Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqının yeni layihəsi aqrar sektorun inkişafını daha da sürətləndirmək məqsədi daşıyır

Avropa İttifaqının yeni layihəsi aqrar sektorun inkişafını daha da sürətləndirmək məqsədi daşıyır

Makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı müstəqil Azərbaycanın daha da qüdrətlənməsində mühüm önəm daşıyır, ölkəmizin dünyada nüfuzunu daha da artırır.  
Azərbaycan hazırda bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, Avropa İttifaqı (Aİ) ilə sıx əməkdaşlıq edir. Dövlət başçısı tərəfindən müəyyən olunan Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri bu qurumla səmərəli və davamlı əməkdaşlığın inkişaf etdirilməsidir.
Xatırladaq ki, Aİ ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarıdır. Son 10 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi bu təşkilatın üzv dövlətlərinin payına düşüb.  
Prezident İlham Əliyev hələ 2014-cü ilin iyun ayında Aİ ilə əlaqələrimizi xarakterizə edərək bildirib ki, Azərbaycan Aİ-yə mümkün qədər yaxın olmaq arzusundadır. Bu, bizim üçün strateji mahiyyət daşıyan məsələdir və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır.
Azərbaycan bu gün Aİ ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu istiqamətlərdə 1992-ci ildən Azərbaycana 582 milyon avro məbləğində yardım göstərilib. 
Azərbaycan ilə Aİ arasında aqrar sahədə ticarət dövriyyəsinin həcminin artırılması da diqqət mərkəzində saxlanılır. Ötən il respublikamızla  bu qurum arasında aqrar sahədə ticarət dövriyyəsinin həcmi 240,7 milyon dollar təşkil edib. Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmini artırmaq üçün böyük potensial mövcuddur. Azərbaycana ötən il bu ölkələrdən 166 milyon dollarlıq məhsul idxal olunub, Azərbaycandan isə 74,7 milyon dollarlıq ixrac həyata keçirilib. Cins heyvan, içkilər, uşaq yeməkləri, tərəvəz konservləri idxalın əsasını təşkil edib. İxracın 96 faizi fındığın, 1,7 faizi nar şirəsinin payına düşüb.
Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyi Aİ ilə birgə “Azərbaycanda kənd yerlərinin inkişafı üzrə milli siyasətin gücləndirilməsi” Tvinninq Layihəsinə başlayıb.
Nazirliyin məlumatında bildirilir ki, layihənin əsas komponentləri kənd yerlərinin inkişafı və kənd təsərrüfatına dövlət dəstəyinin müəyyənləşdirilməsi, proqramlaşdırılması və idarə edilməsidir. İki il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihəyə İtaliya, Polşa və Litvadan olan mütəxəssislər cəlb olunub.
Xatırladaq ki, nazirlik indiyədək Avropa İttifaqı ilə birlikdə bir sıra layihələri uğurla həyata keçirib. İyirmi  ildən artıq müddətdə davam edən əməkdaşlıq geniş təcrübə mübadiləsinə imkan verib. Yeni başlayan layihə isə Azərbaycanda kənd təsərrüfatının inkişafında, bu sahə üçün əhəmiyyətli olan kadrların hazırlanması və biliklərin artırılmasında xüsusi rol oynayacaq.  
Aİ-nin respublikamızdakı Nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Simona Gatti yeni layihənin Azərbaycanın kənd təsərrüfatının və kənd yerlərinin inkişafı potensialının davamlı artımına mühüm töhfə verəcəyinə əminliyini bildirib. O qeyd edib ki, layihənin müxtəlifliyi ona ətraf mühiti və kəndin mədəni irsini qorumağa imkan yaradacaq. Eyni zamanda, bu layihə respublikada kənd həyat səviyyəsinin yaxşılaşdırılmasına, ərzaq təhlükəsizliyinin yüksəldilməsinə müsbət təsir göstərəcək, bazara çıxışı və beləliklə də ticarət perspektivlərini artıracaq.  
Tvinninq Layihəsinin  əsas məqsədi Aİ tərəfindən ümumi kənd təsərrüfatı siyasətinin uğurlu mexanizmlərinin və ən yaxşı təcrübələrinin müəyyənləşdirilməsi yolu ilə Azərbaycanda kənd yerlərinin inkişafının həyata keçirilməsi istiqamətində milli siyasət və vasitələrin gücləndirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə dəstək verməkdir. 
Qeyd edək ki, layihə kənd təsərrüfatına dair strategiya və siyasətin hazırlanması, habelə kənd yerlərinin inkişafının təşviqi ilə yanaşı, Aİ təcrübəsinə əsaslanan informasiya texnologiyaları prosedurlarının və əlverişli inzibati mühitin inkişaf etdirilməsi, eyni zamanda, müvafiq kadr potensialının qurulmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsi məqsədilə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

 

“Xalq qəzeti”

16 2019 22:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə