Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Azərbaycanın innovasiyalar, müasir idarəetmə yolu ilə inkişafına xüsusi önəm verilir

Bu gün Azərbaycanın innovasiyalar, müasir idarəetmə yolu ilə inkişafına xüsusi önəm verilir

Prezident İlham Əliyevin son 16 ildə ulu öndərin strategiyasından qaynaqlanan sosial-iqtisadi siyasəti keyfiyyətcə yeni prioritetləri müəyyənləşdirərək, innovasiya əsaslı inkişaf modelinə keçidi şərtləndirib, yüksək rəqabət qabiliyyətli və diversifikasiya olunan iqtisadiyyatın formalaşmasını sürətləndirib. Azərbaycanda yaradılan böyük iqtisadi potensial və aparılan məqsədyönlü islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadi idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər iqtisadiyyatın davamlı inkişafını təmin edib.

Dövlət başçısı tərəfindən təsdiqlənən, başlıca məqsədi isə uzunmüddətli perspektivdə ölkənin davamlı sosial-iqtisadi inkişafının reallaşdırılması ilə yüksək sosial rifah olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, məqsədli dövlət proqramları, strategiyalar, konkret tədbirlər planları, kompleks və davamlı iqtisadi islahatlar ölkədə innovativ və bilik iqtisadiyyatının formalaşması, idxaldan asılılığın maksimum dərəcədə azaldılması, biznes mühitinin əlverişliliyinin artırılması, investisiyaların cəlbi və digər istiqamətlərdə mühüm işlərin həyata keçirilməsinə hüquqi və iqtisadi zəmin yaradıb. 
Respublikada reallaşdırılan iqtisadi siyasətin və islahatların davamlılığını gerçəkləşdirmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” təsdiq edilib. Bu mühüm sənəd iqtisadiyyatın bütün sahələri, həmçinin insan kapitalının inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması kimi əsas istiqamətləri əhatə edib. 
Son illər dövlət siyasətinin prioritet istiqamətlərindən biri də müasir texnologiyaların tətbiqinə əlverişli şəraitin yaradılmasıdır. Bu məqsədlə hazırda ölkədə elektron hökumət sisteminin inkişaf etdirilməsi məqsədilə vacib addımlar atılır, dövlət qurumları tərəfindən vətəndaşlara e-xidmətlərin göstərilməsinə və xidmətlərin keyfiyyətinin artırılmasına böyük əhəmiyyət verilir.  
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iyulun 31-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Bu istiqamətdə bütün lazımi tədbirlər görülür. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları da qeyd edirlər. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər də göstərir ki, hazırda iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır.   
Müşavirədə müasir idarəetmə əsasında reallaşdırılan bir sıra sosial-iqtisadi tədbirlər haqqında ətraflı bəhs edilib. Cari il yanvar ayının 1-dən etibarən respublikada avtomatik pensiya təyinatına başlanıldığı bildirilib. 
Xatırladaq ki, bu gün sözügedən qayda ilə vətəndaşlar hər hansı bir ünvana getmədən, hər hansı bir müraciət etmədən pensiya təyinatlarını ən səmərəli və sürətli şəkildə əldə edilirlər. Yaxın gələcəkdə müavinətlərin  təyinatında da  avtomatlaşdırma tədbirlərindən istifadə ediləcəyi gözlənilir.  
Azərbaycanda sosial xidmətlər sahəsində həyata keçirilən innovativ tədbirlərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) yaradılması və ilk DOST mərkəzinin istifadəyə verilməsidir. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə reallaşan və bununla vətəndaş məmnuniyyətinə doğru keyfiyyətcə yeni mərhələ açan DOST layihəsi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti 
Mehriban xanım Əliyevanın təşəbbüsüdür. Bu layihə dövlət sosial xidmətlərinin innovativ təqdimat üzərindən, vahid platformadan, bir pəncərədən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və sadə prosedurlar əsasında göstərilməsinə xidmət edir.
İlk DOST mərkəzinin açılışında Prezident İlham Əliyev sosial sahənin Azərbaycan dövləti üçün prioritet olduğunu, bu sahəyə çox böyük diqqət göstərildiyini, aparılan islahatların artıq real nəticələr verdiyini xatırladaraq, eyniadlı agentliyin yaradılmasının həmin istiqamətdə çox önəmli islahat olduğunu vurğulayıb və növbəti illərdə agentliyin fəaliyyətinin genişləndirilməsinin vətəndaşlar tərəfindən yüksək qiymətləndiriləcəyinə əminliyini bildirib: “Bizim siyasətimiz, demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir.
Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.
Yeri gəlmişkən, 2019-2025-ci illərdə Bakıda və regionlarda 31 DOST mərkəzinin istifadəyə verilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Artıq gələn ildən bölgələrdə belə mərkəzlərin qurulmasına başlanacaq. Həmin mərkəzlər “bir pəncərə” prinsipi üzrə 2,8 milyon şəxsə əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə 126 növdə xidmət göstərəcək.
Hazırda paytaxtda və bölgələrdə yaradılan 15 “ASAN xidmət” mərkəzi də rəqəmsallaşma və innovasiyalar əsasında fəaliyyət göstərir. Həmin mərkəzlərdə 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. 
İndiyə qədər “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 30 milyonu ötüb, 1 milyon 850 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. Bu ilin mayında “ASAN xidmət” mobil tətbiqi istifadəyə verilib. Bununla da vətəndaşların əlavə vaxt itkisinin, habelə məsrəflərinin qarşısı alınıb və “ASAN xidmət” mərkəzlərinin idarəedilməsində səmərəlilik artırılıb.  
İqtisadi sahədə də innovativ tədbirlərə, müasir idarəetməyə mühüm önəm verilir. Aqrar sektorda bu məsələ xüsusi diqqətdə saxlanılır. 
Sosial-iqtisadi sahə ilə bağlı müşavirədə bu istiqamətdə görülən işlər haqqında çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, innovativ texnologiyaların geniş tətbiqi məhsuldarlığın artmasına müsbət təsir göstərib.  Məsələn, cari təsərrüfat ilində dislokasiya sisteminin qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara “GPS” quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da yüksək olub. Ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner çox məhsul əldə edilib.  
Aqrar sahədə innovativ texnologiyaların tətbiqindən danışarkən, bir yeniliyi də xatırlatmaq istərdik. Respublikada ilk dəfə olaraq Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin rəhbərliyi ilə ozonlaşdırma texnologiyası hazırlanıb. Milli Aviasiya Akademiyasının təşəbbüsü ilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun mütəxəssisləri tərəfindən ozonlaşdırmanın kənd təsərrüfatında tətbiqi əsasında taxıl istehsalının az məsrəflə, habelə ekoloji təmiz üsullarla artırılması, məhsulun ekoloji təmiz və itkisiz saxlanılması üzrə elmi-tədqiqat və sınaq işləri aparılıb, mühüm nəticələr əldə edilib. 
Respublikamızda çəltik əkinlərinin elmi əsaslarla həyata keçirilməsi ilə bağlı son illər xeyli iş görülüb. Hazırda bu sahədə əl əməyi, demək olar ki, aradan qaldırılıb. Əkindən başlayaraq, məhsulun yığımına kimi, bütün proseslər mexanikləşdirilib. Məsələn, ötən il respublikada, ilk dəfə olaraq, cənub bölgəsində çəltik şitilləri Koreyadan gətirilən ən müasir maşın və mexanizmlərdən istifadə edilməklə əkilib və biçilib. Müasir texnologiyanın tətbiqi nəticəsində keçən il çəltiyin əkin sahəsi 2017-ci illə müqayisədə 2 dəfədən çox artırılaraq, 5,1 min hektara çatdırılıb. İstehsal 2,9 dəfə yüksələrək (10,6 min ton) 16,2 min tona çatıb və orta məhsuldarlıq 31,1 sentner/hektar olub.  
Artıq ölkəmizdə pambığın da innovativ texnologiya əsasında yetişdirilməsinə başlanılıb. Ucarda bu il təcrübə üçün ayrılan 10 hektarlıq pambıq sahəsi  Çin texnologiyası əsasında, Beyləqan rayonunun  Mil Təcrübə Stansiyasında isə innovativ texnologiya (damlama suvarma sistemi) ilə becərilib.

 

V.BAYRAMOV, 
“Xalq qəzeti”

16 2019 22:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə