Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Makroiqtisadi və maliyyə sabitliyinin qorunması diqqət mərkəzindədir

Makroiqtisadi və maliyyə sabitliyinin qorunması diqqət mərkəzindədir

Azərbaycan Respublikası Mərkəzi Bankının “Pul siyasəti” icmalında (yanvar- iyun) bildirilir ki, yeni qlobal iqtisadi reallıqlara uyğun olaraq, son illərdə həyata keçirilən davamlı tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılıb. Tədiyə balansı tarazlaşıb, valyuta ehtiyatlarına təzyiq azalıb, milli valyutanın xarici dəyəri sabitləşib və inflyasiya gözləntiləri səngiyib. 

İcmalda vurğulanır ki, cari ilin I yarısında Mərkəzi Bankın pul-məzənnə siyasəti ölkədə yaradılan makroiqtisadi sabitliyin qorunmasına yönəldilib. Pul siyasətinin son hədəfini makroiqtisadi sabitliyin əsas göstəricisi olan inflyasiyanı nəzərdə tutulan səviyyədə saxlamaq təşkil edib. 
Azərbaycandakı inflyasiya ticarət tərəfdaşı olan ölkələrdəki orta inflyasiyadan əhəmiyyətli şəkildə aşağı olub ki, bu da manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərməklə rəqabət qabiliyyətini dəstəkləyib. 
Mərkəzi Bank cari ildə özünün pul-məzənnə siyasətini əlverişli beynəlxalq konyunktur, profisitli tədiyə balansı və strateji valyuta ehtiyatlarının artması şəraitində həyata keçirib. Bu ilin I yarısında xarici ticarət balansında müsbət saldo qeydə alınıb, ixracın artımı monetar qızıl çıxılmaqla qeyri-neft idxalının artım tempini üstələyib. 
Hesabat dövründə xarici sektor göstəricilərinin yaxşılaşması valyuta bazarında tələb-təklif nisbətinə təsir göstərən başlıca amil olub. Monetar şəraitin yumşaldılması prosesi ilin I yarısında davam etdirilib ki, bu da makroiqtisadi sabitliyi qorumaqla iqtisadi artımın dəstəklənməsinə yönəldilib. 
Sözügedən dövrdə yaradılan makroiqtisadi sabitlik, eyni zamanda, iqtisadi fəallığa müsbət təsir göstərib. Bunun nəticəsində iqtisadi artım davam edib, xüsusən də qeyri-neft sektorunun ticari sahələrində iqtisadi fəallıq müşahidə olunub. 
Bu ilin ilk yarısında ölkə iqtisadiyyatına investisiya qoyuluşu 6131,6 milyon manat təşkil edib. Qeyri-neft sektoruna isə 3772,7 milyon manat həcmində vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5,1 faiz çoxdur. Cəmi investisiya qoyuluşlarının 46,6 faizi dövlət, 53,4 faizi özəl sektorun payına düşüb. 
Əsas kapitala yönəldilən investisiyaların 71,3 faizi daxili mənbələr, 28,7 faizi isə xarici mənbələr hesabına formalaşıb. 
Hesabat dövründə əsas kapitala yönəldilən sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri (56, 7 faiz) üstünlük təşkil edib. 
İqtisadi fəallığın yüksəlməsi meyli 2019-cu ilin birinci yarısında da davam edib. Qeyri-neft sektorunda iqtisadi artım başlıca olaraq ticari sahələr hesabına baş verib. 
Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artıb və nominal olaraq 37,8 milyard manat təşkil edib. ÜDM-in 44, 6 faizi sənayedə istehsal edilib. Adambaşına düşən ÜDM-in həcmi isə 3828,1 manat olub. 
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,3 faiz artıb. Hesabat dövründə 18,8 milyon ton əmtəəlik xam neft, 12 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq neft hasilatı 3 faiz, qaz hasilatı 35 faiz artıb. 
Qeyri-neft sektorunda ­2019-cu ilin I yarısında yaradılan əlavə dəyər 2018-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 3,2 faiz artıb və nominal olaraq 22,3 milyard manat təşkil edib. Onun ÜDM-də xüsusi çəkisi 59 faizə çatıb. 
Hesabat dövründə qeyri-neft sektorunun əksər sahələri üzrə artım qeydə alınıb. Kənd təsərrüfatı, informasiya və rabitə kimi sahələrdə daha yüksək artım nəzərə çarpıb. 
Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac potensialının artırılması, regional siyasətin davam etdirilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının, şəffaflığın gücləndirilməsi kimi məsələlərə daha çox önəm verilir. Bütün bunlarla bərabər, büdcənin sosialyönümlü xarakter daşıması da diqqət mərkəzində saxlanılır. Bu da təsadüfi deyil. Çünki indiyədək respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifahının təmini istiqamətində reallaşdırılan ardıcıl tədbirlər milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə həyata keçirilən islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkəmizin məşğulluq strategiyasının səmərəliliyinə əlverişli şərait yaradıb. 

 “Xalq qəzeti” 

17 2019 22:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə