Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır

Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır

Əlbəttə, xarici siyasətimizin və nəinki xarici siyasətimizin, ümumiyyətlə, siyasətimizin əsas məsələsi Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı dəfələrlə fikirlərimi bildirmişəm. Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və xalq da bu mövqeyi dəstəkləyir, bəyənir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsinə, bəzi beynəlxalq təşkilatların ikili standartlarına, aclıq və səfalət içərisində yaşayan işğalçıların yaranmış vəziyyətdən çıxmasına kömək edənlərin riyakarlığına baxmayaraq, Azərbaycan öz mövqeyində qətidir və güzəşt limitinin bitdiyinə görə geriyə heç bir addım atılmayacaq.

BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrindən sonra müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin hamısı tam gücü ilə qüvvədədir. Münaqişənin həlli üçün vasitəçilik edən dövlətlərin təşəbbüsü ilə tarixə düşən “Madrid prinsipləri”, “Kazan formulu” və “Vyana danışıqları” da heç kəs tərəfindən inkar edilməyib. Təbii ki, təkcə Ermənistan həmin sənədlərin icrasına mane olmağa çalışır ki, bu da köhnə bayatıdır. Qalan hər şey öz qüvvəsindədir. 
Yeri gəlmişkən, bu ilin may ayında Milli Məclisdə keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirmişdi ki, Kazan prinsiplərinə əsasən, Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafında işğal olunmuş yeddi rayonu qaytarmalı idi: “Dağlıq Qarabağa müvəqqəti status verilməli, oradan hərbçilər çıxarılmalı, ATƏT-in sülhməramlı qüvvələri təmas xəttində dayanmalı idi. Hazırda Kazan prinsipləri ətrafında danışıqlar gedir”. 
Markovun dediyinə görə, ötən müddətdə Azərbaycan sürətlə inkişaf edib. Azərbaycanın iqtisadiyyatı və ordusu daha güclüdür, əhalisi 10 milyon nəfərə çatıb: “Hazırda Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən daha artıqdır. Bu, Azərbaycan Ordusunun Dağlıq Qarabağı işğaldan azad etmək üçün müharibəyə hazır olduğunu göstərir. Kazan prinsipləri və digər prinsiplər ətrafında münaqişə həll olunmasa, Azərbaycan Ordusu müharibəyə hazırdır”.
Sergey Markov həmin tədbirdən sonra da Dağlıq Qarabağ münaqişəsi barədə dəfələrlə müsbət fikirlər səsləndirib. Məsələn, onun mətbuata verdiyi müsahibələrin birində qeyd edilir ki, indiyədək heç bir ölkə Dağlıq Qarabağı ayrıca müstəqil dövlət kimi tanımayıb: “Dağlıq Qarabağ münaqişəsi dondurulub, çünki burada nə silahlı qüvvələr hərəkət edir, nə də sülhməramlı qüvvələr yerləşdirilib. Amma bunu dondurulmuş da hesab etmək olmur, çünki burada hadisələr baş verir. 2016-cı ilin aprelində, həqiqətən, müharibə baş verdi, təmas xəttində uzun müddət olmasa da, 4 gün ərzində yüzlərlə əsgər və mülki əhali həyatını itirdi. Lakin sonradan Moskva Azərbaycan və Ermənistan rəhbərliyinə bir necə dəfə zəng etdi ki, müharibə dayandırılsın”.

 

Əlbəttə, bu münaqişənin həlli ilə bağlı aparılan danışıqlar barədə, xüsusən, danışıqlarda ölkəmizin tutduğu mövqe haqqında ən dəqiq ifadələri Prezident İlham Əliyevdən eşitmək mümkündür. Dövlət başçımızın fikrincə, Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və xalq da bu mövqeyi dəstəkləyir, bəyənir: “Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir, status-kvo dəyişdirilməlidir. Mən şadam, Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri, xarici işlər nazirləri, digər nümayəndələr artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Çünki status-kvo Ermənistanı qane edir, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu status-kvo əbədi qalsın. Onlar istəyirlər ki, bu danışıqlar sonsuz olsun. Yəni, görüntü, imitasiya naminə danışıqlar aparılsın”. 
“Nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Biz buna heç vaxt imkan verməyəcəyik” – deyən dövlət başçımız Ermənistan dövlətinə heç bir güzəştə gedilməyəcəyini bildirir. Lakin əlavə edir ki, Dağlıq Qarabağda yaşayan ermənilərə güzəştə getməyə hazırdır: “ …Onlar orada necə yaşayırlar, elə də yaşasınlar. Düzdür, Ermənistan rəhbərliyi bizim mövqeyimizi öz xalqına həmişə təhrif edərək çatdırır. Amma mən bir daha demək istəyirəm, bizim mövqeyimiz ondan ibarətdir ki, kim harada yaşayıb orada da yaşamalıdır”.
Xatırladaq ki, Azərbaycanın dünya miqyasında multikulturalizm, dini, milli tolerantlıq baxımından nümunəvi ölkə olmasını hamı alqışlasa da, Ermənistan rəhbərliyi bu həqiqəti qəbul edə bilmir. Dövlət başçımızın fikrincə, Ermənistanın siyasi rəhbərliyi, millətçi qruplar, Azərbaycana daim nifrətlə yanaşan insanlar bütün bu müsbət meyilləri pozmaq, üzərindən xətt çəkmək istəyirlər: “Ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və hesab edirəm ki, Vyana görüşü uğurlu görüş idi. Biz gözləyirik ki, tezliklə, vaxt itirmədən çox ciddi, vasitəçilərin dedikləri kimi, substantiv, yəni, mənalı danışıqlar başlasın”.
Sonda bildirmək istəyirəm ki, Nikol Paşinyanın harada və hansı cəfəngiyyatı dilə gətirməsindən asılı olmayaraq, dünya ictimaiyyəti və Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll ediləcəyinə inanır və bunun uzaqda olmadığını hamı bilir. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

16 2019 22:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə