxtəlif bəhanə və yollarla orduda xidmətdən yayınırlar. 


Azərbaycanın işğal olunmuş ərazilərində xidmət edən əsgərlər də anlayırlar ki, özgə torpağında xidmət etmək və mənasız yerə həyatını puç etməyin sonu birdir: ölüm. Aprel döyüşlərində qəhrəman ordumuzun gücünü görən qarşı tərəf bir daha əmin oldu ki, Azərbaycan əsgəri hər an işğal altında olan torpaqlarını azad etməyə qadirdir. 


Tonoyandan gülünc bəyanat: Hərbi qulluqçumuz azıb…


Bu həftə, dəqiq desək, avqustun 12-də cəbhənin Füzuli istiqamətində fərarilik etmiş erməni hərbi qulluqçu Araik (Aro) Kazaryanın ağ bayraqla Azərbaycan tərəfinə keçib təslim olması işğalçı ordudakı acınacaqlı durumu bütün çılpaqlığı ilə bir daha göstərdi. On doqquz yaşlı hərbi qulluqçu Aro Kazaryanın ağ bayrağı qaldırıb bizim mövqelərə doğru gələrək təslim olması erməni təbliğat maşınının xalqın gözündə yaratdığı “güclü ordu” mifini, heç şübhəsiz ki, alt-üst edir. İlkin dindirmə zamanı Kazaryan xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıqları, hərbi qulluqçulara qarşı mövcud olan dözülməz və qeyri-insani münasibəti etiraf edib və ona görə də bu addımı atdığını bildirib. Əsgərin geyiminə və bədənindəki yaralara nəzər yetirmək kifayətdir ki, işğal altında olan torpaqlarımızda xidmət edən işğalçı ordunun vəziyyətindən xəbərdar olasan.
Lakin hadisədən sonra işğalçı ölkənin müqafiə naziri David Tonoyan jurnalistlərlə söhbətində gülməli bir bəyanat verib: “Şəxsən hesab edirəm ki, hərbi qulluqçumuz azıb.” O, baş vermiş olayı “üzücü hadisə” adlandırıb.
O zaman sual olunur: Azmış əsgər təslimiyyət simvolu olan ağ bayraqmı götürür?! İşğalçı ölkə nazirinin açıqlaması erməni cəmiyyətində ordu ilə bağlı özbaşınalıqları gizlətmək üçün sadəcə yalandır, özü də ağ yalan.
Əksinə, Aro haradan və nədən qaçdığını, həm də hara qaçdığını yaxşı bilirdi.
1994-cü il Ermənistan və Azərbaycan arasında atəşkəs elan edilsə də, qarşı tərəf cəbhənin müxtəlif istiqamətlərində mütəmadi olaraq, atəşkəsi pozur, yaşayış məntəqələrimizi hədəf alır. Bu dövr ərzində müxtəlif şəraitdə Aro kimi könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni hərbi qulluqçular az olmayıb. Hamısı da ordudakı özbaşınalıqdan, onlara qarşı vəhşicəsinə rəftardan şikayət edib. 2015-ci ildə ağ bayraqla könüllü olaraq, Azərbaycan tərəfinə keçmiş Andranik Qriqoryan “Niyə Azərbaycan tərəfinə keçdin?” – soruşanda belə deyib: "Mən mənasız yerə ölməkdən qorxuram. Cəbhə xəttini keçəndə tək deyildim. Mənimlə siz tərəfə keçməyə cəhd göstərən bir nəfər də var idi. Mən daha cəld tərpəndim. Silahı atıb sizə tərəf qaçdım. Onun taleyindən xəbərim olmadı. Güman edirəm ki, artıq sağ deyil. Əsgər çatışmadığına görə postlara mülkiləri yerləşdirirlər. Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni boğaza yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var. Amma açığını deyim ki, burada onları nə gözlədiyini bilmədikləri üçün ürək eləmirlər. Mən də bu addımı atmazdan əvvəl çox düşündüm və qərara gəldim, orada qalıb ölüm saatımı gözləməkdənsə, könüllü təslim olum. Gözlədiyimin tam əksi olaraq burada məni normal qarşıladılar və doyunca yemək-içmək verdilər.” 
Buna bənzər etirafları etmiş onlarca erməni gəncindən sitatlar gətirmək olar. Ordudakı vəziyyəti təkcə çarəni qarşı Azərbaycan tərəfinə təslim olmaqda görən əsgərlər yox, az-çox əsgər valideynləri, eləcə də yerli KİV də etiraf edir. 
Hətta baş nazir Paşinyan hələ ötən il noyabrın 20-də keçirdiyi mətbuat konfransında hərbi hissələrdə mövcud olan acınacaqlı vəziyyətə toxunmuşdu. Dəfələrlə ön xəttə baş çəkdiyini bildirən nazir əsgər yeməyinin “dəhşətli” olduğunu etiraf etmişdi. Lakin problem təkcə bu deyil, işğalçılıq siyasətinə görə regionda önəmli beynəlxalq layihələrdən kənarda qalan Ermənistanda iqtisadi durum da acınacaqlıdır. Üstəlik, orduda özbaşınalıq azmış kimi, valideynlər övladlarının “xidmət” üçün işğal altında olan Azərbaycan torpaqlarına–Dağlıq Qarabağa göndəriləcəyini eşidəndə daha çox narahatlıq keçirirlər. Bilirlər ki, ölkələrinin işğal etdikləri özgə torpaqları onlar üçün yaxşı heç nə vəd etmir. 


Fərari gənclər xaricə üz tuturlar 


Odur ki, Ermənistanda hər il 10 mindən çox gənc orduda xidmətdən yayınır, fərarilik geniş vüsət alıb. Ordudan yayınananlar barədə axtarış elan edilib. 2003-cü ildən etibarən orduda xidmətdən yayınan 9985 çağırışçı hərəyə 29,6 min dollar ödəyərək məsuliyyətdən yaxa qurtarıb. İşğalçı ölkə rəsmən etiraf edib ki, 5 min gənc çağırışçı orduda xidmətdən yayınmaq üçün ölkəni tərk edib. Təkcə bu rəqəm işğalçı ölkənin ordusunda baş verən neqativ halların artıq ört-basdır etməyin qeyri-mümkünlüyünü göstərir. 
“Küçə demokratiyası” ilə hakimiyyətə gələn Nikol Paşinyan da vəziyyəti düzəltmək üçün xaricə üz tutmuş gənclərə səslənib, onları ölkəyə geri çağırsa da, nəticə uğursuz oldu. Çünki gənclər siyasi çəkişmə və oyunların qurbanı olmaq, özgə torpağında ölüb evinə tabutda qayıtmaq istəmir.
“Armenianreport.com” saytında erməni gənclərinin orduda xidmətdən imtina etməsinin səbəblərindən yazan müəllif Qraçya Qalustyan da ( “Ermənistan ordusunda xidmət etmək istəmirsən? Gey ol” 9 aprel 2019) etiraf edir ki, son illər cəmiyyətdə erməni ordusunun nüfuzu aşağı düşüb: “ Cəbhədə döyüş, eləcə də qeyri-döyüş şəraitində çoxsaylı əsgər ölümləri, zabit heyətinin təhqir dolu əməlləri, geniş vüsət almış korrupsiya, “dedovşina” halları, normal yeməyin, forma və geyimin xüsusilə də alt paltarın olmaması; bütün bunlar erməni gəncini orduda xidmət etməkdən uzaqlaşdırıb.” Bütün faktları sadalayandan sonra 2016-cı ildə Azərbaycan Ordusunun inamlı qələbəsi ilə bitən Aprel döyüşlərinə toxunan müəllif dolayı yolla etiraf edir ki, bu döyüş gənclərdə orduya olan inamı da alt-üst edib: “Bir çox erməni əsgərin öldüyü  Aprel döyüşlərini də bu siyahıya daxil etmək lazımdır. Əlbəttə, erməni gəncləri belə orduda xidmət etmək və Qarabağda qurbana çevrilmək istəmirlər. Maddi imkanı olan ailələr oğullarını orduda xidmətdən yayındırır ya da “elit” hərbi hissələrə arxa cəbhəyə saldırırlar.”
Elə avqustun 8-də Gümrüdə hərbi hissələrdən birində orkestrdə xidmət edən Samvel Meclumyanın evində intihar etmiş halda tapılması da orduda qurbanların artacağından və vəziyyətin gərginləşəcəyindən xəbər verir.
Göründüyü kimi, işğalçı ölkədə ordu sistemindəki vəziyyət dalana dirənib. Bu dalandan çıxmaq və münaqişənin həllində beynəlxalq norma və qətnamələri heçə sayan hakimiyyətin qurbanı olmamaq üçün yüzlərlə gənc xilas yolunu “fərarilik”də görür. 

 

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

17 2019 22:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə